Sadiq Qurbanov,
Azərbaycan Respublikası Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
Bu gün Müstəqillik günüdür! Azadlığımız bizim sərvətimizdir!
28 may 1918-ci il tarixi - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil olub. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi.

Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.
Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.
XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu.
Qeyd edək ki, 18 oktyabr 1991-ci ildə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Konstitusiya Aktında 28 may 1918-ci il tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 18 oktaybr 1991-ci il tarixində öz müstəqilliyini bərpa etmişdir.

Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası ən yeni tariximizdə məhz Heydər Əliyevə məxsusdur. Böyük rəhbərin dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi qətiyyət və iradə sonsuz Vətən sevgisinin parlaq nümunəsidir. Ümummilli lider Heydər Əliyev, müstəqlliyi əldə etmək çətindirsə, onu qorumaq ondan da çətindir - söyləyirdi.
Müstəqillik ideallarının Azərbaycan ictimai fikrində geniş yer tapmasında Heydər Əliyevin müstəsna xidmətləri danılmazdır. Heydər Əliyevin 7 mart 1991-ci il tarixində yeni ittifaq müqaviləsinə qoşulmaqla bağlı referendum keçirilməsi məsələsi ilə Azərbaycan Respublikası Ali Sovetindəki çıxışında Azərbaycanı istiqlal mübarizəsinə səsləyir. Ümummilli lider qeyd edir ki, son illərdə dünyada, ölkədə gedən ictimai, siyasi proseslər keçmişimizə münasibəti, ümumi dünyagörüşünü dəyişdirmiş, Sovet İttifaqında mərkəzlə respublikalar arasında olan iqtisadi, siyasi əlaqələr açılmış, çılpaqlaşmış, hansı tərəfin daha çox xeyir götürdüyü, zərər çəkdiyi aydınlaşmışdır. “Bir neçə respublikada baş vermiş milli demokratik hərəkatların İttifaq dövləti tərəfindən zorakılıqla, hərbi qoşun hissələri vasitəsilə boğulması tədbirləri İttifaqın imperiya siyasəti apardığını tam aşkar etmişdir. İttifaq dağılmağa başlamışdır. Ölkənin rəhbərliyi yetmiş il mövcud olan ittifaqın yarasız olduğunu bəyan edərək, respublikaları yeni ittifaq yaratmağa dəvət edir. Qorbaçov bir neçə çıxışında hətta belə demişdir ki, guya ölkədə indiyə qədər həqiqi İttifaq olmayıb, respublikalar heç də ittifaqda yaşamayıb, əsl ittifaq bundan sonra yaranacaqdır. Həqiqəti isə desək, yeni İttifaq Müqaviləsinin layihəsi əvvəlkindən də yararsızdır. Respublikanın keçmiş rəhbəri kimi, mən də belə yararsız və naməlum ittifaqa xidmət etdiyimi, buraxdığımız səhvləri etiraf edirəm və heyfslənirəm. Nəzərə almaq lazımdır ki, hər dövrün öz hökmü var. Biz də, demək olar ki, bu salonda oturanların hamısı, o hökmün təsiri altında olmuşuq. İndi isə hesab edirəm ki, bizim xalqımız üçün yetmiş illik imtahan bəsdir. Yeni bir ittifaqa girməyi Azərbaycan xalqı üçün rəva bilmirəm.
Azərbaycanın tam istiqlaliyyət, azadlıq, iqtisadi və siyasi müstəqillik yolu ilə getməsinin tərəfdarıyam!”
Ümmumilli lider Heydər Əliyev 7 mart 1991-ci il tarixində yeni İttifaq Müqaviləsinə qoşulmaqla bağlı referendum keçirilməsi məsələsi haqda Azərbaycan Respublikası Ali Sovetindəki çıxışında Azərbaycanı istiqlal mübarizəsinə səsləyir: “Azərbaycanın tam istiqlaliyyət, azadlıq, iqtisadi və siyasi müstəqillik yolu ilə getməsinin tərəfdarıyam. Azərbaycan xalqı artıq bu yola çıxmışdır. O öz tarixini yenidən təhlil edir, yenidən qiymətləndirir, öz milli ənənələrini bərpa edir, milli köklərinə qayıdır. Respublikada aşağıdan, xalq kütlələri tərəfindən başlanmış milli dirçəliş, dövlət dirçəlişi hərəkatı inkişaf edir. Bu təqdirəlayiq proseslərlə əlaqədar olaraq Ali Sovetin sessiyası fevralın 5-də müəyyən qərarlar qəbul etdi. Azərbaycan Respublikasının adının dəyişilməsi, dövlət bayrağının dəyişilməsi, 28 May günü haqqındakı qərarları nəzərdə tuturam. Lakin çox təəssüf ki, bu qərarlar müzakirə olunmadı, onların qəbul edilmə səbəbləri izah olunmadı, qərarın özündə də onların məna və mahiyyəti göstərilmədi. Şübhəsiz ki, bu qərarlar forma naminə qəbul olunmayıb. Bəs, belə olan halda nə üçün onların böyük siyasi, tarixi əhəmiyyəti Ali Sovetin sənədlərində öz əksini tapmayıb?”
Heydər Əliyev üçrəngli bayraqla Lenin büstünün bir yerdə olmasına etiraz edir...

Ümummilli liderimiz o dövrdə baş verənlərə kortəbii yanaşmanın da doğru olmadığını qeyd edir, bildirir ki, respublikamız yetmiş il sovet sosialist məzmunu daşıyıb. “İndi biz respublikamızın adını bu sözlərdən azad etdik. Bəs, indi biz hansı yeni siyasi quruluşu qəbul edirik? Məlum deyil. Yetmiş il bizim respublikamız Oktyabr inqilabı bayrağı altında yaşayıb. Biz o bayraqdan imtina etdik. Yeni bayraq qəbul etdik. Fəqət bu, heç də eyni bayraq deyil. O, 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının milli dövlət bayrağıdır. Bu mühüm siyasi əhəmiyyət kəsb edən fakt nə üçün qeyd olunmadı? Məmməd Əmin Rəsulzadə partiyasının ideyasını təmsil edən bayraqla, ona zidd olan ideyanın banisinin büstünün sessiya keçən salonda yan-yana durması da təəccüb doğurur. Sadəcə desək, bu uyğunsuzluğu anlamaq çətindir. Bəlkə buna bir izahat vermək lazım idi?
Fikrimcə, əgər Azərbaycan tam müstəqil dövlət olarsa, bu, müstəqil Azərbaycanın gələcək inkişafı üçün daha səmərəli olar!”
Tarix təkrar olunur...
1918-ci ildə Azərbaycan ziyalıları iki hissəyə bölünürdü. Birinci qrupa aid olanlar Azərbaycanın Rusiyadan ayrı yaşamaq iqtidarında olmadığı fikrini müdafiə edirdilər. Digər qrup isə Azərbaycan xalqının öz müqəddəratını təyin etmək gücündə olduğunu və müstəqil yaşamaq qüdrətinə malik olduğunu müdafiə edidilər.
90-cı illərin əvvələrində də hər iki ideoloji fikri müdafiə edən şəxslər var idi. Ümmumilli lider Heydər Əliyev 7 mart 1991-ci il tarixində Azərbaycan Respublikası Ali Sovetindəki tarixi çıxışında bu məsələlərə aydınlıq gətirir və Azərbaycanın müstəqil dövlət kimi yaşamaq gücünə malik olmadığı fikrini müdafiə edən şəxslərə etirazını bildirir. İctimai fikri müstəqillik ideallarına kökləyir.
Heydər Əliyev deyirdi: “Bəziləri respublikamızın müstəqil, İttifaqdan ayrı yaşamağa imkanı olmadığını sübut etməyə çalışır. İttifaqda olan respublikalar bir-biri ilə sıx iqtisadi, texniki əlaqələrlə bağlı olduğuna görə, onların İttifaqdan ayrı yaşamasının mümkün olmadığı fikri də ölkədə geniş yayılmışdır. Bu təbliğatlar əsassızdır. Əvvəla, Azərbaycan tam müstəqil dövlət kimi fəaliyyət göstərmək üçün bütün imkanlara malikdir. Bu barədə deputat Səmədzadənin (Hazırkı deputat Ziyad Səmədzadə nəzərdə tutulur-red.) çıxışındakı bir çox müddəalarla mən razı deyiləm. Əgər reqlamentdən əlavə vaxt verilsə, onların əsassız olduğunu sübut edərəm. İkincisi, dünyanın hər bir dövləti digər başqa dövlətlərlə istədikləri sahələrdə qarşılıqlı iqtisadi, ticarət, texniki əlaqələr yaradır, ümumdünya inteqrasiya prosesində iştirak edir və bunların heç biri bu dövlətləri müstəqillikdən məhrum etmir. Ona görə də İttifaqda olan respublikaların iqtisadi əlaqələri onların müstəqilliyə nail olmasına mane ola bilməz. Fikrimcə, əgər Azərbaycan tam müstəqil dövlət olarsa (o, indi İttifaqda olan respublikaların hər biri ilə, hətta İttifaq qalarsa, onunla da qarşılıqlı, bərabər hüquqlu, iki tərəfə də faydalı iqtisadi əlaqələr yarada bilər), bu, müstəqil Azərbaycanın gələcək inkişafı üçün daha səmərəli olar. Azərbaycan xalqının başqa xalqlarla dostluq əlaqələri müstəqil xarakter daşıyar, daha səmimi, daha möhkəm olar. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan xalqının başqa xalqlara nisbətən yeni İttifaq Müqaviləsindən imtina etməsinə daha çox əsası var”.
Bu tarixi çıxış siyasi-ideoloji faktlar və çağırışlarla zəngindir. Heydər Əliyev Azərbaycanın inkişafını demokratiya və siyasi plüralizmdə görür. Azərbaycanın yalnız və yalnız müstəqillik yolunu tutmalı olduğunu bildirir. Müstəqilliyimizin yolunun həmrəylikdən keçdiyini vurğulayır. Dahi Lider qeyd edirdi: “Demokratiyanın, siyasi plüralizmin, aşkarlığın inkişafı üçün şərait yaradılmalıdır. Bütün siyasi qüvvələr eyni hüquqda fəaliyyət göstərməlidir. Xalqa hər şey düzgün çatdırılmalıdır. Sosial ədalət bərqərar olmalıdır. Azərbaycan xalqının birliyi yeni, demokratik, heç kəsdən asılı olmayan dövlət qurulması yolu ilə təmin oluna bilər. Doğrudur, bu yolda çətinliklər də az olmayacaqdır. Fəqət, nəyin bahasına olursa-olsun, biz buna nail olmalıyıq. Biz bu yola düşməsək, bunu gələcək nəsillər edəcək. Və onlar, tarix bizi bağışlamayacaq. İndi hər bir namuslu, qeyrətli azərbaycanlı gərək öz şəxsi mənafelərini, imtiyazlarını unutsun, xalqın aqibəti, bu günü və azad gələcəyi haqqında düşünsün. Xalqın müqəddəratı hər şeydən üstün olmalıdır. Azərbaycan xalqı birləşməli, öz müqəddəs doğma torpağını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır. Xalq deputatlarını, bütün Azərbaycan xalqını bu yola dəvət edirəm və əmin edirəm ki, mən bu yoldan dönməyəcəyəm”.
1991-1993-cu illərin xalqımızın həyatındakı rolunun qısa xülasəsini versək, onu deyə bilərik ki, bir tərəfdə 70 il mövcud olmuş imperiyanın dağılması prosesi gedirdi, digər tərəfdə isə xalqda milli oyanış baş qaldırırdı. Yaranmış siyası böhran çevik idarəetmə və yeni yanaşma tələb edirdi. Amma təəssüf ki, yaranmış bu siyasi böhrana bir tərəfdən öz hakimiyyətini qoruyub saxlamaq istəyən, imperialist təfəkküründən çıxa bilməyən Ayaz Mütəllibov və komandası, digər tərəfdən isə nəyin bahasına olursa-olsun, hakimiyyəti əla almaq, qamarlamaq yanğısı ilə meydanlara atılan cəbhəçi-musavatçı bəylər öz “töhfə”lərini verirdilər. Qütbləşmə, qarşıdurma getdikcə kəskinləşir və ölkə uçuruma yuvarlanırdı. Xocalı faciəsi, Şuşa və Laçının işğalı məhz bu xəyanətkar qarşıdurmanın nəticəsi oldu. Və nəhayət ki, 1992-ci il mayında AXC-Müsavat cütlüyü dövlət çevrilişi edərək, hakimiyyətin güc yolu ilə zəbt etdi. Bundan sonra vəziyyət daha da ağırlaşdı. AXC-Müsavat hakimiyyəti ölkədə xaos, anarxiya, özbaşınalığa rəvac verdi. Mənfur ermənilər isə bundan istifadə edərək torpaqlarımızı işğal edir və çoxsaylı qaçqınlar-köçkünlər ordusunun yaranmasına səbəb olurdular. Problemlər getdikcə artırdı, səriştəsiz idarəetmə, savadsız kadr siyasətinin nəticəsində müstəqilliyimiz və bütövlükdə ölkəmiz çox ciddi təhdidlərə məruz qalmışdı. Hakimiyyət idarəetmə strukturlarına, o cümlədən silahlı birləşmələrə nəzarəti itirərək, 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. Qısa fəaliyyətlərinin xülasəsi o oldu ki, ölkənin bir sıra regionlarında silahlı birliklər separatçı iddialarla çıxış edib, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər.
Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi... Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən kənara saldı”.

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Bu gün hər bir vətəndaş bilir ki, Azərbaycanın müstəqil ölkə kimi mövcudluğu, dövlətçiliyin qorunub saxlanılması, möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz Heydər Əliyev müstəqilliyimizdən həmişə böyük inamla danışaraq, deyirdi: "Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir".
Müstəqilliyimizin əbədi, daimi və dönməz olması üçün isə, təbiidir ki, ölkəmizin hər bir vətəndaşı səylə çalışmalı, üzərinə düşən vəzifə borcunu şərəf və ləyaqətlə yerinə yetirməlidir.

Müzəffər Ali Baş Komandan İlham Əliyev müstəqlliyimizin 25 illiyi ilə bağlı çıxışında xalqımızın keçdiyi yola bir daha nəzər salaraq, fikirlərini belə ifadə edirdi: “İyirmi beş il bundan əvvəl - 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etmişdir. Beləliklə, Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşurdu. 1918-ci ildə müsəlman aləmində ilk demokratik respublika Azərbaycanda qurulmuşdur. Haqlı olaraq fəxr edirik ki, biz müsəlman aləmində birinci idik. Bu dəfə - 1991-ci ildə isə Azərbaycan öz dövlət müstəqilliyini elan edən müttəfiq respublikalar arasında birincilər sırasında deyildi. Öz dövlət müstəqilliyini elan edən müttəfiq respublikalar arasında Azərbaycan sayca 13-cü idi. Bu, tarixdir. Biz tarixi bilməliyik, yaddan çıxarmamalıyıq. Hesab edirəm ki, Azərbaycan o vaxt öz dövlət müstəqilliyini daha əvvəl elan edə bilərdi. Bu qədər gözləmək lazım deyildi. Xüsusilə onu da yaddan çıxarmamalıyıq ki, Sovet İttifaqının özəyini təşkil edən Rusiya öz dövlət müstəqilliyini avqust ayında, bizdən iki ay əvvəl elan etmişdi.
Onu da qeyd etməliyəm ki, hələ 1990-cı ildə ulu öndər Heydər Əliyev müstəqillik yolunda çox önəmli və ciddi addımlar atmışdır. 20 Yanvar faciəsindən sonra o, birinci şəxs idi ki, sovet rəhbərliyini pislədi, Qanlı Yanvar faciəsini törədənlərə qarşı öz iradlarını irəli sürdü, onları ittiham etdi, sovet hökumətini, onun rəhbərinin fəaliyyətini pislədi. Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi və bu, müstəqillik uğrunda birinci addımlar idi. Ondan sonra, artıq Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi 1990-cı ilin noyabr ayında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək, “Sovet Sosialist” sözlərini oradan çıxardı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı o vaxt Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanın dövlət bayrağı kimi elan edilmişdir və Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırılmışdır ki, burada da bu addım atılsın. Əfsuslar olsun ki, bunu etmədilər. 1991-ci ilin əvvəllərində Sovet İttifaqının saxlanılmasına dair Azərbaycanda referendum keçiriləndə Naxçıvanda Heydər Əliyevin təşəbbüsü ilə referendum keçirilməmişdir. Bütün bu addımlar müstəqillik yolunda atılan addımlardır. Digər tərəfdən bütün bu addımlar onu göstərir ki, ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təşəbbüskarıdır, onun banisidir”.
Qoy, Azərbaycanın başının üstündə dalğalanan üç rəngli müqəddəs bayrağımız heç vaxt enməsin!
Yaşasın müstəqil Azərbaycan Respublikası!


Şərhlər