Menu

Dünya Bankı qızların məktəb qadağası ilə bağlı layihələri dondurdu

31.03.2022, 16:44
Dünya Bankı qızların məktəb qadağası ilə bağlı layihələri dondurdu

"Taliban" qızların orta məktəblərə qayıtmasını qadağan etdikdən sonra Dünya Bankı Əfqanıstanda 600 milyon dollar dəyərində dörd layihəni dayandırıb.

“AzPolitika.info” "BBC News"-a istinadla xəbər verir ki, Dünya Bankının layihələri Əfqanıstanda qadınlara və qızlara kişilər qədər xidmətlərə çıxış imkanı vermək məqsədi daşıyırdı. Layihələrə təhsil, səhiyyə və kənd təsərrüfatının yaxşılaşdırılması daxil idi.

Keçən həftə "Taliban" aylarla davam edən məhdudiyyətlərdən sonra məktəblərin açılmasına icazə vermə qərarını ləğv edib. "Taliban" bildirib ki, məktəblər yalnız “Şəriət qanunları və əfqan ənənələrinə” uyğun olaraq, qız tələbələr üçün uniforma ilə bağlı qərar qəbul edildikdən sonra açılacaq.

Bu ayın əvvəlində Dünya Bankının idarə heyəti fonddan 1 milyard dollardan çox vəsaitin təhsil, kənd təsərrüfatı və səhiyyə sahələri də daxil olmaqla təcili ehtiyacları dəstəkləmək üçün istifadə edilməsi planını təsdiqləyib.

Plana əsasən, pul "Taliban" səlahiyyətlilərinə verilməyəcək və bunun əvəzinə Birləşmiş Millətlər Təşkilatının agentlikləri və yardım qrupları vasitəsilə bölüşdürülməli idi.

Ötən həftə etirazçılar ölkənin paytaxtı Kabildə Təhsil Nazirliyinin yaxınlığında toplaşaraq məktəblərin yenidən açılmasını tələb edərkən, bu addım beynəlxalq qınaqlara səbəb olub.

ABŞ və Böyük Britaniya da daxil olmaqla 10 ölkənin rəsmilərinin birgə bəyanatında "Taliban"ın son addımı "dərin narahatedici" kimi təsvir edilib.

ABŞ Dövlət Departamenti də "Taliban"la Qətərdə keçirilməsi planlaşdırılan görüşləri ləğv edib.

L.SƏMLA

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol