Menu

Putinin Ukrayna üzərində "Domokl qılıncı"... - Kreml separatçı rejimləri tanıyacaqmı?

16.02.2022, 15:41
Putinin Ukrayna üzərində "Domokl qılıncı"...  - Kreml separatçı rejimləri tanıyacaqmı?

Rusiya Dövlət Duması Prezident Vladimir Putinin Ukraynanın separatçı "Donetsk və Luhansk respublikalarını" tanımasını istəyir. Duma bu məsələyə baxması üçün dövlət başçısına müraciət edib. Bu təklif Ukraynaya əsas təsir vasitəsi hesab olunur.

BBC redaktoru Paul Kirby yazır ki, Rusiya separatçı ərazilərdə yaşayan 720 000 adama öz pasportunu verib və beləcə, oradakı əhalini Moskvaya daha da yaxınlaşdırıb. Ancaq müstəqilliyin tanınması dramatik bir qərar olar və Kiyevlə sülh əldə edilməsinə olan bütün ümidlərə son qoyar.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna ilə sərhəddə yerləşən bəzi qoşun hissələri hərbi manevrləri bitirəndən sonra öz bazalarına qayıdırlar. Ancaq Ukrayna xarici işlər naziri Dmitro Kuleba deyib ki, Rusiya bütün qoşunlarını geri çəkməlidir.

"Bizdə belə qayda var: Eşitdiyinə yox, gördüyünə inan", o, jurnalistlərə bildirib.

Bu addım Ukrayna ətrafında Qərb və Rusiya arasındakı gərginliyin azalmasına dair ümidləri artırsa da, NATO hələ ki, geri çəkilməyə dair heç bir əlamət görmədiyini deyir. Bu arada Avropa İttifaqı Moskvanın təhlükəsizlik problemlərini müzakirə etməyə hazır olduğunu bildirir.

Yaranmış durumu "AzPolitika.info"ya şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Vladimir Putin Qərb liderlərindən aldığı müxtəlif xəbərdarlıqlar qarşılığında Ukrayna ilə sərhəddən qoşunlarını geri çəkməyə qərar verib. Ancaq Dövlət Duması Donbass separatçılarını tanımaq məqsədilə Kreml sahibinə müraciət edib. 

"Bəllidir ki, Dövlət Dumasında çoxluq Putinin nəzarəti altındadır. Deməli, Dövlət Duması məhz Kremlı sahibinin istəyi ilə “separatçıların tanınması müraciətinin” məhz fevralın 15-də ona təqdim edilməsini təşkil edib"- deyə, ekspert qeyd edib.

E. Şahinoğlu vurğulayır ki, Kreml sahibinin bir neçə məqsədi var: "Birincisi, Qərbin təzyiqləri qarşısında tam güzəştə getmədiyini göstərmək;

İkincisi, Ukraynaya qarşı təzyiqi “separatçıları tanıyaram ha...” formasında davam etdirməkdən ibarətdir.

Putin “domokl qılıncını” Kiyevin başı üzərində saxlayacaq. Onun separatçıları rəsmən tanıması Minsk razılaşmalarından çıxması anlamına gələcək. 

Putin hazırda bu addımı atmaq istəmir, çünki özü Kiyevdən həmin razılaşmaların yerinə yetirilməsini tələb edir. Ancaq Kreml sahibi “separatçıları tanıya biləcəyi” alətini daima əlində saxlayacaq ki, istənilən an ondan istifadə edə bilsin".

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol