“QƏRB RUSİYANI HÜCRƏYƏ SALIB, AĞZINI BAĞLAYA BİLƏR” - “Qərbin müəyyən qədər silahlı müdaxiləsi də baş verəcək”

Ukrayna ətrafında hərbi-siyasi gərginlik davam edir. Bu həftə ABŞ və NATO Rusiyanın təhlükəsizlik təminatına dair tələblərinə yazılı cavab verib. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov elan edib ki, Qərbin cavabı onları qane etməyib və bundan sonra atılacaq addımlara dair Prezident Putin qərar verəcək.

Belə bir həssas məqamda Kreml Vladimir Putinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçilik təklifini qəbul etdiyini və Ankaraya gedəcəyini açıqlayıb. Həmçinin R.T.Ərdoğanın fevralın 3-də Ukraynaya səfəri gözlənilir. Bütün bunların fonunda Türkiyənin vasitəçiliyi sayəsində Ukrayna ətrafında vəziyyətin müəyyən qədər sabitləşməsi mümkün görünür.

“AzPolitika.info” bu mövzunu sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli ilə müzakirə edib. Müsahibəni təqdim edirik:

- Qabil bəy, Ukrayna ətrafında hərbi-siyasi gərginlik davam edir. ABŞ və NATO Rusiyanın son ultimatumlarına rəsmi cavab versə də, bu cavab Moskvanı qane etmədi və ictimaiyyətə açıqlanmadı. ABŞ və NATO-nun Moskvaya cavabı Ukrayna ətrafındakı proseslərə hansı təsiri göstərə bilər?

- Əslində, kollektiv Qərbin Kremlə verdiyi cavab açıqlanmasa da, onun bir hissəsi məlumdur. Rusiya qarşısında tələb qoyulur ki, Dnestryanı regiondan, Donetsk və Luqanskdan çıx, Krımı boşalt, Abxaziya və Osetiyadan ordunu çıxar və Qarabağdakı qoşunlarını geri çək. Yerdə qalanları da ümumi təxmin etmək olar. Bu mənada ki, ruslara deyirlər dünyanı qarışdırma, beynəlxalq münasibətləri və hüquq normalarını pozma. Əvvəl şifahi şəkildə dediklərini indi cavab məktubuna yazıblar. Açıq mesaj veriblər ki, aqressiv addımlar atılacaqsa, bu, Rusiya üçün ağır nəticələr yaradacaq. Bu ağır nəticələrin də bəzilərini sadalayırlar. Məsələn, Rusiyanın beynəlxalq pulköçürmə - SWIFTsistemindən çıxarılması və digər maliyyə sanksiyaları. Ən vacibi isə, başda Prezident Putin olmaqla, Rusiya rəhbərlərinə sanksiya tətbiq edilməsi. Bu o deməkdir ki, Vladimir Putin, bir neçə ölkəni çıxmaq şərti ilə, xarici səfərlərə gedə bilməyəcək.

Rusiyta üçün ən qorxulusu odur ki, Qərb Ukraynanı silahlandırmaqda davam edəcəyini bildirib, mesaj verib ki, bölgədə vəziyyətin kəskinləşəcəyi təqdirdə buna müvafiq addımlar atacaq. Başqa sözlə, bu gün, başda ABŞ olmaqla, sənaye baxımından inkişaf etmiş yeddi ölkə, o cümlədən Vyetnamdan tutmuş Yaponiyaya qədər çoxsaylı ölkələr Rusiyanın aqressiv hərəkətlərini pisləyir, ona qarşı cavab tədbirləri görəcəklərini açıq elan edirlər. Mənim qənaətimcə, Rusiya öz ətrafında formalaşmaqda olan reallıqları dərk edir. Onun müəyyən hədələri, əzələ oynatması, şantajları müvəqqəti xarakter daşıyır.

Rusiya başa düşür ki, indiyə qədər üzləşmədiyi bir vəziyyətlə üzləşib, bunu Prezident Bayden də açıq söyləyir. Bu şərait Rusiya üçün ağır nəticələr törədə bilər. Təhlillərimə əsaslanıb deyərdim ki, bu nəticələr Rusiya üçün dağıdıcı və öldürücü ola bilər. Ölkənin siyasi rəhbərliyi arasında ciddi təlatümlər yarana, daxildə xalqın narazılıqları yüksək səviyyəyə çata bilər. Nəzərə almaq lazımdır ki, Rusiyada 300-ə qədər millət və xalqın nümayəndəsi yaşayır. Bu xalqlar cüzi fürsət yaranan kimi müstəqilliyə can atmağa, bunun üçün mübarizə aparmağa başlaya bilər. Bu da Rusiya üçün fəlakətli ssenari olardı. 

- Nazir Serqey Lavrov deyib ki, onlar ABŞ-dan qaneedici cavab almayıblar və bundan sonrakı addımlara dair Prezident Putin qərar verəcək. Hansı qərarlar verilə bilər?

- Mənə görə, onların özləri üçün cızdıqlarlı "qırmızı xətlərin" böyük hissəsi uydurmadır və bütün bunlar təhlükəsizlikdən daha çox imperialist ədalarına söykənir. Bu, həm də dünyada fövqəldövlət statusuna sahiblənmək və dünyanın taleyini həll etmək istəyidir. Yaxşı, sən Kiyevi ittiham edirsən ki, NATO-nu sərhədlərimə gətirirsən. Bəs, niyə Ukraynanın şərq ərazilərini ilhaq edir, separatçılara silah və vətəndaşlıq pasportları paylayırdın? Niyə Krımı ilhaq edirdin? Halbuki, ABŞ-ın şərti budur ki, Rusiya işğal etdiyi torpaqlardan - Gürcüstandan, Moldovadan, Ukraynadan qoşunlarını geri çəksin, əvəzində ona təhlükəsizlik zəmanəti, üstəlik, bu ərazilərdə NATO-nun bazalarının olmayacağına dair təminat verilir. İş o yerə çatıb ki, ABŞ-a deyirlər sən Baltikyanı ərazilərdən, Rumıniya və Bolqarıstandan çıxmalısan. İştah dişin altındadır, gələndə sərhəd tanımır. Fərz edək ki, NATO Ukraynanı, Moldovanı, Cənubi Qafqazı sənə güzəştə gedə bilər. Bəs, sənin Avropa Birliyinə və NATO-ya üzv olan Şərqi Avropa ölkələrilə nə işin var? Bunu sənə kim güzəştə gedər?

Burada vacib bir məqam da var. İndi təkcə hərbi savaş, rəqabət deyil, həm də dəyərlərin mübarizəsi gedir. Rusiya hansı mütərəqqi siyasi sistemi, dəyərləri, meyarları ilə dünyaya sahiblənmək istəyir? Bunlar, əlbəttə, düşündürücü məsələlərdir. Odur ki, Moskva son qərarını həm də bu reallıqları hesablayıb verməli olacaq.

- Ukraynaya hücum olacağı nə dərəcədə real görünür?

- Mən belə bir hücum gözləmirəm. Rusiyada vəziyyəti ciddi qavrayan və strateji səviyyədə onu qiymətləndirməyi bacaran strateqlər, böyük politoloji təfəkkürə malik insanlar az deyil. Onlar başa düşürlər ki, Ukraynaya hücum SSRİ-nin Əfqanıstana hücumundan dəfələrlə artıq rezonans doğuracaq, üstəlik, Rusiya boğazına qədər bataqlığa girəcək. Ukraynanın 280 minlik nizami ordusu var, bu ordu yüksək səviyyədə hazırlanıb, üstəlik, Qərbin 5-ci nəsil silahları ilə təchiz edilib. Hücum edən tərəf də bir qayda olaraq daha çox itkilər verməli olur. Luqansk və Donetskin ərazisini keçmələri çətin olacaq. Belarus ərazisindən də hücum nəzərdə tuturlar, amma bu da baş tutmayacaq. Əvəzində Rusiyaya qarşı böyük sanksiya maşını işə düşəcək. Mən bəzi məqamları demək istəmirəm, ancaq Qərbin müəyyən qədər silahlı müdaxiləsi də baş verəcək. Britaniya Baş naziri Boris Conson deyir ki, bir neçə əsgər tabutu Rusiyaya gedəndən sonra anaların ah-naləsi ərşə qalxacaq. Bu hallar sözsüz ki, ölkədə həyəcanlanmanın göstəricilərindən biridir. Rusiyada çoxlu sayda millətlər yaşayır. Bu millətlərin nümayəndələri də hərbi mükəlləfiyyətə cəlb edilib. Məsələn, rusların azsaylı xalq saydığı tatarların şəhəri Kazana bir neçə tabut gəlsə, bunun hansı zəncirvari reaksiyalar verəcəyi məlumdur. Rusiyada ağıl və zəka sahibləri bunu qiymətləndirirlər.

- Rusiyanın tələblərinin əksinə olaraq NATO qoşunları Şərqi Avropada yeni mövqelərə çıxarılır, daha müasir silahlarla təmin edilir. Bu davranışla NATO Moskvanın tələblərini rədd etdiyini nümayiş edirir, yoxsa ehtiyat tədbirləri görür?

- Rədd cavabı deməzdim. Bu, daha çox Rusiyaya onun təhlükəsizliyinin hədlərini bildirmək reaksiyasıdır. Yəni bizim Rusiyaya qarşı aqressiv niyyətlərimiz yoxdur, ancaq xalqların öz suveren inkişaf yolunu seçmək, hansısa bloklara qoşulmaq hüququ var. Ukrayna xalqı kiçik xalq deyl, Avropanın böyük xalqlarından biridir. Məgər bu xalqın öz müqəddəratını təyin etmək, inkişaf yolunu seçmək hüququ yoxdur?

Rusiya kənardan Ukrayna kimi böyük xalqa “inkişaf yolunu biz müəyyən edirik” deyə bilməz. Bu, beynəlxalq hüquqa, millətlərin suverenlik haqqına uyğun gəlməyən yanaşmadır. Həm də Rusiyaya yazılı surətdə təminat verirlər ki, sənin təhlükəsizliyini hədələyən heç bir addım atmayacağıq. Hələ Ukraynanın NATO-ya üzvlüyünü də gecikdirəcəyik. Amma bu şərtlə ki, Donetsk və Luqanskdan çəkil. Eləcə də yaratdığın digər münaqişə ocaqlarından qoşunlarını geri çək. Latviya Prezidenti deyir ki, Rusiya qonşu xalqların yaşamaq hüququnu tanımır, bu xalqların iradəsini azad ifadə etməyə imkan vermir. Rusiya bunları həqiqətən də edir. Rusların sayı ukraynalıların sayından bir neçə milyon artıqdır. Ukrayna ilə müqayisədə Rusiyanın yalnız nüvə silahı artıqdır. Mənim fikrimcə, Qərb istədiyi vaxt Rusiyanı hücrəyə salıb, ağzını bağlaya bilər.

- Belə gərgin fonda Prezident Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankarada müzakirələr aparmaq təklifini qəbul edib. Ukrayna Prezidenti Volodimir Zelenskinin də bu təklifi qəbul edəcəyi gözləniləndir. Sizcə, Putin “şərəflə geri çəkilmək” yolunu tutur, ya necə?

- Bəli, mənim zənnimcə, bu, müsbət haldır. Putinə belə təklif əvvəllər də olmuşdu, amma o, bu təklifi qəbul etmirdi, deyirdi ki, problem Ukrayna ilə Donetsk və Luqansk arasındadır, onlarla müzakirə aparsınlar. Amma indi Putin bu təklifi qəbul edir və Türkiyəyə gələcəyini açıqlayır. Hər halda Ərdoğanın təklifinin qəbul edilməsi, məncə, münasibətlər sistemində düyünün açılması deməkdir. Adətən bədii əsərdə kuliminasiya nöqtəsindən sonra hadisələrin sadələşməsi və açılması baş verir. Məncə, indi müzakirə etdiyimiz hərbi-siyasi böhran kuliminasiya nöqtəsinə çatdı, qırılma baş verdi və indi tədricən hadisələrin sadələşməsi və açılması müşahidə edilməlidir. Əlbəttə, buna geri çəkilmə demək olmasa da, Rusiyanın əvvəlki şantaj və hədə-qorxularının daha işləməyəcəyini demək olar. Bundan sonra Ukrayna və Rusiya beynəlxalq münasibətlərin ayrılmaz hissəsi olan normal danışıqlar prosesinə gedəcək. 

- İki gün öncə rusiyalı və ukraynalı diplomatlar Parisdə görüşsələr də, nəticə əldə edilmədi və növbəti görüşün Berlində keçirilməsi qərara alındı. Bu kontekstdə Ərdoğanın təşəbbüsü hansısa nəticələrə gətirib çıxara bilərmi?

- Putinin Ankaraya getməsi həm beynəlxalq münasibətlər sistemində qardaş ölkə üçün böyük qələbədir, həm də Türkiyənin xüsusi çəkisinin artmasını, beynəlxalq siyasətdə dinamik rol oynamasını göstərən meyarlardan biridir. Əlbəttə, Qərbin müəyyən dairələri, məsələn, Fransa ola bilsin ki, Ankaranın bu jestini normal qəbul etməsin. Amma məncə, Qərb Putinin bu addımını və Ərdoğanın təşəbbüsünü normal qiymətləndirməli və müsbət fürsət kimi qəbul etməlidir. Həm də bu fürsətdən Ukrayna yararlanaraq, düyünün açılmasına doğru getməlidir. Bu prosesdə Prezident Ərdoğan ən düzgün olanı etdi və onun təşəbbüsü müharibənin qarşısının alınması baxımından mühüm əhəmiyyətə malikdir.

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

S.Əhmədov 2022-01-31 16:05:23

QABİL MÜƏLLİM POLİTEXNİK İNİSTUTDA BİZİİM MÜƏLLİMİMİZ OLUB.SAVADLI,TƏMİZ BİR İNSAN KİMİ XATIRLAYIRAM.

Tahir 2022-01-30 09:18:56

Bu Qabil hec ixtisasinida bilmir. Protessordu e ozude ...

BKM 2022-01-29 20:43:12

Normal ölkələr vaxtında qeyri- normal Rusiyanı yerində oturtmalı idi!

Veteran 2022-01-29 19:21:38

Tamamilə doğru yanaşmadır.Buna görə Sizə Qabil müəllim təşəkkür edirik.

Eli 2022-01-29 16:08:56

ABŞ ve Avropanın esas meqsedlerinden biri Rusiyanı tekleyib öz şertlerini diqte etmekdir.Mence bu proses SSRİ- nin dağılması prosesinin davamudur ve çıx güman ki Rusiyanın dersi verilecek, ve o layiq olduğu yerde de berqerar olacaqdır.Bu da zaman meselesidir.

Oxucu. 2022-01-29 14:06:50

Qardaş bəs gündəlikdə necə qalsın?

Mubariz 2022-01-29 10:23:02

Qabil muellim en taxsi Siz proqnoz vermeyin.Hemise 100 % eksi olur.

Son yazılar