Menu

Rusiya Qərbin sanksiyalarına necə cavab verir? - "Vəziyyət çox ağrılı olacaq..."

01.03.2022, 13:03
Rusiya Qərbin sanksiyalarına necə cavab verir? - "Vəziyyət çox ağrılı olacaq..."

Fevral ayının 25-də, yalnız bir gün ərzində Rusiya banklarından 10 milyard dollara yaxın vəsait çıxarılıb. Son üç gündə isə çıxarılan pulların miqyası daha da böyük olub.

Beynəlxalq Maliyyə İnstitutunun (İİF) proqnozuna görə, böyük ehtimalla Rusiyanın xarici borclara görə defolt elan etməsi gözlənilir. Çünki ölkənin Mərkəzi Bankının əsas aktivləri dondurulduğundan, xarici borcları ödəməklə bağlı problemlər yaranacaq. İqtisadiyyatın azalması Qərbin sanksiyalarından sonra, ikirəqəmli faizlərlə ifadə oluna bilər.

Bəs Rusiyaya qarşı qoyulan maliyyə sanksiyalarına necə cavab verir? 

ABŞ-ın Daktota universitetinin professoru Fariz Hüsyenli bildirir ki, Putin rejimi demək olar, ancaq öz vətəndaşlarının və bizneslərinin xarici valyuta əldə etmə imkanlarını azaltmaqla və onlara məxsus xarici valyutanı onlardan bir formada götürməklə sanksiyalardan sığıortalanmağa çalışır. 

"Yəqin ki, işğal qərarını verənin vecinə də deyil", - o vurğulayıb.

Ekspert daha sonra Rusiyada həyata keçirilən tədbirləri sıralayıb:

Qısa müddətli faizlər iki dəfə artırılıb 20 faizə çatdırıldı;

İxracdan qazanılan valyutanın 80 faizi tutulacaq;

Banklardan çəkilən valyuta miqdarına məhdudiyyət qoyulur,

Banklara birbaşa pul-likvidlik yardımı ediləcək;

Bankların hesablarının dəyərini bazar dəyərinə mark etmə tələbi qaldırılır;

Batacaq kreditlərə qarşılıq ayırma öhdəliyi dayandırılır;

Borcların yenidənqurulmasına start verilr;

Əlavə kapital vermək və xarici valyutada borcu aktivindən çox olan banklara normativləri pozduqlarına görə hansısa sanksiya qoymamaq və s.

F.Hüsyenli əlavə edir ki, dediklərinə görə rubl bazarına birbaşa müdaxilə etməyiblər: "Etmək də sərf etmir, Türkiyə kimi az rezervlə bunu edəcək deyillər. Bilirlər ki, rezervlər israf olacaq.

Prezidentin qərarına görə isə:

Martın 1-dən xarici banklardan açılan hesablara valyuta köçürə bilməyəcəklər;

Xaricə valyuta ödəmələrinə böyük məhdudiyyət qoyulur;

Vaxtı gələn borc ödəmələri üçün xaricə valyuta göndərə bilməyəcəklər".

Mütəxəssis qeyd edir ki, bütün bunlar valyuta böhranı yaşayan ölkə üçün dərslik yanaşmasıdır. 

Onun sözlərinə görə, bu tədbirlərin effektliyi müvəqqətidir və iqtisadiyyatı boğacaq, qiymətin və məzənnənin sərbəst formalaşmasına mane olacaq, ən əsası vaxt qazandıracaq addımlardır: "Bazarda qiymətlə bağlı bir yerə baxmaq olar – Rusiya dövlət borc kağızlarının faizləri və uzun müddətdə müqaisə etmək olar. Məncə Rusiyadakı hazırki vəziyyəti 90-cı illərin əvvəli və 98-də baş vermiş defoltla müqayisə edilə bilər. Qısa müddətdə vəziyyət çox ağrılı olacaq. Uzun müddətdə isə əlbəttə, sülh anlaşması olacaq və s. Amma Qərbin qarşısında onu nüvə silahı ilə hədələyən biri ilə bərabər yaşamaq problem olacaq. Bu problemi yaxın müddətdə həll etməli olacaqlar".

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol