Azərbaycanda yüksək vəzifəli hərbçiyə cinayət işi açıldı. “Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, Hərbi Polis bölmələrinin Bakı Qarnizonunun cinayət-axtarış şöbəsinin sabiq rəisi Feyzi Hüseynov rüşvət verməkdə ittiham edilir.
Onun barəsində Cinayət Məcəlləsinin 312.1-ci (xidməti vəzifəsinin icrası ilə əlaqədar vəzifəli şəxsə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması və ya verilməsi) maddəsi ilə cinayət işi başlanılıb.
Polkovnik-leytenantla bağlı aparılan istintaq tamamlanıb və iş baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Məlumata görə, F.Hüseynov Vətən müharibəsi dövründəki qeyri-adekvat davranışlarına görə xidmətdən uzaqlaşdırılıb.
Qeyd edək ki, F.Hüseynovun adı bir neçə il öncə Azərbaycan ordusunun zabiti Xalid Şirəliyevin ölümündə hallanmışdı. Xidmət yerini tərk edən zabit Feyzi Hüseynov və əməkdaşları tərəfindən saxlanıldıqdan 3 gün sonra ölmüşdü. Ölən zabitin anası oğlunun bədənində zərbə izləri olduğunu, onun döyülərək öldürüldüyünü iddia etmişdi.

Şərhlər
Səfər Əbiyev də əslən Tovuz rayonundan olan,Türkiyədə hərbi məktəbi bitirmiş İlqar adlı zabiti öldürtdü.İlqar nazirliyin mətbuat xidmətində çalışırdı.Guya,"Yeni musavat" qəzetinə informasiya verdiyinə görə Səfər Əbiyev onu cəbhə xəttinə göndərdi.Orada minalanmış sahəyə qəsdən göndərilərək məhv edildi.İstintaq materialları hərbi prokurorluqda düzgün aparılmadı.