Prokuror "Berlin Pub"da qətl törətməkdə təqsirləndirilən Orxan Şahbazovun 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Bu barədə dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Orxan Şahbazovun vəkili Ceyhun Yusifov cəzanın ağırlığına etiraz edərək “kasıb öləndə maddə 123 olur, varlı öləndə 120.2” ifadəsini işlədib.
Qeyd edək ki, Orxan Şahbazov ötən il avqustun 29-da "pub"a gələn müştəri Vüqar Mustafayevi başından vuraraq ölümünə səbəb olmaqda təqsirli bilinir. O, uzun illər fitness-məşqçi kimi fəaliyyət göstərib və sosial şəbəkələrdə tanınan şəxs olub.
Bundan başqa, Orxan bir sıra məşhur simaların özəl mühafizəçisi işləyib.
Qətlə yetirilən Vüqar Mustafayev isə uzun müddət Ukraynanın Azərbaycandakı Səfirliyinin əməkdaşı işləyib. O, eyni zamanda tanınmış Təhsil Nazirliyində 21 il Ali və orta ixtisas təhsili idarəsinin rəisi, daha sonra isə Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini işləyən İlham Mustafayevin oğludur.
Məhkəmənin növbəti iclası mayın 25-nə təyin edilib.


Şərhlər