Millət vəkili, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı münasibəti ilə təbrik paylaşıb. Təbrikdə deyilir:
"Bu gün - may ayının 23-ü Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır. Bu sahədə çalışan hər bir kəsi səmimi qəlbdən təbrik edirəm.
Qeyd:22 may - Beynəlxalq Biomüxtəliflik Günüdür. Əvvəllər həmin gün dekabrın 29-da qeyd olunurdu. Lakin 2000-ci il dekabrın 20-də BMT-nin Baş Assambleyası tərəfindən 22 may Bioloji müxtəliflik üzrə Konvensiyası qəbul olunub və həmin gün Beynəlxalq Bioloji Müxtəliflik Günü elan edilib.
Bioloji müxtəliflik (BM) ətraf mühitin vəziyyətini və ekosistemin davamlığını qiymətləndirən ən obyektiv amillərdən biri sayılır. BM-planetimizdə olan bütün həyat formalarının birliyi olub, bununla da Günəş sisteminin digər planetlərindən fərqlənir. BM- həyatın zənginliyi və çox müxtəlifliyi və onda gedən proseslərdir. Bura canlı orqanizmlərin müxtəlifliyi, onların genetik fərqləri, həmçinin orqanizmlərin yaşadıqları qruplaşmaların, ekosistemlərin və landşaftların müxtəliflikləri daxildir.Biloji müxtəliflik təbiətin tarazlığının qorunmasında çox mühüm amildir. Müasir dövrdə bioloji müxtəlifliyin sürətlə azalmasının səbəbləri aşağıdakılardır:
- Əhalinin sürətlə artımı və iqtisadiyyatın inkişafı – bütün orqanizmlərin həyat şəraitində və Yerin ekoloji sistemində böyük dəyişiklik yaradır.
- Təbii resursların istismarı və kənardan gətirilən növlərin introduksiya olunmasının təsirilə uzun müddətli nəticələrin nəzərə alınmaması.
- Bazar iqtisadiyyatı bioloji müxtəlifliyə və onun itirilməsinə həqiqi qiymətin verilə bilməməsi.
- Əhalinin miqrasiyasının yüksəlməsi, beynəlxalq ticarətin və turizmin artması.
- Təbii suların, torpağın və havanın çirklənməsinin güclənməsi və geniş yayılması.
Fəxrlə deyə bilərik ki, Azərbaycan dünyada zəngin fauna və florası olan ölkələrdən biridir. Burada faunanın 18 min növü, məməlilərin 97, quşların 357, balıqların 100-ə yaxın, amfibiya və reptiliyaların 67 növ və yarımnövü, həşəratların isə 15 minə yaxın növü qeydə alınıbdır. Ölkəmiz Yer kürəsində palçıq vulkanlarının unikal və klassik inkişaf regionu kimi tanınıb. Dünyada çinarın 7 növü vardır. Azərbaycanda isə onun yalnız bir növü - Şərq çinarı bitir. Şərq çinarının çoxsahəli əhəmiyyətini, dünyada az yayılmasını, nadir bitki olmasını və son əsrlərdə xeyli azalmasını nəzərə alaraq, onun adı Azərbaycanın “Qırmızı kitabı”na yazılıb. Buna baxmayaraq, biomüxtəlifliyin qorunub saxlanılması ilə bağlı problemlər ölkəmizdən də yan keçməyib.
Azərbaycanın əsas ekoloji problemləri sırasında biomüxtəlifliyin seyrəkləşməsi, meşə ehtiyatlarının, xüsusən də, faunanın azalması mühüm yer tutur. Bu isə öz növbəsində biomüxtəlifliyin qorunub saxlanılmasını zəruri edir. Bu baxımdan Azərbaycanda da ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması problemlərinin həllinə böyük diqqət yetirilir. 1993-cü ildə xalqın tələbi ilə yenidən Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyev tərəfindən ətraf mühitin mühafizəsi və bioloji müxtəlifliyin qorunmasına xidmət edən bir sıra tədbirlər həyata keçirildi. Təbiətə böyük qayğı və həssaslıqla yanaşan Heydər Əliyev: “Ətraf mühitə insani münasibət göstərilməsi, biomüxtəlifliyin qorunub saxlanılması bizim gələcəyimiz üçün çox vacibdir. Biz təbiətdən təcrid olunmuş şəkildə yaşaya bilmərik”, – deyirdi.
Ümmumilli Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dönəmlərdə 1977-ci ildə Azərbaycanın flora və faunasının genofondunun mühafizəsi üçün Azərbaycan Respublikası “Qırmızı Kitab”ının təsis edilməsinə dair qərar qəbul edilmişdir. Mövcud qanunvericiliyə əsasən, ölkə ərazisində təbii şəraitdə yaşayan, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan və bitki növləri xüsusi mühafizə edilir və Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilir. Azərbaycan Respublikasının “Qırmızı Kitab”ı rəsmi sənəd olmaq etibarilə, Azərbaycan Respublikasının bütün ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində heyvan və bitki növlərinin (yarımnöv, populyasiyalar) vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları özündə əks etdirir. Dünyada builki biomüxtəliflik gününə "Bütün canlılar üçün ortaq gələcək qurmaq" çağrışı ilə qoşulması təsadüfi deyil. Biomüxtəlifliyə qarşı olan təhlükələr bütünlükdə canlı aləm üçün həyacan təbilli hesab edilməlidir.Bütün dünyada actual olan ərzaq və su təhlükəsizliyi problemi bizim üçündə aktualdır. Bəşəriyyət yalnız bu problemlərdən birgə fəaliyyətlə qurtula bilər.
Ulu öndərin bünövrəsini qoyduğu ekoloji siyasətin əsasında bu gün biomüxtəlifliyin qorunub-saxlanılması dayanır.Buna misal olaraq Azərbaycanda bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair dövlət başçısının Sərəncamı ilə qəbul edilmiş Milli Strategiya və Fəaliyyət Planını (mart, 2006) göstərmək olar. Bununla yanaşı, son illər biomüxtəlifliyin mövcud vəziyyətinin və inkişaf tendensiyalarının öyrənilməsi, eləcə də genetik ehtiyatların səmərəli istifadə və reintroduksiya məqsədləri ilə toplanması üzrə beynəlxalq və yerli ekspedisiyalar həyata keçirilib. 2004-cü ildə Azərbaycanda Bioloji Müxtəlifliyə dair I Milli Məruzə, 2006-cı ildə Ərzaq və Kənd Təsərrüfatı Bitki Genetik Ehtiyatlarının vəziyyətini əks etdirən II Milli Hesabat hazırlanıb. Beynəlxalq əhəmiyyətli bu mühüm sənədlərdə biomüxtəlifliyin və onun genetik ehtiyatlarının həqiqi vəziyyəti, gözlənilən təhlükələr və bu təhlükələrin təsirinin yumşaldılması üzrə görülməsi vacib olan tədbirlər, prioritet və tələbatlar geniş şərh olunub. Son illər Prezident İlham Əliyevin sərəncamları ilə mühafizə edilən ərazilərin sayının artırılması, onların sahələrinin genişləndirilməsi, eləcə də statusunun qaldırılması, yeni milli parkların, qoruq və yasaqlıqların yaradılması Bioloji Konvensiyanın konseptual müddəalarına əsaslanaraq biomüxtəlifliyin bərpası və qorunmasının strateji və taktiki məsələlərinin həlli istiqamətində Azərbaycanda atılmış çox mühüm addımlardır.
Son 30 ildə Ermənistan tərəfindən bu ərazilərimizin işğalı nəticəsində təkcə azərbaycanlılara qarşı deyil, eyni zamanda bu ərazilərin təbiətinə və bioloji müxtəlifliyinə ciddi ziyan dəymişdir. Erməni yırtıcılarının törətdiyi ekoloji terror nəticəsində işğaldan azad olmuş ərazilərin biomüxtəlifliyi qəsdən və qanunsuz şəkildə məhv edilmiş, təbii resursları vəhşicəsinə istismar edilmişdir. Hazırda işğaldan azad olunmuş ərazilərin, o cümlədən təbii sərvətlərimizin vəziyyətinin qiymətləndirilməsi və bərpa edilməsi istiqamətində dövlət səviyyəsində mühüm addımlar atılır.
Azərbaycan Respublikasının qanunvercilik sisteminə müraciət etsək biloji müxtəlifliyin qorunmasına yönəlik kifayət qədər sistemli qanunvercilik bazası mövcuddur. “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 3 oktyabr 2016-cı il tarixli Sərəncamını xüsusi ilə qeyd etməliyik. Bundan sonra biloji müxtəlifliyin qorunması ilə bağlı sistematik olaraq qanunvercilik aktlarının qəbul edilməsi də onu göstərir ki, dövlət başçısı cənab İlham Əliyev bu məsələni daimi diqqət mərkəzində saxlayır. Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentiinin 27 iyul 2020-ci il tarixli sərəncamı bu sahədə davamlılığın təmin olunması üçün atılmış mühüm addımdır.
2020-2022-ci illlərə ərzində icra edilməsi nəzərdə tutulan tədbirlər planının icra strukturuna baxsaq bu sahədə gələcəkdə görüləcək işlərin daha aktual olacağını düşünə bilərik.
Sözsüz ki, biomüxtəlifliyin qorunması məsləsindən danışarkən işğaldan azad olmuş ərazilərimizin flora və faunasına vurulmuş ziyandan danışmamaq mümkün deyil. Çox təəssüflə qeyd olunmalıdır ki, Ermənistanın 30 ilə yaxın davam edən hərbi təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji terror baş vermiş, Qarabağ və ətraf ərazilərin təbiətinə, bioloji müxtəlifliyinə, su hövzələrinə ciddi ziyan dəymişdir. Təbii sərvətlər talan olunmuş, meşə örtüyü, flora və faunanın bir çox növləri məhv edilmiş, ətraf mühit çirklənməyə məruz qalmışdır.Qarabağ ərazisi üzrə xarakterik, o cümlədən nadir və itmək təhlükəsində olan bitkilərin introduksiya və reintroduksiyası ilə bağlı tədqiqatların aparılması, genofondun bərpası məqsədilə bitkilərin biotexnoloji üsullarla çoxaldılması, işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının bərpasının elmi əsaslarının işlənilməsi, müvafiq torpaq-iqlim şəraitinə uyğun və daha məhsuldar bitki sortları və heyvan cinslərinin yaradılması və tətbiqi istiqamətində kompleks tədqiqatlar həyata keçirilməlidir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə işğaldan azad olunmuş ərazilərimizin təbiətinə vurulmuş zərərlə bağla həyacan təbili çalması və ekoloji tarazlığın və biloji müxtəlifliyin qorunmasına dair sistematik işin öz bəhrəsini verəcəyinə inanırıq.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti Azərbaycan Respublikasının ərazisində və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində bioloji müxtəlifliyin, genetik fondun və təbii ekoloji sistemin qorunub saxlanılması, bərpası, artırılması, davamlı inkişafı, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən məqsədli istifadə, heyvanlar aləminin və ovçuluq təsərrüfatlarının inkişafı, maarifləndirmə, ekoturizmin və rekreasiyanın təşkili və inkişafı sahələrində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olan qurumdur.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəmadi olaraq biomüxtəliflik günü ilə bağlı milli parklarda açıq qapı günü elan etməsi təqdirəlayiq hal hesab edirəm. Bu aktın həyata keçirilməsi bir daha biloji müxtəlifliyin təhlükəsizliyinə qarşı diqqəti cəlb etmək üçün çox yaxşı vasitədir.Xatırlatmaq istəyirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 23 may, 2001-ci il tarixində AR-nın Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin və AR-nın Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin bazasında yaradılmışdır. Yarandığı gündən kifayət qədər uğurlu işlər görmüş, ölkəmizdə ekoloji tarazlığın qorunmasına öz töhfəsini vermişdir.
Əziz təbiəti sevərlər!
Sizin hər birinizi bu gün münasibəti ilə urəkdən təbrik edirəm!"


Şərhlər