"RUSİYA TANKSIZ VƏ KOSMOSSUZ, RUSLAR İŞSİZ QALACAQ..." - Kreml “acların üsyanı”ndan qaçmaq üçün hansı tədbirləri görür?

Müharibədə döyüş meydandındakı hərbi texnikanın üstünlüyü güclü faktor sayılsa da, bu, qələbə qazanmaq üçün yetərli deyil. Müharibə geniş mənada resurs mübarizəsidir. Rusiya Ukraynaya soxulanda müharibəni çox qısa müddətdə udacağını düşünürdü və belə hesab edirdi ki, onun mövcud iqtisadi gücü bunun öhdəsindən gəlməyə imkan verəcək.

Lakin indi Kreml görür ki, nəinki istədiyi “blitskriq” alındı, hələ üstəlik Qərbin ağır sanksiyaları üzündən iqtisadiyyatı da bataqlığa sürüklənir. Beynəlxalq analitiklərin hesablamalarına görə yaxın perspektivdə sanksiyalar Rusiya iqtisadiyyatını iflic edəcək.

“AzPolitika.info” sözügedən mövzuyla bağlı Ukraynanın “Unian.net” portalında dərc olunan materialların bir qismini təqdim edir:

”Kremlin Ukraynaya qarşı genişmiqyaslı təcavüzü başlayandan indiyədək 2,5 min Rusiya vətəndaşı sanksiyalar siyahısına salınıb. Hazırda bu təcavüzkar ölkə sanksiyaların sayına görə İran, Əfqanıstan və Şimali Koreyanı geridə qoyub. Sanksiyalar Rusiya iqtisadiyyatını əhəmiyyətli dərəcədə laxladıb və əhalinin həyat səviyyəsinə ciddi zərbə vurub. Baş verənlər hələ yalnız başlanğıcdır!

Beynəlxalq sanksiyalar həmçinin Rusiya Hərbi Sənaye Kompleksinin bir sıra sektorlarına konkret təsirlər göstərir. Xarici komponentlər və texnologiya çatışmazlığı Rusiyanın hərbi elektronika cihazlarında, snyaper tüfənglərində, bəzi idarəolunan raket-artileriya qurğularında, minaatanlarda özünü büruzə verməyə başlayıb.

Sənayenin çöküşü

Təcavüzkara qarşı yönəlmiş güclü beynəlxalq sanksiyalar Rusiya iqtisadiyyatının bütün sektorlarına zərbə vurur. Rusiya otuz il ərzində xammal ixrac edib və inkişaf etmiş ölkələrdən texnologiya almaq yoluyla dünya iqtisadiyyatına qovuşaraq onun bir parçası halına gəlib. Elə məhz bu tərz iqtisadi model Rusiyanın ən böyük probleminə çevrilib. Ona görə də indi Rusiya özünü Qərb mallarından məhrum etməklə qapalı iqtisadi sistemə malik SSRİ-dən daha pis vəziyyətə düşəcək. Yəni, Sovet sistemi Rusiya ilə müqayisədə ixrac məhsullarından daha az asılı idi və o, öz iqtisadiyyatının sabit işləməsi üçün demək olar ki, bütün zəruri malları müstəqil şəkildə istehsal edə bilirdi.

Hazırkı Rusiyada isə qətiyyən belə deyil. Məsələn, hazırda Rusiyanın ən böyük avtomobil zavodu olan ”AvtoVaz” Ukraynaya qarşı müharibə başlayandan sonrakı vaxt ərzində istehsalını iki dəfə azaldıb. Digər avtomobil istehsal edən müəssisələrdə də anoloji vəziyyətdir. Rusiya ərazisində fəaliyyət göstərən Qərbin avtomobil şirkətləri isə ümumiyyətlə, istehsalı dayandıraraq, ölkəni tərk ediblər.

Rusiyanın “Avtostat” analitik agentliyinin məlumatına əsasən, son ay yarım ərzində avtomobillərin qiyməti 35-45 faiz qalxıb. Yaxın zamanlarda rusiyalılar öz avtomobilləri üçün lazım olan ehtiyat hissələrini tapmayacaqlar.

Tanklarsız və kosmossuz

Təcavüzkarın müdafiə sənayesindəki vəziyyəti xeyli mürəkkəbləşib. Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiyanın Hərbi Sənaye Kompleksinin 20-dən artıq müəssisəsi müvafiq detalların çatışmaması səbəbindən öz işini tamamilə və ya qismən dayandırıb.

Xüsusən də tank və aviasiya raketləri buraxan “Vımpel”, ”Uralzavod” və “Çelyabinsk traktor zavodu”ndakı istehsal dayanıb.

Bundan başqa, ABŞ hökumətinin sanksiyaları daha 120 müəssisəni əhatə edəcək və bunların içərisində Rusiya hakimiyyətinin və yerli lümpenlərin qürur mənbəyi olan “Roskosmos” şirkəti də var. Bu, o deməkdir ki, Rusiya Federasiyası özünün kosmik ambisiyaları ilə vidalaşmağa başlayır.

Ağ ev administrasiyasının kommunikasiya məsələləri üzrə direktoru Keyt Bedinqfild deyib: ”Yaxın günlərdə ABŞ Ticarət Nazirliyi Rusiyanın müdafiə, aerokosmik və dəniz nəqliyyatı sektorunun işinə zərbə vurmaq üçün müvafiq tədbirlər həyata keçirəcək”.

Enerji sektoruna vurulan zərbə

Ekspertlərin fikrinə görə, işğalçının elektrotexnika sənayesi ehtiyat hissələrinin çatışmazlığı ilə üzləşib. Yəni, irəlidə çox sürətlə müəssisələrin bağlanması və Rusiya enerji sisteminin dağılması prosesi başlayacaq. Yaxın zamanlarda rusiyalıları elektrik enerjisinin fasilələrlə verilməsi təhlükəsi gözləyir.

“Naftaqaz Ukrayna”nın kommunikasiya üzrə keçmiş direktoru, enerji məsələləri üzrə analitik Maksim Bilyavski bildirib: ”İstənilən transformator üçün izolyasiya kağızı ən vacib detallardan sayılır. Sanksiyalar tətbiq edilməmişdən öncə Rusiya müəssisələri bu məhsulları idxal edirdi. Ona görə də işğalçı yaxın iki ay ərzində transformator qıtlığı ilə qarşılaşacaq”.

Sivil dünya Rusiya neftini dempinq(aşağıya salınmış) qiymətinə alır. Həmçinin, Rusiyada artıq neft hasilatı azalmağa başlayıb. Rusiya qazının əsas alıcısı olan Avropa Birliyi Ukraynaya qarşı təcavüzünə görə bu ölkədən idxal etdiyi təbii qazdan imtina məsələsinin müzakirəsinə başlayıb.

Yüksək inflyasiya və rublun düşüşü

İqtisadi sanksiyalar inflyasiyanı artırır və həmçinin də rublun məzənnəsini aşağı sürükləyir. Sanksiyaların dağıdıcı nəticələrini gizlətmək üçün Rusiya hakimiyyəti rublla bir neçə məzənnə təyin edib.

İqtisadi strategiya mərkəzinin direktoru Qleb Vışlınski deyib: ”Belə bir təəssürat yaranır ki, Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiulina sanki Rusiyanın əleyhinə işləyir. Müxtəlif məzənnələrin yaradılması praktikası kökündən səhvdir və bunu istənilən peşəkar yaxşı analyır. Belə bir addımın atılması balansın pozulmasına, möhtəkirliyə və inflyasiyanın yüksəlməsinə gətirib çıxarır”.

Vəziyyət elə hala gəlib ki, rusiyalıların xarici vayuta almalarına qadağa qoyulub. Valyuta almaq istəyənlər qara bazarda bir dollar üçün 200 rubl ödəyirlər. Bundan əlavə, küçədə valyuta alan və satan vətəndaşları nəinki adminstrativ cəza, hətta 5 il müddətində həbs gözləyir. Göründüyü kimi, Rusiya hakimiyyəti Sovet İttifaqının bütün “gözəlliklərini” təkrarlayır.

Rusiya rublunun düşməsi səbəbindən xarici malların da qiyməti artıb. Xeyli sayda şirkət Rusiyaya məhsul göndərməkdən imtina edib. Ona görə də rusiyalılar özlərinin keyfiyyətsiz məhsullarını almaq məcburiyyətində qalıblar.

Ekspertlər qeyd edirlər ki, Rusiya hakimiyyəti “acların üsyanı”ndan qaçmaq üçün federal büdcədən əhaliyə və iqtisadiyyata subsidiya buraxaraq qiymət artımını qismən də olsa kompensasiya etməyə çalışacaq.

Artıq indidən enerji resurslarının əksər xərcləri büdcədən ödənilir. Dünya Bankının hesablamasına görə, 2019-cu ildə Rusiya enerji sektorunun subsidiyası Ümumi Daxili Məhsulun 1,4 faizinə bərabər olub. Bu isə böyük xərcdir. Yüksək inflyasiya və rublun kəskin düşüşü fonunda təsərrüfat sisteminin daha çox subsidiya edilməsi Rusiya iqtisadiyyatının səmərəsizliyini, geriliyini və əmək resurslarının rəqabət qabiliyyətinin geriləməsini göstərir.

İşsiziyin böyüməsi

Təkcə Qərbin 10 iri şirkətinin Rusiya bazarını tərk etməsindən sonra ölkədə 120 min insan işsiz qalır. Rusiyada “McDonalds” 62 min, ”PepsiCo” 20 min, ”IKEA” 15 min, ”Inditex” 15 min, ”KPMG” 4,5 min, ”PWC” 3,7 min, ”H&M” 3,5 min, ”LVMH” 3,5 min, ”L‘OREAL” 2,2 min, “Starbucks” 2 min insanı işlə təmin edirid.

Ekspertlərin proqnozlarına görə, bu ilin sonuna kimi 9 milyon Rusiya vətəndaşı işsiz qalacaq. İqtisadi və sosial problemlər üzündən ixtisaslı rusiyalılar xaricə qaçacaqlar. Bu, xüsusən də IT sferasında çalışanlara aiddir. Analitiklərin məlumatına görə, müharibə başlayandan Rusiyanı 50-70 min IT mütəxəssisi tərk edib.

Sanksiyalar blokadası davam edir

Mədəni dünya Rusiyanın Buça və digər şəhərlərdəki dinc vətəndaşlara qarşı həyata keçirdiyi soyqırıma sərt reaksiya verib. Bu hadisədən sonra Qərb ölkələri sanksiyaları daha da gücləndiriblər.

Avropanın Rusiyaya qarşı yönəlmiş yeni sanksiyalar zərfində bu ölkədən kömür alınmasının dayandırılması(4 milyard avroluq), 4 böyük bankın tranzaksiya həyata keçrməsinin durdurulması nəzərdə tutulur.

Bundan əlavə, bütün Rusiya gəmilərinin Aropa Birliyi limanlarına girişinə və həmçinin də Rusiya və Belarus nəqliyyat şirkətlərinin Avropa Birliyində işləməsinə qadağa qoyulub. Həmin sanksiyalar çərçivəsində Rusiyaya elektronika cihazlarının və maşınqayırma dəzgahlarının göndərilməsinə də qadağa tətbiq edilib.

Ukrayna xarici işlər naziri Dmitri Kuleba sanksiyalarla bağlı deyib: ”Sanksiyaların “müqəddəs üçlüyü” Rusiyanın hərb maşınını birdəfəlik saxlayacaq. Bunlar birincisi, Rusiya neftindən və qazından imtina edilməsidir, ikincisi, dünya limanlarının Rusiya gəmilərinin və mallarının üzünə qapadılmasıdır, üçüncüsü isə Rusiyanın bütün banklarının SWİFT beynəlxalq ödəmə sistemindən çıxarılmasıdır. Biz hazırda bu üç istiqamətdə intensiv danışıqlar aparır və yaxşı xəbərləri yaxınlaşdırırıq”.

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyaen bu məsələ ilə əlaqədar bildirib: ”Biz Putinə və Rusiya hökumətinə təzyiqləri artırmalıyıq. Ona görə də sanksiyaları daha da gücləndirməyi təklif edirik. Sanksiya tədbirləri Rusiyanın siyasi və iqtisadi imkanlarını məhdudlaşdırır. Bunlar bizim sonuncu sanksiyalarımız olmayacaq”.

Vaqif Nəsibov

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar