“RUSİYANIN ÇÖKÜŞÜ UKRAYNADAN BAŞLAYIR” – “Rus ordusunun başını itirdiyi faktdır”

“Putinin Ukraynanı rus imperiyasına qatmaq planları baş tutmayacaq”

Putin Rusiyası yüz minlərlə hərbçisini Ukrayna ərazisinə soxsa da, hələ ki, ortada ciddi uğur, qələbə yoxdur. Əvəzində Rusiya həm siyasi, həm iqtisadi, həm də hərbi cəhətdən böyük itkilər verir. O da aydındır ki, Putin Ukraynanı tam işğal edərək nəzarəti altına götürə bilsə, dünyada yeni reallıqlar yaranacaq və Rusiya öz oyun qaydalarını diqtə etməyə başlayacaq.

“AzPolitika.info” müharibənin artıq üçüncü həftəsində baş verənləri, mümkün inkişaf ssenarilərini analitik Oqtay Qasımovla müzakirə edib.

Onunla müsahibni təqdim edirik:

- Oqtay bəy, artıq 20 günə yaxındır ki, Rusiyanın Ukraynaya qarşı amansız müharibəsi davam edir, böyük şəhərlər dağıdılır, günahsız insanlar öldürülür, milyonlarla ukraynalı Avropa ölkələrinə köç etməyə məcbur olur. Ancaq həm də hiss olunur ki, Putin ordusu Ukrayna ərazlərində dalana dirənib. Bütün bunları nəzərə almaqla, müharibənin indiki mərhələsini necə qiymətləndirirsiniz?

- Əvvəla, Rusiya beynəlxalq hüququ, dəyərləri və qanunları çeynəyərək Ukraynaya hərbi təcavüz edib. Bu gün Ukraynada baş verənlər onu göstərir ki, Rusiya hərbi armadası, rus ordusunun gücü barədə yaradılan mif dağılır. Üstəlik, Rusiyanın planladığı kimi dörd gün ərzində Ukraynanın tam işğal edilməsi və nəzarətə alınması planı puç olub. Müharibənin 3-cü həftəsində Rusiya Ukraynada minlərlə əsgər və zabitini, çoxsaylı hərbi təyyarə, helikopter, tank, zirehli texnika, hava hücumundan müdafiə sistemləri və digər ləvazimatlarını itirib. İndiyə qədər Rusiyanın Ukrayna ərazisində itirdiyi texnikanın ümumi dəyərinin 4 milyard dollar həcmində olduğu bildirilir. Bu müddət ərzində Rusiya ordusu faktiki olaraq yalnız Xerson və Melitopol şəhərlərini tutmağı bacarıb. Bunlar nisbətən kiçik şəhərlərdir. Rusların Ukraynanın böyük şəhərlərini işğal etmək planları isə həyata keçməyib.

Burada ən önəmli məqam odur ki, Rusiya siyasi və hərbi rəhbərliyi, şəxsən Putinin özü Ukrayna ilə bağlı yanlış hesablamalar aparıb. Düşünürdülər ki, Ukrayna Ordusu 2014-cü ildəki kimi dağınıq və yayğın durumda, zəif idarə olunan vəziyyətdədir. Amma indi dünya tam fərqli ordu, ruh və müqaviməti seyr edir. Əslində, Ukraynada xalq, vətən müharibəsi gedir və böyük bir toplum rus işğalına qarşı dirənir. Hətta Ukraynada yaşayan ruslar da açıq elan etdilər ki, onlar Ukrayna vətəndaşlarıdır və qanunsuz, kriminal keçmişə bağlı bir ölkədə yaşamaq istəmirlər. Onların yolu Avropa yoludur.

İkincisi, Putinin hesaba alımadığı digər məsələ dünya birliyinin onun təcavüzünə reaksiyası ilə bağlıdır. Moskvada hesab edirdilər ki, Avropa, ABŞ və digər ölkələr Kremlin bu təcavüzünə yumşaq münasibət göstərəcək, Rusiya da 8 il əvvəl olduğu kimi öz istəklərini həyata keçirə biləcək. Lakin biz gördük ki, dünya bu təcavüzə qarşı dayandı. Məsələn, BMT-də keçirilən səsvermədə 141 ölkə Rusiyanın Ukraynaya təcavüzünü pislədi. Nəticədə Rusiyaya qarşı böyük sanksiyalar tətbiq olundu. Əlbəttə, indi bu sanksiyaların böyük təsirindən danışmaq hələ tez olsa da, artıq ilkin təsirlər özünü göstərir. Məsələn, Rusiya birjaları bağlıdır və ehtimal olunur ki, onlar açılan kimi çökəcəklər. Üstəlik, Rusiya rublu, qiymətli kağızları dəyərdən düşür. Həm də məlum oldu ki, rus iqtisadiyyatı stabil və möhkəm deyilmiş. Bu iqtisadiyyat əsasən enerji daşıyıcıları və xammal satışı üzərində qurulan iqtisadiyyatdır. Yüksək texnologiya adına bu ölkədə ciddi heç nə yoxdur.

Bununla paralel dünya birliyinin Ukraynaya mənəvi və siyasi dəstəyilə yanaşı humanitar, maliyyə, silah-sursat yardımının olduğunu müşahidə edirik. Təbii ki, Ukrayna Ordusunun ən zəif nöqtəsi hərbi hava qüvvələri, havadan müdafiə sistemləridir. Ukraynaya əsas zərbələr havadan endirilir. Amma savaş başlayandan sonra əksər NATO ölkələri Ukraynaya həm hava hücumundan müdafiə sistemləri, həm tank əleyhinə dəqiq raket sistemləri, həm də atıcı silahlar verib. Ümumən 20-dən çox dövlət Ukraynaya hərbi dəstək verir. Bu da Ukrayna Ordusunun imkanlarını artırıb. Rusların həm canlı qüvvə, həm də texnika itkisi bunu açıq göstərir.

Həmçinin Ukraynada savaşın ilk günləri ilə müqayisədə mövcud olan şok artıq atılıb və Ukrayna Ordusu daha modern və mütəşəkkil mübarizə aparır. Faktiki olaraq, bu gün Ukraynada 300-400 min əli silahlı insan vətənin müdafiəsi ilə məşğuldur. Putinin qısa müddətə Ukraynanı işğal etmək və dünyanı qorxutmaq planları baş tutmadı. Amma görünən odur ki, Ukraynada savaş uzun müddət davam edəcək.

- Ancaq bəzi ekspertlər savaşın qısamüddətli olacağını bildirirlər...

- Əslində, bizim əlimizdə kəşfiyyat məlumatları yoxdur, rəsmi məlumatlara, Moskvadan və Kiyevdən gələn açıqlamalara baxaraq fikrimizi ifadə edirik. Ancaq bütün təhlillər göstərir ki, Ukrayna asanlıqla təslim olmayacaq, Rusiyanın da Ukraynanı asan və qısa müddətdə işğal etməsi mümkün deyil. Putin Kiyevi işğal edə, burada özünün marionet rejimini otuzdura bilsə belə, Ukrayna xalqının və ordusunun mübarizə əzmi qalacaq və mübarizə davam edəcək. Məncə, Rusiyanın çöküşü Ukraynadan başlayır. Rusiya aqressiyanı davam etdirsə, bu, baş verə bilər. Artıq Ukraynadakı rus ordusunun başını itirdiyi faktdır, bu ordunun təchizatında və idarə edilməsində ciddi problemlərin olduğu ortadadır.

Ən önəmli məsələlərdən biri də Rusiyanın Yaxın Şərqdəki terrorçuları bu savaşa cəlb etmək cəhdidir. Bu, həm müharibənin uzanacağından xəbər verir, həm də bununla dünyanın Rusiyaya münasibəti daha da pisləşir. Artıq Rusiyaya olan münasibət 1930-1940-cı illərdə Almaniyaya olan münasibətlə eynidir. Diqqətçəkən nüans ondan ibarətdir ki, o dövrdə Hitler tərəfindən səsləndirilən termin və tezislər birə-bir Putin tərəfindən Ukraynaya hücum ərəfəsində səsləndirildi. Bu baxımdan proseslər xeyli çəkəcək. Eyni zamanda, Avropa Ukraynada humanitar məsələlərlə bağlı 3 illik proqram üzərində işləyir. Deməli, Qərbdə də ehtimal olunur ki, bu müharibə uzun çəkəcək.

- ABŞ başda olmaqla Qərb ölkələrinin Rusiyanı tələyə salmaq üçün Ukraynadan istifadə etməsi haqda fikirlər nə dərəcədə əsaslıdır?

- 2021-ci ildə ABŞ və Avropa tərəfindən ümumən bu mövzu dəfələrlə müzakirə edilib. Onlar bildirirdilər ki, Rusiya Ukraynaya hücum edəcək. Xüsusilə, ötən ilin payızında bu xəbərlər intensiv xarakter almağa başladı. Amma burada Qərbin planı, Putini tələyə salmaq üçün Ukraynadan istifadə etməsinə dair iddialar bir qədər doğru deyil. 2014-cü ildə Ukraynadakı hakimiyyət dəyişikliyindən sonra Rusiya Krımı və Donbasın bir hissəsini işğal etdi. O zaman Putinin bir məqaləsi çap olundu. Həmin məqalədə Rusiyanın “Novorossiya” planının olduğu qeyd edilirdi. Bu planda Ukraynanın şərqinin və cənub hissəsinin - Qara dəniz sahillərinin işğalı məqsədi açıq şəkildə əks olunurdu. Yəni Putin bunu artıq səsləndirmişdi. Elə Lavrov da bir neçə gün əvvəl bildirdi ki, onların hərbi doktrinasına baxılmalıdır, burada əsas məsələ təhlükəsizlik məsələsidir və s. Əslində, bunların hamısı bəhanələrdir. Rusiya Ukraynanın müstəqil dövlət kimi varlığını özünün mövcudluğuna təhdid olaraq görürdü. Odur ki, müharibə qaçılmaz idi. Rusiya son 300 ildə imperiya statusunda olan dövlətdir, onun ənənələri, hərbi kəşfiyyatı, xarici xəfiyyəsi var. Onlar bütün məsələlərdən xəbərdardırlar. Yəni ki, Qərbin təhriki məsələsi ciddi yanaşma deyil. Sadəcə, Ukrayna ilə bağlı ciddi yanlışlıqlara, səhv hesablamalara yol veriblər.

Ukraynanın və onun xalqının resurslarını səhv qiymətləndirməklə yanaşı, “biz bir millətik” desələr də, iki xalq arasında dəhşətli uçurum yaratdılar. Bu düşmənçiliyin aradan qaldırılması üçün on illərlə zaman lazımdır. Həm də təsadüfi deyil ki, Putin öz çıxışlarında SSRİ haqqında ürək yanğısı ilə danışıb, onun dağılmasını qlobal fəlakət adlandırıb. Bu yaxınlarda dostu Lukaşenko ilə görüş zamanı da bildirdi ki, belə sanksiyalar SSRİ-yə də tətbiq edilmişdi, amma SSRİ inkişaf etdi, müqavimət göstərdi və s. Yəni bütün bunlar onu deməyə əsas verir ki, Ukraynaya hücum əvvəlcədən düşünülüb, planlaşdırılıb.

Rusiya özünü dünyanın super gücü sayırdı, böyük ordusu, kəşfiyyat xidməti, milli sərvətləri var. Bəs, necə oldu ki, Rusiya tələyə düşdü? Deməli, burada tələ məsələsi yoxdur. Sadəcə, Rusiya işğal siyasətini davam etdirmək və dünyaya təhdid yaratmaqla öz planlarını həyata keçirmək niyyətində idi. Bunun üçün də hesab edirdilər ki, Çindən də razılıq alıblar. Putin ötən ay Çində səfərdə olmuşdu. Amma sonradan məlum oldu ki, Çin Rusiyanın Ukraynaya qarşı təcavüzünü dəstəkləmir. Bu da normaldır, çünki özünün Tayvan kimi problemi var. Üstəlik, Şərqi Türküstan, Tibet məsələsi var. Odur ki, Çin ərazi bütövlüyünün pozulması ilə bağlı hər hansı bir presedenti dəstəkləyə bilməz. Həm də Rusiyada ümid vardı ki, enerji daşıyıcıları Qərb tərəfindən boykot ediləcəksə, onu Çin əvəzləyəcək. Amma Çin şirkətləri də bundan imtina etdilər. Açıq dedilər ki, öz şirkətlərini sanksiya altına salmaq istəmirlər. Həm də Çinə Amerikaya müqavimət göstərən Rusiya lazımdır, güclü Rusiya yox. Rusiyanın demoqrafik vəziyyəti onun gələcəyinə problem vəd edir. Çin də gələcək planlarını buna hesablayır. Çünki Sibir və Tayqanın zənginliklərini düşünür.

- Ukrayna Ordusuna Qərb tərəfindən verilən dəstək yetərli sayıla bilərmi?

- Ukrayna Ordusu 2015-ci ildən etibarən ABŞ, Kanada, Britaniya və digər NATO ölkələrinin mütəxəssisləri tərəfindən yenidən qurulub və təmin edilib. Ukrayna Ordusunun təlimləri də məhz şəhər döyüşləri və partizan müharibəsi taktikasında qurulan müdafiə və müqaviməti ehtiva edirdi. Ruslar bu mənada Ukrayna xalqının potensialını hesablaya bilmədilər. Düşündülər ki, mədəni xalqdır, aqressiv davranışı sevmirlər, savaşda da belə olacaq və asanlıqla Ukraynanı işğal edə biləcəklər. Amma qarşılarına milli ruha malik peşəkar ordu çıxdı. Hazırda Ukraynaya peyk vasitəsilə Rusiya ordusunun hərəkətlərinə dair məlumatlar verilir və bu, gizli də deyil. Eyni zamanda kəşfiyyat, əks-kəşfiyyat informasiyası da ötürülür, müdafiə silahları təqdim edilir və s. Bu da Rusiyanın Ukrayna əməliyyatının axsamasına və ləngiməsinə səbəb olur.

- Putinin Ukraynada öz məqsədlərinə çatması nə dərəcədə real görünür?

- Putin açıq deyir ki, məqsədinə hansı formada olursa-olsun, nail olacaq. Rusiyada son illər ciddi eyforiya yaranıb. Xüsusilə, Putin hakimiyyəti dövründə II Çeçenistan savaşı, Gürcüstandakı 5 günlük müharibə, 2014-cü ildə Krım və Donbasın işğalını nəzərdə tuturam. Nəhayət, Suriya əməliyyatı. Burada Rusiyanın ancaq hava qüvvələri iştirak edirdilər. Nəticədə, Moskva Bəşər Əsədi hakimiyyətdə saxlaya bildi. Bunların hamısı qələbə sayıldı. Sadəcə olaraq, bu savaşların xarakteri və miqyası fərqli idi. Məsələn, Suriya savaşında Rusiya quru qoşunları birbaşa iştirak etmirdi, əsasən havadan vururdular, qurudan Əsəd və İrana bağlı qüvvələr hərəkət edirdi. Əslində, hava əməliyyatları dinc əhalinin yaşadığı məntəqələri vurmaqla nəzarət altına almaq taktikası üzərində qurulub. İndi isə uğursuzluqdan qəzəblənən Putin bu gün ordusuna eyni əmri verib və biz Xarkov, Kiyev, Mariupol, Çerniqov kimi şəhərlərdə bunu görürük. Ancaq Putinin Ukraynanı tam nəzarətə almaq, onu bölmək və rus imperiyasının tərkibinə qatmaq planları baş tutmayacaq. Müqavimət həddən artıq böyükdür.

Digər yandan, Putinin bu planı baş tutsa, faktiki olaraq dünyadakı təhlükəsizlik sistemi çökəcək və ardınca ciddi xaos yaşanacaq. Belə bir vəziyyət NATO-ya ciddi təhdid yaradacaq. Artıq açıq deyirlər ki, Putin Ukraynadan sonra hansı ölkələrə zərbə endirə bilər. Bunların da başında əsasən Litva olmaqla Pribaltika ölkələri gəlir. Bu mənada, Putinin planlarının baş tutacağını gözləmirəm. Ukraynanı işğal etmək mümkündür, amma ukraynalıların ruhunu işğal etmək heç cür mümkün deyil. Həm də bu kampaniya ilə Putin Ukraynaya böyük xidmət göstərmiş olub. Dünənə qədər Ukrayna şərqi və qərbi Ukrayna olmaqla bölgələrə bölünürdü. Putin bunları birləşdirdi. Yaşadığımız bu günlərdə Ukraynada həm də bir millətin doğuluşunu görürük. Ukraynada baş verənlər dünyanın taleyinə təsir edəcək məsələdir. Ukrayna indi tək özü üçün yox, həm postsovet xalqları, həm də Avropa və dünyanın digər xalqları üçün savaş aparır. Bu, eyni zamanda azadlıq və ləyaqət savaşıdır.

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

Politoloq 2022-03-14 20:23:31

Putin rusizmi Hitler nasizminun en leyaqetsiz, en alcaq , en qeddar, en serefsiz, en qatil ve en residivist en cellad en seytan formasidir!!!

Tahir 2022-03-14 19:53:04

Təəssüflə qeyd edim ki, rus milyarderləri Amerikanın və digər ölkələrin pensiya fondunlarından 6-8 trilyon dollar borc aldıqları ortaya çıxıb. İndi Putin bu pulları oliqarxlardan ala bilsə 7-8 il Rusiyaya heç bir sanksiya təsir etməyəcək. Amerika isə məcburən sanksiyaları qaldırmalı duruma düşüb.

c 2022-03-14 18:20:51

Necə deyərlər - çezdi kələntər.....

Son yazılar