Xətai rayonu, İnqilab İsmayılov küçəsində çoxillik ağacların ekskavatorlarla kökündən çıxarılması ilə bağlı ərazini təmsil edən deputat İqbal Ağazadənin iştirakı ilə başlayan etirazlar, indilik belə görünür ki, öz məqsədinə çatıb. Ağacların kəsilməsi və tikinti işlərinə cəhdlər dayandırılıb.

Xatırladaq ki, 2 gün əvvəl ərazidə ağacların məhv edilməsinə görə gecə saatlarında etiraz aksiyası keçirilmiş, deputat İqbal Ağazadə hadisə yerinə gələrək sakinlərə dəstək vermiş və mətbuatdan kömək istəmişdi. İ.Ağazadə bildirmişdi ki, küçənin işığı əvvəlcədən söndürülüb. Lakin camaat xəbər tutub və küçəyə axışıb. Bu zaman qarşıdurma olub və polis müdaxilə edib. Ağacları qıranlar qaçıblar. Ekskavator da, ağaclar da ortada qalıb.

İqbal Ağazadə demişdi ki, bunu edən hansısa bir şirkətdir: “Sakinlər deyir ki, bu şirkət Xalqlar Dostluğundakı yarmarkanın müdiri İman adlı iş adamınındır. Bu ünvandakı ağacları niyə kəsirlər, bu barədə də sakinlərə məlumat verilməyib. Günü sabahdan bu işlə ciddi məşğul olacam.”

Virtualaz.org saytı isə bu qalmaqalın bəzi təfərrüatlarını dəqiqləşdirərək xəbər verir ki, ərazidə ağacları məhv edən şirkət metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığındakı ticarət yarmarkasının sahibi, “Qozbel İman” kimi tanınan naxçıvanlı iş adamı İman Quliyevə məxsusdur. Sayt qeyd edir ki, kortəbii tikintilər üzündən beton yığınına çevrilən Bakıda onsuz da kökü kəsilmək üzrə olan yaşıllıqlara qənim kəsilmiş həmin iş adamı barədə bəzi məlumatlar əldə edib. Məlum olub ki, Naxçıvanın məşhur Qarabağlar kəndindən olan İman Quliyev hakim elitaya yaxın adamdır və iki nüfuzlu nazirlə qohumluq əlaqələrinə malikdir.

Mötəbər mənbələrin bildirdiynə görə, İman Quliyev böyük kapitala malikdir və özünü nüfuzlu biznesmen kimi tanıdıb. Onun qardaşı Telman Quliyev isə Qax Rayon İcra Hakimiyyətinin başçısı işləyib.

“O zaman sual yaranır: deputat İqbal Ağazadəni hakim elitanın bu cür nüfuzlu nümayəndəsi ilə açıq qarşıdurmaya getməyə nə vadar edib? Doğrudanmı “Qozbel İman”ın adamlarının kəsməyə hazırlaşdıqları 24 ağacın taleyi, yaxud Xətai sakinlərinin etirazı? Yaxud söhbət ayrı-ayrı məmurlar arasında maraqların yeni toqquşmasından gedir?”, deyə sual edən sayt daha sonra bildirir:

“Bəzi qənaətlərə görə, İman Quliyevlə bağlı insident onunla qohumluq əlaqələrinə malik olan iki nazirin mövqelərinə zərbə vuracaq. Çünki ekologiya məsələsi və paytaxtda ağacların kəsilməsinə qarşı mübarizə şəxsən ölkə başçısının nəzarətindədir. Prezident İlham Əliyevin Bakıda ağacların qanunsuz kəsilməsi ilə bağlı dəfələrlə sərt çıxışlar etdiyi məlumdur. Dövlət başçısı belə çıxışlarının birində ayrı-ayrı iş adamlarının yerli məmurlarla əlbir olaraq Bakıda gecələr xəlvəti olaraq ağacları kəsdiyi, yerində binalar, ticarət obyektləri inşa etdirdiklərini demişdi. Prezident belə halları “vicdansızlıq” adlandıraraq onların qarşısının qətiyyətlə alınması, qanunsuz olaraq ağac kəsənlərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etmişdi.

Həmçinin birinci xanım Mehriba Əliyevanın sakinlərin müraciəti ilə Bakıda yaşıllıqlara qarşı vandalizm əməllərinə operativ reaksiya verdiyi də məlumdur.

Bu baxımdan gözləmək olar ki, İman Quliyevin özünə daha bir ticarət obyekti inşa etmək üçün Xətai rayonunda ağaclara gecə hücumuna ölkə rəhbərliyinin qəzəbli reaksiyası olacaq.”

Xatırladaq ki, İman Quliyev Bakıdakı məşhur “Şərq saray”, “Romance” restoranları, “Xalqlar Dostluğu” yarmarkası, turizm bölgələrində çoxsaylı istirahət mərkəzlərinin sahibidir. Həmçinin, tikinti sektorunda da əhəmiyyətli payı var. Cənab Quliyevin hansısa nazirlərlə qohumluq əlaqələrinə malik olduğu haqda məlumat yenidir. Lakin onun yüksək vəzifəli məmurlarla biznes şərikliyinin olduğu isə çoxdan məlumdur...

Rasim ƏLİYEV

AzPolitika.info