Menu

"Ukraynaya qarşı təcavüz ərzaq böhranı yaradacaq" - Qərb mediası

07.03.2022, 16:47
"Ukraynaya qarşı təcavüz ərzaq böhranı yaradacaq" - Qərb mediası

Rusiyanın Ukraynaya qarşı müharibəsi artıq ikinci həftədir davam edir. Qərb mediası diqqəti bu müharibənin yarada biləcəyi ərzaq böhranına çəkir.

“The Financial Times” dünyada buğda ixracının üçdə birinin Rusiya ilə Ukraynanın payına düşdüyünü yazıb. Məqalədə qeyd olunur ki, müharibə başlayandan Qara Dənizdəki limanların işində fasilə yaranıb. Nəticədə buğdanın qiyməti 2007-2008-ci illər böhranındakı səviyyəni ötüb.

Ekspertlər və siyasətçilər ixracda yubanmanın buğda, taxıl, günəbaxan yağı və arpa idxalında bu regiondan asılı ölkələrə təsir göstərəcəyini düşünürlər. 

“Onlar müxtəlif təchizatçılara üz tutacaqlar, bu isə qiymətlərin qalxması deməkdir”, – ABŞ Kənd Təsərrüfatı Departamentinin keçmiş baş iqtisadçısı Cozef Qlauber deyib.

Qəzet qiymət artımının ərzaq inflyasiyasını da yüksəldəcəyini yazır. Yanvarda bu inflyasiya son yeddi ildə ən yüksək həddə – 7.8 faizə çatmışdı. Ukrayna Livanın buğda idxalının 90 faizini verir, Somali, Suriya, Liviya kimi ölkələr üçün əsas təchizatçıdır.

Rusiya da Azərbaycan daxil, bir sıra qonşuları üçün əsas buğda təchizatçısıdır. 

“Hətta sabah müharibə bitsə belə, Ukraynada əkin mövsümü artıq pozulub və bu, 2022-ci il biçininə təsir göstərəcək”, – Türkiyənin Taxıl Fondunun keçmiş rəhbəri İsmayıl Kamaloğlu söyləyib.

“The Associated Press” agentliyi isə Rusiyaya sanksiyaların qlobal ticarətə təsirini araşdırıb. "Apple", "Nike"dan tutmuş "Maersk" kimi daşıma şirkətləri də Rusiyadan gedir.

Dünyada qarğıdalı ixracının 16 faizi Ukraynaya, buğda ixracının 30 faizi isə Rusiyaya məxsusdur. Agentlik müharibənin nisbətən yoxsul ölkələrə təsir göstərəcəyini yazır.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol