Menu

Ana dilimizin təkrar dövlət dili statusu almasının 44 illiyi - “Bütün sahələrdə milli brendimizi yaratmalıyıq”

21.04.2022, 20:52
Ana dilimizin təkrar dövlət dili statusu almasının 44 illiyi - “Bütün sahələrdə milli brendimizi yaratmalıyıq”

27 iyun 1918-ci ildə AXC hökumətinin qərarı ilə Türk dili adlanan Ana dilimiz dövlət dili elan edilib. Ancaq sovet Rusiyasının yenidən Azərbaycanı işğal etməsindən sonra dilimizin adı dəyişdirildiyi kimi, dövlət dili statusuna da son verilib.

Yalnız 21 aprel 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olmasıyla bağlı maddə əlavə edildi. Qeyd edək ki, Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyaya daxil edilməsində o zaman respublikanın rəhbəri olan Ümumilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub.

Bu mövzuyla bağlı iqtisad elmləri doktoru, professor Zahid Məmmədov “AzPolitika.info”-ya şərhində bildirib ki, hazırda bütün dünya ölkələri Ana dilinin saflığının qorunmasıyla bağlı mübarizə aparır: “Təəssüf ki, ictimai rəydə belə bir fikir formalaşıb ki, fərqli dilləri bilmək iqtisadi inkşafa yol açır. Hesab edirəm ki, bu, yalnış düşüncədir. Məsələn, Afrika ölkələrinin universitetlərində təhsil xarici dillərdə aparılır. O zaman sual olunur ki, müxtəlif dillərdə təhsilin verildiyi bu ölkələrin iqtisadiyyatı niyə inkişaf etmir?

Əgər fərqli dilləri bilmək iqtisadi inkşafa səbəb olursa, ispan dilində təhsil verən Latın Amerikası ölkələrinin hansı iqtisadi inkişafları var? İqtisadi inkişaf keyfiyyətli insan kapitalıyla bağlıdır. İqtisadi inkişafa yalnız güclü insan kapitalıyla nail olmaq mümkündür”.

Z.Məmmədov qeyd edir ki, xarici ölkələrdən Azərbaycan universitetlərinə müraciət edən tələbələrə dilimizi öyrəndikləri halda pulsuz təhsil imkanı yaradılmalıdır: “Məsələn, siz Polşaya getsəniz, polyak dilini bilirsinizsə, həmin ölkədə pulsuz təhsil ala bilərsiniz. Amma təəssüf ki, xarici ölkələrdən gələn əcnəbi tələbələr Azərbaycan dilini bilsə də, onların belə bir şansı yoxdur. Əvvələr Nəriman Nərimanov, Yusif bəy Çəmənzəminli, Qara Qarayev xaricdə təhsil alaraq, Ana dilimizdə teatr, mədəniyyət, ədəbiyyat qururdular. Ulu öndərimiz Heydər Əliyev Azərbaycan dilinin dövlət dili statusu alması, təhsilin milli dildə təşkil olunması üçün böyük işlər gördü. İndi də belə olmaldır.

Əldə olunmuş bilgi Azərbaycan iqtisadiyyatına, cəmiyyətinə fayda verməlidir. Dil bir vasitədir. Fərqli dilləri bilmək elmi ədəbiyyatda, aparılan elmi tədqiqatlarda uğur qazanmağa kömək edə bilər. Ancaq ilk növbədə nəzərə almalıyıq ki, bu dilin ölkənin ictimai fikrinə hansısa formada xeyri olsun. Bu sahədə mütləq şəkildə kompleks yanaşma olmalıdır. Bütün sahələrdə öz milli brendimizi yaratmalıyıq”.

“AzPolitika.info”

Şərhlər

t.ədalət 2022-04-21 21:18:49

"o zaman Türk dili adlanan" ifadəsi düz deyil....Məgər,bizim danışdığımız dili türk dili deyil?

TARIX 2022-04-21 21:01:13

1978-Cİ İLDƏN ƏVVƏL AKADEMİK İ.MUSTAFYEV,M.İBRAHİMOV RESPUBLİKANIN RƏHBƏRLİYİNDƏ OLANDA AZƏRBAYCAN DİLİ DÖVLƏT DİLİ KİMİ İŞLƏNİRDİ

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol