“RUSİYA HƏRBİ KONTİNGENTİ GÜNDƏ BİR OYUN ÇIXARIR...” - “Separatizmə dəstək verməyin hansı fəlakətlə nəticələndiyini Rusiya Ukraynada görür”

Elman Məmmədov: “Paşinyana izah edirlər ki, sizin yeganə çıxış yolunuz Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşamaq, qonşuluq əlaqələrini bərpa etməkdir...”

“Rusiyanın həmin Donbas və Krım məsələsinə görə nələrlə üzləşdiyini görürük, bu gün öz hayındadır”

Məlum olduğu kimi, Brüssel görüşündən qayıdan Ermənistan Baş naziri Nikol Paşinyan Moskvaya çağırılıb, erməni parlamentinin sədri isə elan edib ki, danışıqlarda “dağlıq qarabağ respublikası” ifadəsindən istifadə edilməməlidir. Ermənilər Azərbaycan Ordusunun Qarabağda irəlilədiyini bildirirlər, Xankəndindəki separatçı rejimlə İrəvan arasında əlaqələrdə qopmalar yaşanır, baş separatçı Araik Arutunyan son ümidi Rusiyaya yaxınlaşmaqda görür. Azərbaycan isə bütün bunların fonunda mütəmadi olaraq, öz hədəfinə doğru irəliləyir...

“AzPolitika.info” Qarabağda baş verənləri Milli Məclisin deputatı Elman Məmmədovla müzakirə edib:

- Elman müəllim, son bir ayda həm Qarabağ məsələsinə dair siyasi danışıqlar, həm də hərbi baxımdan müəyyən canlanmalar müşahidə edirik. Aprelin 6-da baş tutan Brüssel görüşündən sonra isə fəallaşma daha çox özünü göstərir. Üstəlik, Rusiya bu proseslərdən narazı görünür...

- Son Brüssel görüşünə Azərbaycan tərəfi müəyyən təkliflərlə getmişdi və Avropa İttifaqı Şurası Prezidentinin bu təkliflərlə razı olduğu göründü. Eyni zamanda, Ermənistan Baş naziri Nikol Paşinyan da elan etdi ki, sülh sazişinə dair Azərbaycan tərəfinin verdiyi 5 şərtdən ibarət təklifə etirazı yoxdur, bunu qəbul edirlər. Ermənistan tərəfi onu da qeyd etdi ki, sülh sazişinə razıdırlar və buna ehtiyac var. Avropa İttifaqı rəhbərliyi də eyni mövqedən çıxış etdi. Cənab Şarl Mişel özü bəyan etdi ki, Brüssel danışıqlarında çox şeyə nail olundu. Eyni zamanda, bildirdi ki, komissiyalar qurulacaq və fəaliyyət göstərəcək. Bunlar hamısı müsbət irəliləyişlərdir.

Gəlin aprelin 5-nə qədər olan Ermənistana qayıdaq, orada nələrin baş verdiyinə diqqət edək. Aprelin 5-də İrəvanın mərkəzində tamaşa-mitinq düzənləndi. Bu, sözsüz ki, Paşinyanın razılığı əsasında ona müxalifətdə olanlar tərəfindən düzəldilmişdi. Məqsəd ermənilərin fikirlərini Avropaya və dünyaya çatdırmaq idi – “biz Qarabağa status tələb edirik, biz narazıyıq, buna diqqət ayırmalısınız” və s. Aksiyada Nikol Paşinyanın da əleyhinə şüarlar səsləndirildi. Mənim fikrimcə, bütün bunlar oyun idi.

Paşinyan Brüsseldən İrəvana qayıtdıqdan sonra məlum proses yenidən başlandı. Elan olundu ki, biz Azərbaycanın fikirləri ilə razıyıq, amma o şərtlə ki, Qarabağdakı ermənilərin öz müqəddaratını təyin etmə hüququ pozulmasın, onlara status verilsin və s. Başqa sözlə, yenidən suyu bulandırmaq, razılaşmaya problem yaratmaq ssenarisi işə salındı. Əslində bu, ilk belə hadisə deyil. 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli razılaşma başda olmaqla bütün görüşlərdə deyilir ki, Ermənistan razıdır, sonra isə müxtəlif bəhanələr ortaya atılır. Brüssel görüşündə də belə oldu. Həm deyirlər ki, razıyıq, həm də sonradan Azərbaycan tərəfindən qətiyyən qəbul edilməsi mümkün olmayan şərtlər irəli sürürlər. Bax, gərginlik də bu yanaşmalardan yaranır.

Həmçinin, yenidən erməni ordusunun dirçəldilməsi, gücləndirilməsi və s. məsələlər ortaya atılır. Hələ Ermənistan ordusu bir kənara, hazırda Azərbaycan ərazisində mövcud olan separatçı qurumun fəallaşması, Araik Arutunyan kimi quldurun yığıncaq keçirməsi təsadüfi deyil. Araik elan edir ki, ya Ermənistana birləşməliyik, ya müstəqil olmalıyıq, ya da Rusiya məsələsini ortaya atmalıyıq. Bu hallara da diqqət etmək vacibdir.

- Bu gərginliyin hərbi istiqamətini necə görürsünüz?

- Hərbi istiqamətdə mənzərə belədir ki, güclü Azərbaycan Ordusu Qarabağda müəyyən yerlərdə özünün dislokasiya mövqelərinə baxır, dəyişikliklər edir. Bu, vaxtaşırı həyata keçirilir və proses davam edəcək. Əlbəttə, bu, erməniləri çox ciddi təşvişə salır, narahatçılıq və qorxu yaradır. Bunun da müqabilində ermənilər dünyaya səs salır ki, azərbaycanlılar Qarabağda etnik təmizləmə aparmağa çalışır. Həqiqətdə isə belə deyil. Azərbaycan Ordusu Azərbaycan dövlətinin ərazisindədir. Təbii ki, bu ordu müəyyən vaxtlarda təlimlər keçirəcək, müəyyən yerdəyişmələr edəcək, vəziyyətdən asılı olaraq daha əhəmiyyətli mövqelərdə yerləşəcək. Həm də ilin fəsllərinin dəyişməsi məsələsi var. Qış fəsli bitir, yaz gəlir. Fəslə uyğun olaraq ordu daha münasib mövqelərdə dayanacaq. Biz nə Ermənistanın, nə də Rusiyanın ərazisində deyilik.

- Ancaq ordumuzun dislokasiya ilə bağlı planlı addımlarına təkcə Ermənistan etiraz etmir...

- Düzdür, ərazimizdə müvəqqəti yerləşən Rusiya hərbi kontingenti də çox ciddi cəhdlə buna maneə olmaq istəyir. Amma Azərbaycan tərəfi qanunu pozmur, heç kimə zor tətbiq etmir, bir güllə belə atmır. Sadəcə olaraq, mövqelərə baxılır, daha vacib mövqelər seçilir, dislokasiya prosesi həyata keçirilir. Bu da məqsədəuyğun sayılmalıdır.

- Son günlər Ağdərə istiqamətində ordumuzun addımları erməni mətbuatı tərəfindən ciddi şəkildə izlənilir, müəyyən xəbərlər yayılır. Bu istiqamətdə nə baş verir?

- Bu da mövqe dəyişikliyidir. Azərbaycan əsgəri qanunu pozmur, mülki əhaliyə ziyan vurmur. Bir güllə də atmır. Sadəcə, mövqe dəyişikliyidir.

- Sizcə, İrəvanla Xankəndindəki separatçılar arasında mövcud olan fikir ayrılıqlarına səbəb nədir?

- Öncə bilməliyik ki, Nikol Paşinyan bəyanatları öz xoşuna vermir. Paşinyan son çıxışında dedi ki, bunu təkcə o deyil, tarixən Ermənistana dost olan dövlətlər, hər zaman Ermənistanı dəstəkləyən ölkələr və qüvvələr də məsləhət görürlər ki, ləngimədən Azərbaycanla sülh sazişi bağlamaq lazımdır. Bu, nədən xəbər verir? Artıq tarixən ermənipərəst mövqeləri ilə seçilən dövlətlər, hansıki biz onların adını bilirik, Paşinyana izah edirlər ki, sizin yeganə çıxış yolunuz Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşamaq, qonşuluq əlaqələrini bərpa etməkdir. Bundan başqa çıxış yolunuz yoxdur. Yəni erməni bunu özbaşına demir və etmir. Mən burada Fransa və Rusiyanın adını çəkərdim. Yəqin ki, onlar da Paşinyana bu sözü deyiblər.

- Amma İrəvandakı revanşist qüvvələr və Xankəndindəki separatçılar Paşinyanın bu mövqeyini xəyanət kimi təqdim edirlər...

-Təbii ki, separatçı və cinayətkar qurum bu mövqeni xəyanət sayacaq. Nə üçün? Paşinyan 30 il ərzində Ermənistanı səfalətə düçar edən Qarabağ yükündən azad olmağa çalışır. Ermənistan bu yükdən azad olmağın vacibliyini məncə, artıq dərk edir. Paşinyan parlamentdəki çıxışlarının birində qeyd etdi ki, vaxtında ətraf yeddi rayonu Azərbaycana təhvil versəydim bu qədər itkimiz olmaz, müharibə baş verməzdi. Deməli, belə çıxır ki, Ermənistan erməniləri dərk edir ki, Qarabağ məsələsi, Qarabağ klanı, Qarabağdakı cinayətkar qurum onların sonuna çıxacaq. Yəni, separatçılar və onların səfeh iddiaları davam edəcəksə, bu, Ermənistanın sonunu gətirəcək. Əgər bunlar düzgün yola qayıtmasalar, daha ağır durumla üzləşməli olacaqlar. Əslində onlar dilə gətirməsələr də, qəbul ediblər ki, Qarabağ Azərbycanın suveren ərazisidir. Ermənistan parlamentinin sədri Alen Simonyan danışıqlarda “dağlıq qarabağ respublikası” sözündən istifadəni mümkün saymayıb. Belə də olmalıdır. Quldur Araik Arutunyan ona görə deyir ki, Paşinyan Qarabağa xəyanət edir.

- Separatçıların son zamanlar Rusiyaya birləşmək kimi fikirləri də ortaya atılır. Kremlin əsas ruporlarından olan Marqarita Simonyan da bu “fikirləri” dəstəklədiyini ifadə edərək, Qarabağdakı ermənilərin yaşadığı ərazilərə aid paylaşım edir. Sizcə, bütün bunlar təsadüfidirmi?

- Ermənilərin son 100 il ərzindəki davranışlarına baxsaq, bir çox maraqlı detallar üzə çıxar. I Dünya Müharibəsi dövrünə və 1920-ci illərə diqqət edəndə görürük ki, böyük dövlətlər - ABŞ, Rusiya, Fransa, Britaniya və digər bəzi dövlətlər ermənilərə müəyyən vədlər vermişdilər. Demişdilər ki, Türkiyə daxilində üsyan qaldıracaqsınız, biz də Türkiyəni yıxandan sonra onu bölüşdürəcəyik və sizə də dövlət yaratmaq üçün torpaq payı verəcəyik. Nəticənin necə olduğu hamıya məlumdur. Bu gün də Cənubi Qafqazda Ermənistan-Azərbaycan münaqişəsinin yaradıcılarının kimlər olduğu bəllidir. Həmin qüvvələr yenə də münaqişənin tam həll edilməsinə razı deyillər. Doğrudur, onlar sözdə sülh tərəfdarı olduqlarını deyirlər. Həqiqətdə isə hər gün münaqişə ocağını qızışdırmaqla məşğuldurlar. Bunu da ermənilər üçün deyil, öz mənafeləri üçün edirlər ki, bölgədə mövcudluqlarını saxlasınlar. Bu səbəbdən də Rusiya hərbi kontingenti gündə bir oyun çıxarır. Azərbaycan qanunlarını pozaraq, ağıllarına gələni edirlər. Gah heykəllər qoyurlar, gah kilsə tikirlər, gah Qarabağ rus icması yaradırlar, gah da bir dəstə quldur ermənini yığaraq ziyarət adı altında onları alban məbədlərinə aparırlar. Eləcə də humanitar yardım adı altında hansısa obyektlər tikirlər. Bütün bunlar nə deməkdir?

Birincisi, bu, Azərbaycan qanunlarını pozmaqdır.

İkincisi, sülhməramlı missiyasına zidd hərəkətlərdir.

Üçüncüsü, münaqişəni sönməyə qoymamaqdır, yəni, ermənilər ümidli olsunlar ki, bu qüvvələr bizi qoruyacaq - separatçılıqla, cinayətkarlıqla məşğul olacağıq və kimsə bizə bir söz deməyəcək.

Amma bununla da çox böyük səhv edirlər. Həm Rusiyanın hərbi kontingenti, həm də oradakı separatçı ermənilər. Azərbaycanın bu qanunsuz hərəkətlərin qarşısını almaq üçün kifayət qədər hüquqi bazası və bu hüquqi baza əsasında separatçıları ərazimizdən təmizləmək üçün kifayət qədər gücü var. Bunu da edəcəyik.

- Demək istəyirsiniz ki, separatçıların Rusiyaya birləşmək kimi zərərli iddiaları təhlükəli deyil?

- Bu xətt o zaman təhlükəli olardı ki, ya Rusiya-Ukrayna müharibəsi olmazdı, ya da müharibə olduğu təqdirdə Rusiya özünün dediyi kimi, iki-üç günə Ukraynanı tutardı. Bu halda çox ciddi narahatlığa əsas yaranardı. Amma Rusiyanın ümumilikdə separatizmə dəstək verməsinin bu gün Rusiyanın özü üçün hansı fəlakətə çevrildiyini dünya da, biz də görürük, Rusiya özü də bundan dərs alır. Rusiyanın həmin Donbas və Krım məsələsinə görə bu gün nələrlə üzləşdiyini görürük. Dünya Rusiyanın üzərinə gəlir. Rusiya bunu yaxşı dərk edir. Bəlkə də Ukrayna müharibəsindən əvvəl separatçıların bu səpkili fikirləri Rusiyaya xoş gələrdi. Amma bu gün Rusiya öz hayındadır və hesab edirəm ki, cənab Putin belə səhvə heç vaxt yol verməz. Bəli, bunlar separatçıların xam xəyallarıdır və bu xəyallar orada yaşayan erməniləri birdəfəlik məhv edəcək. Ya ərazimizdən çıxıb gedəcəklər, ya da elə “ya da” olacaq.

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

Roma 2022-04-18 12:43:36

Məqalə ilə razı deyiləm, belə ki, Rusiyaya deyək ki, indi Qarabağ ermənilərini tam dəstəkləmirsə (inanın ki, bu dəqiqə də ermənilər Rusiya tərəfindən tam dəstəklənir), bu o demək deyil ki, bu belə də davam edəcək. Sabah başı açılan kimi, lap elə indi də, Rusiya Qarabağda referendium keçirəcək və ermənilərə Rusiya pasportu paylayacaq. Sonrası erməni bizə güllə atacaq, biz raqatka ilə erməniyə fındıq boyda daş atarıqsa, onda da Rusiya "sülhməramsızı" sülhü "bərqərar" edəcək...

Son yazılar