“HƏM UKRAYNA, HƏM DƏ AZƏRBAYCAN UĞRUNDA ÖLMƏYƏ HAZIRAM” - Oleq Krapivinlə MÜSAHİBƏ

Kiyev Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Azərbaycanlıları Radası İdarə Heyətinin üzvü Oleq Krapivin "korrespondent.az" saytına müsahibə verib. Saytın xüsusi müxbiri Yarina Lazko onunla Ukrayna Azərbaycanlıları Radasının ofisində görüşüb. Burada azərbaycanlıların Ukraynadan təxliyəsi və ehtiyacı olanlara humanitar yardım göstərilməsi məqsədilə 24 saat fəaliyyət göstərən operativ qərargah yaradılıb. Həmin müsahibəni təqdim edirik. 

- Oleq Andreyeviç, müharibə sizi harada və necə yaxaladı?

- Mən Kiyev yaxınlığında kiçik şəhər olan İrpenə yaxın yaşayıram. Bura müharibə başlayan gün – 24 fevral səhəri bombalanmağa başladı. Partlayış səsinə yuxudan oyandım və sona qədər anlaya bilmədim ki, müharibə başlayıb. Əsl müharibə! Əlbəttə, bir çox xarici kəşfiyyat orqanları bir neçə ay əvvəldən xəbərdarlıq edirdilər ki, Rusiya Ukraynaya hücum hazırlayır. Ancaq mən inanırdım ki, siyasi-diplomatik yolla anlaşmaq mümkün olacaq. Biz XXI əsrdə yaşayırıq və beynimiz qəbul etmirdi ki, Putin dinc insanları öldürməyə, gözəl Ukrayna şəhərlərini bombalamağa başlayacaq. Bu gün Mariupol 90% dağıdılıb, qədim Çerniqov, sənaye şəhəri Xarkov hər gün bombalanır və yer üzündən silinir, Xerson hazırda blokadadır və humanitar fəlakət yaşayır. Putin Ukraynanın denasifikasiyası məqsədilə hansısa xüsusi əməliyyatdan danışır. Amma mən uzun illərdir Ukraynada yaşayan biri kimi insanları milli, dini və dil əlamətlərinə görə fərqləndirən millətçilərə rast gəlməmişəm. Ukrayna multikultural bir ölkədir, burada müxtəlif millətlərin nümayəndələri həmişə sülh və anlaşma şəraitində yaşayıblar. Biz azərbaycanlılar burada özümüzü hər zaman evimizdəki kimi hiss etmişik. Lakin müharibənin başladığı üç həftə ərzində Rusiya burada hamını, hətta azərbaycanlıları da millətçiyə çevirib. Çünki biz Ukraynanı sevirik və onu sonadək müdafiə edəcəyik.

- Azərbaycan diasporunun rəhbəri kimi xaos şəraitində həmvətənlərinizin xilası üçün lazımi addımlar atmaq yəqin ki, asan olmadı. Bu baxımdan müharibənin ilk günləri necə keçdi?

- Haqlısınız, ilk vaxtlar vəziyyət çox ağır idi. Çünki burada çoxlu sayda azərbaycanlılar yaşayırdı və onların əksəriyyətinin yardıma ehtiyacı vardı. Həmin günlər mənim telefonum susmurdu, gün ərzində həmvətənlərimdən 600-700 zəng gəlirdi. Xüsusən qadın və uşaqları təcili şəkildə təxliyə etmək lazım idi. Martın 3-də ilk xüsusi qatar təşkil olundu və 1100 azərbaycanlı əvvəlcə Moldovaya, oradan isə Azərbaycana təxliyə edildi. Onların Moldovadan Azərbaycana operativ şəkildə təxliyəsinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova dərin təşəkkürümü bildirirəm. Martın 7-də isə Kiyev-İstanbul avtobus reysi ilə qalan soydaşlarımızı təxliyə etdik. Bu reysləri mən özüm maliyyələşdirdim, çünki anlayırdım ki, burada qalmaq nə qədər təhlükəlidir. Bu, heç kimə - nə uşaqlara, nə qadınlara, nə xəstələrə, nə də qocalara rəhm etməyən amansız müharibədir.

Həmin günlərdə lazımi diqqət göstərə bilmədiyim hər kəsdən üzr istəyirəm. Ancaq əmin edirəm ki, nə azərbaycanlıları, nə də ukraynalıları burada köməksiz qoymayacağıq. Hazırda bizim qaynar xəttimiz 24 saat fəaliyyət göstərir və biz hər bir müraciətə cavab veririk. Qapılarımız gün ərzində açıqdır və nəyimiz varsa, insanlarla paylaşırıq. Azərbaycana getmək istəyən qruplar formalaşan kimi təxliyə prosesini davam etdirəcəyik.

Mən Ukrayna Azərbaycanlıları Radasının bütün regional şöbələrinə inanılmaz fədakarlıqlarına görə təşəkkür edirəm. Biz hətta müharibə gedən bölgələrdə belə öz fəaliyyətimizi effektiv şəkildə koordinasiya edirik. Amma qeyd etməliyəm ki, soydaşlarımızın əksəriyyəti Ukraynanı tərk etmək istəmirdi. Yaşı imkan verən kişilər hazırda Ukrayna Silahlı Qüvvələrinin sıralarında döyüşürlər. Böyük çoxluq isə ərazi özünümüdafiə qüvvələrinin sıralarına yazılıb. Fevralın 26-da Xerson şəhərinə endirilən aviazərbə nəticəsində Azərbaycanın Cəbrayıl rayonunun Balyand kənd sakini Qoşqar Fərzəliyevin xanımı və iki övladı həlak oldu. Fevralın 27-də azərbaycanlıların 8 avtomobildən ibarət maşın karvanı Odessa vilayətindən Moldovaya gedərkən tanınmamış “Dnestryanı Respublika” yaxınlığında odlu silahdan atəşə tutuldu. Nəticədə üç Azərbaycan vətəndaşı həlak oldu, daha dörd azərbaycanlı yaralandı. Elə həmin gün küçəyə su almağa çıxan Azərbaycan vətəndaşı Xarkovun mərkəzində güllədən öldü. Təəssüf ki, Ukrayna Silahlı Qvvvələri sıralarında döyüşən soydaşlarımız arasında da bu lənətə gəlmiş müharibədə ölənlər var.

- Aydındır ki, Ermənistan-Azərbaycan və Rusiya-Ukrayna müharibələrinin xarakteri bir-birindən kəskin fərqlənir. Amma yenə də iki müharibə arasında analoq apara bilərsinizmi?

- Bəli. Birinci Qarabağ müharibəsində Azərbaycan xalqı Ukrayna xalqı kimi qəfildən yaxalandı. İnsanlar sakit şəkildə yatmışdılar və müharibənin başlayacağını gözləmirdilər. O zaman da dinc əhaliyə, xəstəxanalara və uşaq bağçalarına atəş açılırdı. Mən öz gözlərimlə görmüşəm ki, tanklar insanların, təcili yardım maşınlarının üstündən necə keçirdilər. Həmin gün dostumun qardaşı həlak oldu. Biz onu Bakının morqlarında axtardıq və nə baş verdiyini onda anladıq. Biz heç vaxt 20 Yanvar və Xocalı faciələrini unutmayacağıq. İkinci Qarabağ müharibəsini isə Azərbaycan dişinə qədər hazırlıqlı və silahlanmış şəkildə qarşıladı. O zaman da Ermənistan ağır artilleriyadan istifadə edərək, dinc sakinləri qətlə yetirdi – necə ki, indi Ukraynada bunu görürük. Biz Qarabağ müharibəsində qalib gəlib ədaləti bərpa edə və torpaqlarımızı qaytara bildik. Mən bir dəqiqə belə şübhə etmirəm ki, tezliklə Ukraynanın da Qələbə gününü qeyd edəcəyik.

- Son bir həftədə Rusiya ordusu öz taktikasını dəyişərək, hərbi obyektlər əvəzinə dinc sakinləri atəşə tutmağa başlayıb. Müharibənin başladığı üç həftə ərzində ölən uşaqların sayı yüzü keçib, çoxlu sayda yaralı var. Bu amansızlığın səbəbi nədir?

- Normal insan nöqteyi-nəzərindən bunun heç bir izahı yoxdur. Biz sivil cəmiyyətdə yaşayırıq, indi XXI əsrdir və bütün problemləri insanların həyatına son qoymamaqla həll etmək mümkündür. Ukrayna xalqı hər zaman tolerant, xeyirxah və sülhsevər olub. Putin isə onlara nifrət etməyi öyrətdi. Belə bir şəraitdə mən deməyə söz tapmıram.

- Hazırda heç kim proqnoz verə bilmir ki, bu qanlı müharibə nə qədər davam edəcək. Ancaq istənilən müharibə gec və ya tez qurtarır. Necə hesab edirsiniz, ukraynalıların bir xalq olaraq məhv olunmasının qarşısını siyasi-diplomatik yolla almaq mümkün olacaqmı?

- Mən ukraynalıların hansı əhval-ruhiyyədə olduğunu görürəm. Onlar öz torpaqları uğrunda canavar kimi vuruşurlar və son damla qanlarına kimi döyüşüb, onu heç vaxt düşmənə verməyəcəklər. Bütün dünya Ukrayna xalqının dəyanəti və cəsarəti qarşısında heyran qalıb. Əlbəttə, bu müharibəni diplomatik yolla bitirmək arzuolunandır. İstənilən normal insan müharibə istəmir. Ancaq təəssüf ki, hazırda bunu etmək hələlik mümkün olmur. Ona da əminəm ki, bu gün rusların ukraynalılara qarşı törətdiyi vəhşiliklər bir neçə nəslin yaddaşından silinməyəcək. Onlar bunu tezliklə bağışlamayacaqlar. Əfqanıstan müharibəsinin təcrübəsi göstərdi ki, torpağı işğal etmək olar, amma xalqa qalib gəlmək olmaz. Eyni şeyi bu gün ukraynalılar haqqında da demək olar. Bu gün onlar güc və iradənin simvollarıdır, onlara qalib gəlmək praktiki olaraq mümkün deyil.

- Sizcə, Putini danışıqlar dayandırmasa, nə dayandıracaq: hərbi üstünlük, yoxsa rusiyalıların artıq nəticələrini hiss etdiyi sanksiyalar?

- Bütün dünyanın Ukraynada baş verənləri soyuqqanlılıqla izləməsinə təəccüb edirəm. Bu gün hər bir ukraynalı Ukrayna səmasının bağlanmasının vacibliyini az qala qışqıraraq bəyan edir. Çünki insanların əksəriyyəti məhz aviazərbələr nəticəsində həlak olur. Ancaq Avropa, NATO susur. Onlar başa düşmürlər ki, bu gün Ukrayna bütün Avropanı qoruyur və növbəti hədəf onlardır. Bizi alovun içinə atıblar. Humanitar yardım, silahlandırma – bunlar yaxşıdır, amma məsələnin həlli deyil. Bütün xalq Ukrayna səmasının bağlanmasını tələb edir, onlar isə susur.

- Siz və ailəniz dünyanın istənilən yerinə getmək imkanında olsanız da, Kiyevi və Ukraynanı tərk etməmisiniz. Halbuki burada qalmaq real təhlükədir. Niyə getmədiniz?

- Əlbəttə, mən müharibənin ilk saatlarında gedə bilərdim. Amma o zaman mən hansı haqla öz soydaşlarıma nümunə olacaqdım? Mən uzun illər ərzində doğmama çevrilən və çox şey borclu olduğum Ukrayna xalqının yanında olmalıyam. Mən ukraynalılara arxa çevirə, onları ata bilmərəm.

- Siz Ukrayna uğrunda ölməyə hazırsınızmı?

- Elə onun üçün burada qalmışam. Çox aydın başa düşürük ki, bizi burada nə gözləyə bilər. Ancaq başqa yollar axtarmaq fikrində deyilik. Mən həm Ukrayna, həm də Azərbaycan uğrunda ölməyə hazıram.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar