Qoyunotaran da ola bilmiriksə, bəs bizdən nə olacaq?

Seymur VERDİZADƏ

Səhər işə başlayarkən saytlarda diqqətimi ən çox cəlb edən bu xəbər oldu: “Azərbaycan Gürcüstandan qoyun tədarükünü 4 dəfə artırıb”.

Başlıq qəliz olsa da, mənası budur: Əgər biz keçən il Gürücstandan 100 min qoyun almışıqsa, bu il həmin rəqəm 400 min olub.

Xəbəri oxuyandan bəri bir sual mənə rahatlıq vermir, qara-qara düşünürəm: Yer üzündə ən üzüyola, ən bərəkətli heyvan olan qoyunu da özümüz saxlaya bilmirik?

İqtisadçı dostları aradım. Məlum oldu ki, biz nəinki qoyun ətinə, hətta dana ətinə olan ehtiyacımızı da idxal hesabına ödəyirik. Bu isə o deməkdir ki, əgər xaricdən qoyun-quzu, dana almasaq, ilin ən azı 6 ayında ət üzünə həsrət qalarıq...

Biz uşaq olanda müəllimlərimiz yaxşı oxumayan uşaqlara belə deyirdilər: “A bala, dərslərinə fikir ver, nəsə öyrən. İnstituta qəbul olmasan, qoyunotaran olacaqsan”.

İndi elmə və təhsilə maraq sovet dövrü ilə müqayisədə xeyli aşağıdır. Bəs niyə qoyunotaranlarımız yoxdur?

Dünən soğanın 1 kiloqramını 1 manatdan almışam. Yaxşı kartof 2 manatdan aşağı deyil. Söhbət kürüdən getsəydi, deyərdim ki, nazirlərimiz, digər vəzifəli şəxslərimiz dura-dura biz nə karəyik ki, belə bahalı təamlardan dadaq? İstəyirsiniz, kartof-soğan da yeməyək? Hələ ki, yeyə bilmirik. Çünki çox bahadır. İqtisadçılar baha olmağını bu məhsulların xaricdən gətirilməsiylə əlaqələndirirlər. Belə məlum olur ki, kartof Pakistandan Bakıya gəlib çıxana kimi qiymət iki dəfə artır.

Hamılıqla xaricdə istehsal olunmuş televizor alırıq. Çünki biz televizor istehsal etməyi bacarmırıq. Hətta ütü də ölkəmizə kənardan gətirilir. Taxtanı, divar kağızını, hətta onu yapışdırmaq üçün yapışqanı da xaricdən alırıq. Bunları başa düşürəm. Çünki elmimiz hələ televizor istehsal edəcək səviyyədə inkişaf etməyib. Bəs dana ətini, quzu ətini, Allahın yumurtasını niyə xaricdən alırıq? Doğrudanmı, biz iki dananı, beş-on qoyunu qabağımıza qatıb otarmağı bacarmırıq? Əgər qoyunotaran da ola bilmiriksə, bəs bizdən nə olacaq?

(Yenisabah)

635x100

Şərhlər

Camaat 2022-04-15 15:35:19

28 ildir ki qoyun-quzu ,malabaxanların hamısı bütün vəzifələri yağmalayıblar.Çıxış yolu onların hamısını çıxdıqları kənddə , yenidən köhnə peşələrinə qaytarmaqdır.

Camaat 2022-04-14 12:10:19

Samir müəllim qoyun,quzü,keçi, mal-heyvan otaranlar oturublar bəzi sahələrdə.Ona görə hər şey qıttdır və qanunlar tərsinə işləyir.Bunların hamısını vəzifələdən tüküb,dədə baba işlərilə məşğul olmağa məzbur etmək lazımdır.

Murad 2022-04-13 13:11:47

huquqsunaslari kend teserrufati nazirliyine dolduranda bes bilmirdiniz ki neinki qoyun eti hec kartof da tapmayacayiq. kend teserrufati nazirliyinin butun strukturu huquqsunaslardan ibaretdir

Ali 2022-04-13 00:49:23

Digər məsələ isə bizdə yeni, intensiv ət heyvandarlığı texnologiyalarının zəif inkişaf etməsidir. Yəni heyvanın örüşdə yox, fermada, qapalıməkanda bəslənin bordanması. İş burasındadır ki. Azərbaycanda otlaq, örüş sahələrinin azlığı böhran vəziyyəti yaradlıb. Bu barədə kənd təsərrüfat alimləri dəfələrlə fəryad ediblər ki, Azərbaycanda saxlanan təkcə qoyunlar üçün indikindən 30-40 faiz çox otlaq sahəsi-örüş olmalıədır, Bu qıtlığa görə bizim örüşlərdəki bitkilər bir otarmadan dogərinə kimi özlərinə gələ bilməyib məhv olurlar. Bitki örtüyü məhv olur, torpaq erozoiyaya uğrayır və 5-10 ildəb sonra indiki otlaqların əksər hissəsi bitkisiz boz torpaq sajhəsinə çevriləcək, kolluqlar belə məhv olacaq. ...Nə isə belə hazırlıqsız məqalə yazmaqdan, yazmamaq daha yaxşıdır. Azərbaycan heyvandarlarının adını qaralamayın.

Ali 2022-04-13 00:42:48

Nə isə fikir yürütməkdən əvvəl bunun kökünü araşırmaq lzımdır. Biz Gürcüstandan, Dağəstandan ətlik qoyun. mal-qara ona görə almırıq ki, biz heyvandarlığı bacarmırıq, sadəcə bizdə ət baha olduğu üçün heyvanı bu ölkələrdən gətirmək sərf edir.

Aborigen 2022-04-12 14:16:55

Hörmətli Seymur müəllim bir məsələni yaddan çıxarıb. Dana və qoyunlara otarandan çox otlamaq lazımdır. Bəs harada? Hansı ərazilərdə? Hələ çayların və bulaqların da suyu pullu olandan sonra dana və qoyunlar ekzotik varlığa çevriləcəklər.

Elçin 2022-04-11 18:59:34

Axı siz mültukulturalistsiniz,ayıb olar qoyun otarmaq..

Şəhriyar 2022-04-11 18:46:54

Salam Seymur bəy! Necə də doğru qeyd edirsiniz!!! Axı biz tənbəl, kütbeyin, bacarıqsız və s. mənfi xüsusiyyətlərə malik xalq deyilik! "Niyə" və "nə üçün" suallarına tez cavab tapmalıyıq! p.s. Sovet dövrü ilə müqayisədə həqiqətən təhsilə və elmə maraq dözülməz dərəcədə azalıb!

Son yazılar