Menu

Ədalət Partiyası Xocalı soyqırımının təşkilatçılarına qarşı xüsusi əməliyyatların keçirilməsini zəruri sayır

25.02.2022, 15:37
Ədalət Partiyası Xocalı soyqırımının təşkilatçılarına qarşı xüsusi əməliyyatların keçirilməsini zəruri sayır

1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni-rus hərbi birləşmələrinin həyata keçirdiyi soyqırımın 30 illiyi ilə bağlı Ədalət Partiyasının Siyasi Şurası hakimiyyətə müraciət edib.

Müraciətdə deyilir:

“Ermənistanın Azərbaycana qarşı terrorçu və işğalçı siyasətinin ən bariz dəlil-sübutlarından biri olan və XX əsrin ən böyük genosid aktlarından sayılan Xocalı soyqırımının törədilməsindən 30 il keçir.

30 il əvvəl - 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə erməni silahlı birləşmələri Rusiyanın Xankəndində yerləşən 366-cı polkunun köməyindən də istifadə etməklə, azərbaycanlılar arasında kütləvi şəkildə qorxu xofu, vahimə yaratmaq və öz doğma torpaqlarını tərk etməyə məcbur etmək məqsədiylə Xocalı şəhərinin aralarında 63 azyaşlı uşaq, 70 qoca və 106 qadın olmaqla 613 nəfər dinc sakinini milli və dini mənsubiyyətinə görə xüsusi amansızlıqla qətlə yetirib, 125-nin taleyi hələ də bilinməyən 1275 nəfəri girov götürüb və girovlara da misli görünməmiş işgəncələr verilib, ləyaqətləri alçaldılıb. İndiyədək aparılmış istintaq materialları, əldə edilmiş dəlil-sübutlar, şahid ifadələri və eləcə də bu qətliamı təşkil edən erməni hərbçi və siyasətçilərin etirafları Xocalı genosidinin təşkilatçılarının və icraçılarının kimliklərinin çevrəsini tam şəkildə müəyyənləşdirsə də, təəssüf ki, aradan 30 il keçməsinə baxmayaraq, onlar hələ də törətdikləri bu ağır cinayətə görə cəzalarını almayıblar.

Tək təsəllimiz 2020-ci ilin 27 sentyabr - 10 noyabr aralığındakı 44 günlük Qarabağ savaşında torpaqlarımızın işğaldan azad edilməsi, bu işğalçıların, terrorçu və separatçıların bir qisminin döyüş meydanında məhv edilməsi olsa da, təəssüf ki, hələ də nə Xocalı sakinlərinin qanının töküldüyü yerləri ziyarət edə, nə də bu soyqırımı həyata keçirənlərin cəzalandırıldığını görə bilirik.

Ədalət Partiyası hesab edir ki, öz hərbi-siyasi gücünü düşmənə göstərmiş Azərbaycan dövlətinin qarşısında indi həlli vacib bir nömrəli məqsəd tezliklə Xocalıya qayıdışımızı təmin etmək, eyni zamanda, Xocalı genosidinin əsas təşkilatçılarının – Serj Sarkisyanın, Robert Koçaryanın, Seyran Ohanyanın və onların göstərişlərini icra etmiş canilərin hər birinin tutulub gətirilərək məhkəmə önünə çıxarılması və ya dünyanın harasında olurlarsa belə, xüsusi əməliyyatlarla zərərsizləşdirilməsi hədəfi durmalıdır.

Bu sahədə digər dünya ölkələrinin oxşar təcrübəsinə istinad edən Ədalət Partiyası hesab edir ki, Azərbaycan xüsusi xidmət orqanları Xocalı genosidinin təşkilatçılarının tutulub gətirilməsi və ya onları olduqları yerlərdə cəzalandırılması işinə təkcə dinimizin bizə verdiyi qisas haqqı, mənəvi borc kimi yanaşmamalı, həm də millətimizin və dövlətimizin şərəfinin, ləyaqətinin qorunması vəzifəsi bilməlidirlər!

Ədalət Partiyası bu qənaətdədir ki, Xocalı qatillərinin tezliklə tutulub gətirilməsi və ya xüsusi əməliyyatlarla olduqları, yaşadıqları yerlərdə nümayişkaranə cəzalandırılmaları erməni faşizminin və separatizminin torpaqlarımızda yenidən baş qaldırmasının qarşısını kəsəcək ən yaxşı önləyici tədbirlər, həm də əhalimizdə təhlükəsizliyinin, milli qürur və şərəfinin qorunması işinin əmin əllərdə olduğuna inamı da gücləndirmiş olacaq.

Bütün bunları nəzərə alaraq, Ədalət Partiyası Azərbaycan rəhbərliyini gecikmədən Silahlı Qüvvələrimizə, xüsusi xidmət qurumlarımıza belə əməliyyatların keçirilməsi tapşırığını verməyə və onun da məsuliyyətindən çəkinməməyə çağırır.

Əminik ki, Qarabağ savaşında düşmənin belini qırmış cəsur övladlarımız Xocalı qatillərinin sağkən tapılıb cəzalandırılması işini də tezliklə ləyaqətlə və yüksək peşəkarlıqla yerinə yetirəcəklər!

Allah millətimizin şərəfini qorumaq missiyasını öz üzərinə götürəcək o cəsur övladlarımızı qorusun!"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol