Noyabrın 3-də Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.
“Media forum” saytının məlumatına görə, iclasda şuranın 2015-ci il üzrə birinci maliyyə müsabiqəsinin mövzuları, qurumun maliyyələşdirdiyi xarici QHT-lərin layihələrinin yekunlarına həsr edilən beynəlxalq konfransın keçirilməsi və daxil olan layihələr müzakirə edilib.
QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbəri, deputat Azay Quliyevin sədrliyi ilə keçirilən iclasda qurumun katibliyinin icraçı direktoru Fərasət Qurbanov deyib ki, 2015-ci ilin birinci maliyyə müsabiqəsi üçün 7 müxtəlif istiqamət üzrə mövzu təklifləri hazırlanıb.
O bildirib ki, mövzular bloklar üzrə qruplaşdırılıb və layihələrin icrasının effektivliyini artırmaq məqsədilə bir sıra yeni şərt və qaydalar müəyyən olunub. Katibliyin icraçı direktoru budəfəki müsabiqədə qrantların həcminin artırılmasının təklif olunduğunu və QHT-lərin şuraya həm fərdi, həm də koalisiya şəklində layihələr təqdim edə biləcəyini bildirib.


Şərhlər