"Putin müharibəni uduzdu: Ukrayna təslim olmur".
"AzPolitika.info" xəbər verir ki, bu sözləri tanınmış ukraynalı hərbi jurnalist, bloger Yuri Butusov "Facebook"dakı hesabında yazıb.
Ekspert qeyd edib ki, indi Putinin xüsusi əməliyyatının əsas məqsədi bəllidir: "Ukrayna rəhbərliyini qeyd-şərtsiz təslim olmağa məcbur etmək. Amma bu baş versə belə, Rusiyanın istəyinə çatması demək olmayacaq. Putinin şərtləri bunlar idi:
- Ukraynanın Donbass və Krımdan könüllü imtinası;
- Ukraynanın Rusiyaya qarşı bütün sanksiyaların ləğvinə könüllü razılığı;
- Rusiyayönümlü marionet hökumətin qurulması.
Rusiya Silahlı Qüvvələrinin qarşısına isə bu tapşırıqlar qoyulub:
- Mütəşəkkil müqavimət imkanlarını tamamilə yatıracaq hərbi infrastruktur obyektlərinin ləğvi;
- Kiyevi və digər böyük şəhərləri mühasirəyə alıb, müqavimətsiz tərk etməyə məcbur etmək;
- Hakimiyyətin, müdafiə qüvvələrinin demoralizasiyası və qeyri-mütəşəkkilliyinə nail olmaq;
- Sürətli və ani hərəkətlərlə hər iki tərəfdən itkiləri minimuma endirmək".
Ekspert qeyd edib ki, Rusiya aviasiyası havada üstünlük təşkil edir və şəhərlərə, müdafiə istehkamlarına ciddi zərbə vurmaq imkanına malikdir: "Amma bu, hərbçilər və mülki şəxslər arasında kütləvi qırğınlara və itkilərə səbəb ola bilər. Nəticədə təslimiyyəti imzalayan olmayacaq. Ona görə də Putinə ukraynalılar girov kimi lazımdır".
Y.Butusov qeyd edib ki, əgər Rusiya kütləvi məhvetmə müharibəsinə başlasa, onun nəticəsində minlərlə qurban və milyonlarla qaçqın Putinin siyasi məqsədlərinə çatmağı qeyri-mümkün edəcək: "Putin əsas etibarilə yanıldı - dövləti qoruyan hökumət deyil, Ukrayna dövlətini xalq qoruyur. Yəni heç bir əmr almadan və hətta düşmənin mütləq üstünlüyü ilə vətəni üçün döyüşməyə hazır olan azad insanlar. Bütün Ukrayna silahlı Maydana çevrilib və bu Maydan təcavüzkara heç bir güzəştə getməyə imkan verməyəcək. Ukrayna xalqı və onun seçdiyi hökumət təslim olmayacaq. Ona görə də Ukrayna avantürası Putin rejimi üçün məzar daşı olacaq".
"AzPolitika.info"


Şərhlər