Menu

AZƏRBAYCAN - QARANLIQDAN İŞIĞA DOĞRU

26.02.2022, 15:29
AZƏRBAYCAN - QARANLIQDAN İŞIĞA DOĞRU

I hissə 

Tarixin qanlı izləri yaddaşlara hopsa da Azərbaycan genetik kodlarından süzülüb gələn humanizm ideyalarını və sülhpərvər missiyasını nümayiş etdirir.

Azərbaycan ləyaqəti milli və bəşəri intibahın, elmi və texniki inqilabın, lokal və qlobal təkamülün, regional və beynəlxalq tərəqqinin və sülhün fövqündədir. Azərbaycan həqiqəti dünyada Şərq klassikliyi ilə Qərb müasirliyinin vəhdətini təcəssüm etdirir.

Dünyanın öz inkişafının növbəti mərhələsində dəyişkən münaqişələr məkanına qədəm qoymasına baxmayaraq, sivilizasiyalararası qarşıdurmanın kəskinləşməsinə, məntiqin, klassik idealizmin, darvinizmin iflasına və onların xarabalıqları üzərində yeni mifologemlərin qələbə təntənəsinə, habelə sosial virusların təhlükəsinə baxmayaraq, ən nəhayət, müharibəyə və tökülən qanlara baxmayaraq, Azərbaycan hər bir situasiyaya möhkəm dayanan, tab gətirən və davamlı inkişaf edən sabitlik adası olaraq qalmaqdadır. Ən başlıcası, xeyirin şər üzərində çaldığı qələbənin ən yeni tarixini yazan və yayan zəfərlər ölkəsidir. Əslində, bu şərhə ehtiyacı olmayan yüksək ləyaqət və parlaq həqiqətdir.

Azərbaycan daxili sakitliliyin və müdrikliyin sirrini özündə hələ də qoruyub saxlamaqdadır. Bütün əsas dinlərin - tanrıçılığın və atəşpərəstliyin, maniliyin və iudaizmin, xristianlığın və islamın məziyyətlərini praktiki olaraq özündə cəmləşdirən gerçək tarixi fəlsəfəmiz budur. Təkamülün müasir dövrünün mürəkkəb şəraitində millətin minilliklər boyu və bu gün də yaşamasına kömək edən sönməz ruhunun, qloballaşmanın müxtəlif siyasi elitalar, transmilli şirkətlər, maliyyə qrupları arasında maraqların və qarşılıqlı fəaliyyətin tarazlaşdırılmasına əsaslanan çağdaş ideyalarının ən yeni mahiyyəti budur.

Odlar Yurdu Azərbaycan ta qədimdən indiyədək birgəyaşayışı, multikultural xüsusiyyəti və tolerant düşüncəni yaşadan və zənginləşdirən, qabaqcıl dünyagörüşü və sülhü dəstəkləyən, milli və bəşəriliyin harmoniyasından doğan sülhpərvər ölkədir.

Azərbaycan xalqının həmrəyliyi fitrətdən güc alır və dildə, işdə, fikirdə birlikdən xəbər verir. Biz qonaqpərvərliyimizlə insanpərvərliyimizi və vətənpərvərliyimizi, öz tarixi keçmişimizi, zəngin irsimizi ortaya qoyuruq.

Azərbaycan ilk insan məskənlərindən biri olan Azıx mağarası - maddi-mənəvi mədəniyyət abidəsi ilə tarixə həkk olub. Xalqımız kainatı müsbət mənada dəyişən bir çox kəşflərə imza atıb və yeniliklərə möhürünü vurub. Qürurverici məqam isə bütün bunların bir sahədə deyil, müxtəlif istiqamətlərdə olmasıdır. Bunların hamısı milli-mənəvi sərvətimiz və gələcək nəsillərə ərməğanımızdır.

Haşiyə çıxaq ki, 2020-ci ildə Azərbaycanın tarixi Zəfər qazanmasından sonra uzun illərdən bəri işğalçıların tapdağı altında qalan Azıx mağarası öz əcdadlarına qovuşdu. Buranın pak ruhu öz bədəninə geri qayıtdı.

Məhz ən yeni dünya nizamında Azərbaycan Respublikasının cahaşümul nailiyyətlərinin, yüksəlişinin bazisində milli yolun varisliyi əsasında hazırlanan dövlət strategiyası dayanır.

Dünya ədəbiyyatında “Xəmsə” şəkilli bədii yaradıcılıq nümunəsini Azərbaycanın dahi şairi Nizami Gəncəvi yaradıb. “Xəmsə” beşlik deməkdir. İlk dəfə Azərbaycan adlı unikal diyarda planetin beş qitəsinin varlığını özündə ehtiva edən müfəssəl bir əsər ərsəyə gətirildi. Planetin beş cəhətinə işarədir. Şairin 850 illik yubileyi şərəfinə UNESCO tərəfindən və 880 illik yubileyi münasibətilə bu il Azərbaycan Respublikasında "Nizami ili" elan edilməsi təsadüfi deyildir.

Azərbaycan insanının intellektual səviyyəsi, yaratdığı milli brendlər və sahibi olduğu patentlər bütünlükdə yer kürəsinin nüfuz göstəricisinə daxildir. Çünki, dünyada rəqabət bu amillərin üzərində qurulubdur. Yeni dünya nizamında dövlətin inkişaf indeksi onun dinamikası, ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin kəmiyyəti və keyfiyyəti ilə ölçülür. Mübaliğəsiz deyə bilərik ki, son illər Azərbaycanda keçirilən humanitar tədbirlər dünyanın heç bir ölkəsində keçirilməyib. Bunun formulu, çox sadədir: ədalət naminə sülhdür. Lakin belə bir zənginlik, mütərəqqi ideyalar və mükəmməl təşəbbüs heç də birmənalı qarşılanmır. Bədxahlar bunu qısqanaraq öz məkirli məqsədlərini hər bir vəclə həyata keçirirlər. Dəhşətli əməllər törtməkdən - mülki insanlara, qadın uşaq, qoca demədən dinc əhaliyə qarşı qəddarlıqdan belə çəkinmirlər.

Biz, “Dünyanı gözəllik xilas edəcək” prizmasından baxırıq və görürük ki, ədalət naminə daim sülh olmalıdır. Bütün səmavi kitabların müqəddəs amallarına sadiqik. Bizim üçün Tövratın “yaşat”, Xristianlığın “sev” və İslamın “rəhm et” kəlməsi böyük əxlaqi dəyər və həyat vacib əhəmiyyətli fəaliyyət kodeksdir.

Sivil xalq olaraq bütün aqressiyanı, hədə-qorxunu, bir-birlərinə qarşı nifrəti qınayır və çıxış yolunu hörmətdə görürük. Dinc əhalinin qətliamı kimi daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuş qanlı hadisələri şiddətlə qınıyırıq. Biz, dünya tarixində Xocalı faciəsi daxil, yaddaşlarda qanlı iz buraxmış Xatın, Xolokost, Sonqmi, Ruanda və Serebrenitsa kimi dəhşətli soyqırımlara son qoyulmasını istəyirik.

Beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirir. Azərbaycan xalqı 1948-ci il 9 dekabr tarixli “Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması” Konvensiyasını rəhbər tutaraq, Ermənistana qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, eləcə də bütün dünya sivilizasiyasına, bəşəriyyətə qarşı törədilib. Vaxtilə Ermənistanda mühüm dövlət postlarını tutanlar baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər.

Cinayət cəzasız qalmamalıdır. Əks halda digər fəsadlara səbəb olar.

Ermənistanın bu hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalıdakı erməni vandalizminə əsl soyqırım hadisəsi kimi beynəlxalq hüquqi qiymət verməlidir. Artıq dünyanın onlarla ölkəsinin parlamenti öz qiymətini verib, Xocalı soyqırımını tanıyan qərarlar qəbul ediblər. Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur. Hər il fevralın 26-da Dünya azərbaycanlıları, soydaşlarımız və həmvətənlərimiz ayrı-ayrılıqda, habelə Azərbaycan diaspor təşkilatları və Azərbaycana dost münasibət bəsləyən diasporların nümayəndələri birgə-bərabər müxtəlif ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə erməni faşistlərinin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı faktlarını əks etdirən kitablar sərgilənir.

Biz, artıq “Terrora yox” şüarı ilə deyil “Dünyada sülh” çağırışı ilə tədbirlər keçirilməsini istəyirik. Bütün dünyanın bu qaranlıqdan işığa doğru səsləyirik. Təvəqqəmiz odur ki, insanlığa xidmət yolunda hər kəs birgə yürüş etsin.

XXI əsrdə Azərbaycana qarşı erməni millətçiləri tərəfindən törədilmiş təkcə bir faktı göstərmək kifayət edir ki, düşmənin necə məkirli olduğunu bütünlükdə dünya görsün: 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transpartyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı. Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalı şəhərini yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdılmış, yandırılmış və insanlar xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və digər şəklə salınanlar çoxluq təşkil edirdi.

Bu soyqırımı nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdür ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. Bunların içərisində

- 8 ailə tamamilə məhv edilmişdir;

- 56 insan işgəncə ilə öldürülmüşdür;

- 27 ailənin yalnız 1 üzvü qalmışdır;

- 25 uşaq hər iki valideynini itirmişdir;

- 130 uşaq valideynlərindən birini itirmişdir;

- 230 ailə öz başçısını itirmişdir;

- 487 insan şikəst olmuşdur (onlardan 76 nəfər həddi-buluğa çatmamışlardır);

- 1275 insan əsir götürülmüşdür;

- 1165 insan girovluqdan azad edilmişdir;

- 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur.

Göründüyü kimi, Xocalı qətliamı XXI əsrin vəhşəti və dəhşətidir. Belə tükürpədici hadisələr dünya sivilizasiyasını və bəşər cəmiyyətini geri aparır. Bütün insani pisliklərə son qoyulmalıdır.

Budurmu insanlıq?! Təbii ki, deyil. Çünki, dünyamızın mizanı ədalətdir… Gəlin unutmayaq: Dünyamızı yalnız və yalnız gözəllik xilas edəcək! 

II hissə 

Tarixi Vətənində - Azərbaycanın Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı insanlığa sığmayan və misli görünməmiş qəddarlıq bu hadisədən az sonra dünyanın ən nüfuzlu mətbuat orqanlarının səhifələrində də öz əksini tapmışdır.

• Erməni lobbisinin geniş fəaliyyət göstərdiyi Fransada nəşr olunan “Valer aktuel” jurnalı 14 mart 1992-ci il sayında ermənilərin ən müasir texnikası və muzdlu dəstələri haqqında məlumat verərək yazırdı: “Bu “muxtar regionda” erməni hərbi birləşmələri Yaxın Şərqdən gələnlərlə birlikdə ən müasir hərbi texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Livanda və Suriyada hərbi düşərgələri və silah-sursat anbarları var. Ermənilər Qarabağ azərbaycanlılarını məhv etmiş, 100-dən çox müsəlman kəndində qırğın törətmişlər”.

• Bundan əlavə, Fransanın “Le Mond” qəzetində 1992-ci il 14 mart tarixli sayında ermənilərin törətdikləri vəhşiliklər haqqında deyilirdi: “Ağdamda olan xarici jurnalistlər Xocalıda qətlə yetirilmiş qadınlar və uşaqlar arasında başının dərisi soyulmuş, dırnaqları çıxarılmış üç meyit görmüşlər. Bu, azərbaycanlıların təbliğatı deyil, reallıqdır”.

• Ermənilərin törətdiyi vəhşilikləri sağ qalmış xocalılıların dili ilə İngiltərənin “The Sunday Times” qəzeti 1992-ci il 1 mart tarixli sayında belə təsvir edirdi: “Erməni əsgərləri yüzlərlə ailəni qırdılar. Sağ qalanlar deyirlər ki, ermənilər 450-dən artıq azərbaycanlını güllələmişlər, onların da çoxu qadınlar və uşaqlardır. Yüzlərlə, bəlkə də minlərlə adam itkin düşmüşdür. Xocalıdan qaçan digər qadınlarla və uşaqlarla bir yerdə Ağdama gəlmiş Raziyə Aslanova deyir ki, onlara ardı-arası kəsilmədən atəş açırdılar. İnsanları diri-diri yandırır, başlarının dərisini soyurdular. Dediyinə görə, əri, qaynı və kürəkəni qətlə yetirilmiş, qızı isə itkin düşmüşdür”. Bundan başqa, Ermənistan hərbi qüvvələrinin müasir hərbi texnika ilə Xocalıya geniş miqyaslı hücum etməsi, eləcə də yüzlərlə ailəni məhv etməsi haqqında 1992-ci il fevralın 28-də “Washington Post” (ABŞ), martın 8-də “The Sunday Times” (London) qəzetlərinin və martın 25-də “Krua l`Eveneman” (Paris) jurnalının və bir sıra dövri nəşrlərin səhifələrində də əsaslı faktlar vardır.

• Hətta, Rusiya mətbuatında da erməni qəddarlığını sübut edən məqalələr yer almışdır. Belə ki, “İzvestiya” qəzetinin 1992-ci il 13 mart tarixli sayında rus hərbçisinin dili ilə aşağıdakı məlumat öz əksini tapmışdı: “Mayor Leonid Kravets: mən təpənin üstündə 100-ə yaxın meyiti gözlərimlə gördüm. Bir oğlanın başı yox idi, hər yanda xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq və qoca meyiti görünürdü”. Ermənilərin Xocalıda törətdikləri vəhşilikləri faktlarla sübut edən Rusiyanın “Memorial” Hüquq-Müdafiə Mərkəzinin məlumatında hətta, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarca meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Bundan əlavə, İngiltərənin “Financial Times” qəzeti 1992-ci il 14 mart tarixli sayında rus ordusunun tərkibində ermənilərin olması haqqında yazırdı: “General Polyakov bildirdi ki, 366-cı alaydan olan 103 erməni hərbi qulluqçusu Dağlıq Qarabağda qalmışdır”. 

• Ən nəhayət, İtalyan bəstəkarı və şairi Davide Qualtierinin «Xocalı» şeiri ədalətə təşnə olan dəyərli nümunədir. 

Yəhya Babanlı,

Tarix üzrə fəlsəfə doktoru, diaspor məsələləri üzrə ekspert

Şərhlər

Seyid ƏNHU 2022-02-26 20:14:03

RUSİYA BÜTÜN TƏRƏQQİPƏRVƏR BƏŞƏRİYYƏTİN PƏNCƏSİ ALTINDA YALVARMALI, RÜSVAYÇI ŞƏKİLDƏ MƏĞLUB EDİLMƏLİDİR.

t.ədalət 2022-02-26 15:38:56

Bütün fəlakətlərin törədicisi,xain və körpə qatili Rusiyadır.....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol