QOCA, GET! DAHA BƏSDİR!

Elxan ŞÜKÜRLÜ

Qocalıq, uzun ömür insana mükafat yox, bəzən həm də ən ağır cəza olar. İnsan var - tez ölümü onu ucaldar, şöhrətə çatdırar; insan da var - uzun ömrü, qocalığı onu hörmətdən salıb alçaldar!

Bəli, həyat sübut edir ki, müdrik, abırlı, ləyaqətli və imanlı insanlar qocalığı, yaşlanmağı Allahın lütfü bilər, yaşadığı ömrün hər anını cavanlığında etdiyi günahların bağışlanması üçün ona verilmiş bir fürsət sanar, ahıllıq çağını daha çox zikrə, ibadətə, yaxşılığa və xeyirxahlığa həsr edər. Ən böyük duaları da o olar ki, heç kimə əziyyət vermədən, rahatca bu dünyadan köçsün, rəhmət qazansın, xoş xatirələrlə anılsın...

Vallah, biz kəndimizdəki qocalarımızdan, yaşlılarımızdan bunu görmüş, bunu eşitmişik. Ona görə də qocalığa hər adamın gedib çata bilmədiyi müqəddəs bir zirvə kimi baxmış, qocalara hörməti ən böyük ədəb və əxlaq nümunəsi saymış, ağsaqqal sözünü-kəlamını isə Quran hökmündə bilmişik...

Ancaq indi gəlib burada – paytaxt Bakıda, dövlətimizin və siyasətimizin qos-qoca, ağsaqqal simalarından qocalığın parlaq şöhrətini deyil, həm də insanı necə gözdən, urvatdan və hörmətdən salan, işgəncəyə çevrilən bir hal olduğunu heyrətlə müşahidə edirik!

Görürük ki, müdrik ola bilməyən, dünyagir, mal-mülk və sərvət hərisi olan, axirətə inanmayan, tutduğu vəzifəyə insan ömrünü uzadan Allah kimi baxan, bu səbəbdən qırsaqqız olub kreslosundan yapışan birisinin ömrünü uzatmaqla Allah adama necə zülm edir, əzab-işgəncə verir, qaldırıb yerə çırpır, çırpır, bir də çırpır...!

İnanın, əgər indi artıq rəsmən 84 yaşını haqlamış akademik Ramiz Mehdiyev 2019-cu ildə Prezident Administrasiyasındakı vəzifəsindən hörmətlə, ölkənin ən ali mükafatı sayılan “Heydər Əliyev” ordeni də döşünə taxılıb yola salınan zaman Prezident İlham Əliyevin çağırışına uyğun olaraq sakitcə kənara çəkilib, özünü nəvələrinə və Allaha ibadətə həsr etsəydi, indi ölkənin ən hörmətli və sevimli adamına, ağsaqqalına çevrilmişdi! Vallah, elə çağırışını eşitdiyinə və sözünə sayğı göstərdiyinə görə, hər kəsin xidmətini mükafatlandırmaqda əvəzsiz nümunə göstərmiş rəhmətlik Heydər Əliyevin özündən sonra dövləti əmanət etdiyi oğlu, daxilən yüksək mədəniyyətə və minnətdarlıq hissinə malik Prezident İlham Əliyevin özü onu ən hörmətli şəxsə çevirəcək, başı-gözü üstə saxlayacaqdı; Mehdiyevin Novxanıdakı əsrarəngiz iqamətgahı isə “Ölkənin “Dərin Dövlət”inin Ağsaqqalı”nın əyləşdiyi ən mötəbər məsləhət-məşvərət ünvanına dönəcəkdi!

Ancaq Allah bunun qəfildən ağlınımı aldı, bu özü Şeytanamı uydu, ya hikkəsinəmi yenik düşdü, bilmirəm, bircə onu görür və bilirəm ki, Mehdiyev Prezident Administrasiyasından çıxarılıb təzədən AMEA prezidenti təyin olunduğu gündən üzübəri hər keçən gün özü özünü rüsvay və ifşa etməklə, hörmətdən-urvatdan salmaqla, alçaltmaqla məşğuldur!

Baxın, adam 2019-cu ilin 23 oktyabrında çox hörmətli şəkildə vəzifəsindən ona görə uzaqlaşdırıldı ki, guya, Prezidentin yaşlı məmurları könüllü istefaya getmək çağırışına dəstək verir, digərlərinə də nümunə olacaq. Hətta o vaxt AMEA-da yerinə keçdiyi 85 yaşlı Akif Əlizadə açıqca bəyanat da vermişdi ki, o, öz postundan məhz Prezidentin gənclərə yol açmaq çağırışına dəstək üçün istefa verir, yerinə də gənc adam gələcək!

Ancaq 85 yaşlı Əlizadənin “gənclərə yol açırıq” deməsindən sonra 81 yaşlı Mehdiyevin gedib onun yerində əyləşməsi təəccübdən hər kəsin gözlərini kəlləsinə çıxarmışdı. Daha bu qədər yox də: 85 yaşlı Qoca gedir, yerinə 81 yaşlı Qoca gəlir, bu da olur islahat, gəncləşmə siyasəti!

Elə o vaxtdan da hər kəsin dalağı sancmışdı ki, bu Qoca dövlətçilik hissindən kənardır, Prezidentə sədaqəti haqda nağılları da uydurma və qeyir-səmimidir, onun qətiyyən vəzifədən çəkilmək niyyəti yoxdur, elə ölənəcən də vəzifədə qalmaq arzusundadır!

AMEA-da otura-otura, islahat çağırışından xeyli ümidlənmiş cəmiyyətimizin böyük gözləntilərinin kökləndiyi 2020-ci ilin 9 fevralında keçirilən növbədənkənar parlament seçkilərinə aşkar müdaxiləsi isə hər kəsə onu aydınlaşdırmışdı ki, Mehdiyevin dövlət üzərində təsir imkanları çox böyükdür və proseslərə təsiretmə, xüsusən də “yenilər”i gözdənsalma və sabotaj mexanizmini də əməlli-başlı əlində saxlayır: yenə istədiyi adamları parlamentə keçirə, istədiyinin qarşısını kəsə, şəbəkəsindəki icra başıçıları və ya nazirlərlə istədiyi vaxt rahatca danışıb vəziyyəti öz lehinə dəyişə bilir...

Mehdiyevin Prezidentin irdəsi əleyhinə gedə biləcək gücdə olduğunu, hələ dövlət aparatına təsirini saxladığını nümayiş etdirmək üçün pandemiya qadağalarının pik dövründə - 2020-ci ilin 18 avqustunda nəvəsinə keçirdiyi məlum toy mərasimi isə onun Əliyevlərlə artıq bütün mənəvi ipləri, bağları qırmağa hazır bir sima olduğunu göstərirdi. Ancaq başı müharibə hazırlıqlarına qarışmış Prezident İlham Əliyev yenə də səbrli davrandı, onun göstərişini ayaq altına atmış Mehdiyevin sevimli və toppuş kürəkəninin qoluna qandal vurdurtdurub, onu gözüyaşlı halda məhkəmə salonunun önünə çıxarmaqla kifayətləndi, həddini aşmış Qocanın özünə də son xəbərdarlığını etmiş oldu!

İndisə belə görünür ki, Mehdiyev Prezident Əliyevin bu xəbərdarlığından da nəticə çıxarmayıb! Onun bugünlərdə özünün yazıb, sonra da AMEA-nın saytı vasitəsilə ictimailəşdirdiyi açıqlamasında, əslində, birbaşa Prezident Əliyevin və dövlətin özü, özülü hədəfə alınır!

Bu Qoca öz şəxsi marağı, vəzifə və sərvət hərisliyi ucbatından, hikkəsindən, qurucusu olduğu sistemin qanlı və üfunət qoxuyan dişli çarxının altında əzilməsinə dözməyib, qiyam bayrağı qaldırır, dövləti açıqca şantaj edir artıq!

Baxın, görün, bu Qoca özünü və sayıqlığını hansı həddə itirib, nə hala düşüb ki, 44 günlük savaş dönəmində Prezident Əliyevə birmənalı dəstək verən partiyaları 1 ildir “avtobus müxalifəti” adlandırıb ələ salan, lağ edən şəbəkənin pozğun ağzıyla, iftiraçı diliylə, arqumentləriylə danışır! Bircə qalıb, birləşib, meydana çıxmaları!

Halbuki bu gün “avtobus müxalifəti” deyib aşağıladığı kəslər, o cümlədən mən, 12-13 il əvvəl Ramiz Mehdiyev - Eldar Mahmudov qarşıdurmasında MTN-in quldur dəstəsindən çəkinməyərək, sinəmizi qabağa verib bu Qocanı aşkarca müdafiə etmiş, ona yönəlmiş hücumları dəf etmişdik... Ona görə ki, ipi yad əllərdə olan Eldar Mahmudovun ən murdar və namərd adamlarla üzərinə hücum çəkdiyi Mehdiyevi dövlətin sütunu, özəyi, sipəri sanmış, onu qorumağı isə vicdan işi bilmişdik!

İndisə Mehdiyev bu davranışlarıyla nəinki onun ovaxtkı əleyhdarlarına haqq qazandırır, hətta onu vaxtilə səmimi şəkildə müdafiə etmiş hər kəsi belə, iyrəndirərək, ondan üz çevirmələrinə səbəb olur, onlara dərin peşimançılıq hissi yaşadır.

Hikkəli və şantajçı davranışları göstərir ki, Mehdiyev qətiyyən dövlət adamı deyilmiş, yanılmışıq! Çünki gerçək dövlət adamı, üzərinə nə qədər basqı gəlir-gəlsin, heç vaxt öz şəxsi maraqları naminə qurucularından olduğu, başında əyləşdiyi dövlətini şantaj etməz, onun sirlərini satmaz, mərhəmlərini, gizlinlərini açıb-tökməz, ölkənin düşmənlərinə pas verməz!!!

Satırsa, dövlətin sirrini açırsa, demək ki, dövlət adamı yox, sadəcə, dövlətin içindəki xain başlardan daha biridir!

Məncə, dövlətin gerçək sahibinin də artıq bu anda hərəkətə keçmə və ölkədə tamamilə yeni, tərtəmiz bir səhifə açma zamanıdır!

Qazaxıstandakı hadisələr zamanı küçələrə tökülən insanların Nazarbayevə ünvanladıqları “Qoca, get!” şüarını indi bizim dövlətin özü çəkinmədən ortaya çıxıb, cəsarətlə Mehdiyevin birbaşa özünə deməlidir. “Qoca, get!” demək üçünsə Qazaxıstandakı kimi, xaricdən ordu dəvət etməyə də ehtiyac yoxdur! 44 günlük Qarabağ savaşı bu dövlətə baş qaldıranların başını quduz it başı kimi əzəcək cəsur oğullarımızın, yenilməz Ordumuzun varlığını artıq hər kəsə göstərdi!

İndi sadəcə onlara tapşırıq vermək lazımdır ki, məhz onlar desinlər: “Qoca, get!”

Getməzsə, öncə onun boynuna taxılmış “Heydər Əliyev” ordenini çıxarmaq gərək…

Qoca, get, daha bəsdir!

635x100

Şərhlər

Tagı Boz qurd 2022-04-06 03:17:55

Stalin demişkən ...Xainlər həbs edib... lazımdır !!!

kim 2022-02-13 21:25:25

Allaha ibadətə sərf etmək? Kiminləsə səhv salırsız

Ali 2022-02-13 20:28:18

Elxan bəy yazır R. M. "Şeytanamı uydu"? Ay bala, anadangəmə Şeytanın özü olan necə olur Şeytana uyur? Elxan bəyin bu personanın nə vaxtsa halal, düzgün, millətin xeyrinə çalışdığına dair hansı sübutları var ki, belə yazır?

Ahıl 2022-02-13 16:55:49

Ramizin bir boy buxununa, sonra da əməllərinə baxın! Hara gedirb eee. Təzə komandası hələ indi indi AMEA-nın budcəsini söküb dağıdırlar! Katibliyin rəisi Eldar Əmirov, Ramizin köməkçisi Lalə Əhmədova, aparat rəhbəri Seyfəl Həsəsonv, İşlər idarəsinin müdiri Fikrət Əliyev, kİtabxananın direktoru Məmməd Əliyev, daha kimlər...

Kama 2022-02-13 16:05:01

Bu kaftar butun millətin qəzəbinə tuş gəlib. Göresen bu hərəkəti ilə övladlarından nəvələrindən utanmirmi. Göresen fikirləşmirmi öz nəsli nəcabətini bu milləttin düşməninə ceivirib

Bashirov Qarib 2022-02-13 15:42:54

Nazarbayevi Mehdiyevlə muqayisə etmək mümkün deyil....

Son yazılar