TÜRK DÜNYASI ÜÇÜN YENİ DÖVRÜN BAŞLANĞICI OLAN BƏYANNAMƏ! - Şuşa Bəyannaməsinə kölgə salmaq cəhdləri iflasa uğrayır

Şuşa Bəyannaməsinin imzalanmasından bir il ötür. O bəyənnamə ki, iki qardaş dövlət olan Azərbaycan və Türkiyə arasında əlaqələri rəsmən ən yüksək müttəfiqlik səviyyəsinə qaldırdı. Hansı ki, müstəqillikdən əvvəl Azərbaycanla Türkiyə Arasında belə bir strateji əhəmiyyətli sənədin mövcudluğu ən fantastik arzularımızda belə yer ala bilməzdi. Kim buna imkan verərdi ki?...

Ancaq 2021-ci ilin 15 iyununda Şuşada, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra “Bir millət, iki dövlət”in qardaş liderləri Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" imzaladılar. Bütün TÜRK DÜNYASI ÜÇÜN yeni dövrün başanğıcı olan Şuşa Bəyannaməsi bizləri nə qədər qürrələndirdisə, düşmələrimizi də bir o qər məyus etdi.

Məlum olduğu kimi, bu sənəd qardaş xalqlar arasında hərbi, iqtisadi əməkdaçlıqdan tutmuş humanitar, sosial müdafiə, elm, təhsil, səhiyyə, mədəniyyətə qədər bütün sahələri əhatə edib.

“Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”.

Dünyanın geosiyasi xəritəsində bu gün baş verənləri, Rusiyanın məlum təcavüzkar imperiya siyasətini, Qərbinsə ikiüzlü, bəzənsə miskin davranışlarını nəzər alanda Şuşa Bəyannaməsinin ən əhəmiyyətli bəndi məhz bu bənd sayıla bilər...

Azərbaycanda hələ də rus “balalaykası”nın havasına çalıb oynayanlar çox vaxt Şuşa Bəyannaməsi ilə bu il Moskvayla imzalanan 22 fevral sazişini eyniləşdirməyə çalışırlar. Ancaq onların özləri də yaxşı bilirlər ki, bu sənədlər nə mahiyyət, nə yük, nə də cəmiyyətimizin münasibəti baxımından qətiyyən eyniləşdirilə bilməz. Belə sazişlər, xüsusilə də Rusiya kimi dövlətlər tərəfindən imzalandıqda, qısa müddətdə tarixi əhəmiyyətini itirir. Çünki ilk növbədə Rusiyanın özü ona məhəl qoymur. Bu gün Ukraynada yaşananlar bunun aşkar təzahürüdür.

Təkcə onu qeyd etmək yetər ki, həmin 22 fevral sənədinin imzalandığı gün Rusiya XİN, yəni Lavrovun və Zaxarovanın nazirliyi ermənisayağı, tarixi saxtalaşdıran və açıq təxribat xarakterli paylaşım etdi. Həmin paylaşımda Rusiya XİN 1828-ci il Türkmənçay müqaviləsinin ildönümünü yada salaraq, Naxçıvanla İrəvan xanlıqlarını “şərqi Ermənistan” kimi göstərdi. Bu yanaşma növbəti dəfə Rusiyanın nə dərəcədə etibarlı tərəfdaş, yaxud müttəfiq olduğuna, digər ölkələrin tarixi ərazilərinə və suveren hüquqlarına necə münasibət göstərdiyinə nümunə idi...

Moskvanın onun buradakı qulbeçələrinin bütün səylərinə baxmayaraq, 22 fevral sazişi Şuşa Bəyannaməsinə kölgə sala bilmədi və bilməzdi də.

Ən azından, məkan olaraq Moskvada, soyuq və bizə yad olan divarlar arasında imzalanan sənədlə mədəniyətimizin beşiyi, Qarabağımızın gözü olan Şuşada, nəinki millətimizin, təbiətimizin belə sevinci duyulan mühitdə imzalanan və möhtəşəm birlik, qardaşlıq təcəssümü olan SƏNƏD əlbəttə ki, eyni ola bilməzdi. Odur ki, Şuşa Bəyannaməsini, onun siyasi və mənəvi yükünü, Azərbaycan cəmiyyəti və dövləti üzərindəki təsirlərini, toplumun ona münasibətini, nəhayət, onun əhəmiyyətini Rusiya ilə imzalanan sazişlə eyniləşdirmək ən azı axmaqlıqdır!

Onu da unutmayaq ki, xalq həmin xalq olsa da, dövlət və hakimiyyət olaraq Elçibəy dönəmindəki Türkiyə ilə 44 günlük Vətən müharibəsində bütün gücü ilə Azərbaycanın yanında yer alan Türkiyəni eyni hesab etmək olmaz. Həmin dövrdə Türkiyə hökumətinin əliyalın əhalini xilas etməyə bir helikopter belə göndərməyə nə gücü, nə də cəsarəti vardı.

Bu gün isə Türkiyə nəinki regionda, bütün dünyada söz sahibinə çevrilən, hərbi qüdrəti ilə hər kəsi hesablamağa məcbur edən bir GÜCDÜR. Hansı ki, yeri gələndə dostlarını qorumaqdan çəkinməyəcəyini açıq mətnlə bəyan edir.

Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Vətən müharibəsinin ilk saatlarından biz Türkiyənin güclü dəstəyini gördük. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bütün dünyaya Azərbaycanın haqq işinə dəstək verdiklərini açıq, birmənalı və sərt açıqlamalarla bəyan etdi. Bildirdi ki, bu müharibədə Azərbaycan haqlıdır, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Hətta kənardan hər hansı müdaxilə olarsa, Türkiyənin Azərbaycanın yanında yer almaqdan, yəni müharibəyə qoşulmaqdan çəkinməyəcəyini bəyan etdi.

Bu isə həm də o deməkdir ki, Şuşa Bəyannaməsi tarixi fürsətdən yararlanma ustalığının ən bariz nümunəsi olmaqla yanaşı, siyasi iradə və qətiyyətin nəticəsidir!

Bu sənəd tək Azərbaycan yox, Türkiyə üçn də böyük tarixi və geostrateji əhəmiyyət kəsb edir. Çünki o, Türkiyənin az qala 100 ildən də çox müddəti əhatə edən uzun zaman kəsiyindən sonra Qafqaza və TÜRK dünyasına dönüşünü, buralardakı varlığını rəsmiləşdirmiş oldu. 

Özü də bu varlıq Rusiyadan fərqli olaraq, işğalçılıq, zor, “istəsən də, istəməsən də...” prinsipi yox, səmimi dostluq, qardaşlıq və strateji tərəfdaşlıq prinsipləri üzərində mövcuddur. Deməli, bu qardaşlıq, tərəfdaşlıq və onun əks olunduğu tarixi sənəd – Şuşa Bəyannaməsi də müvəqqəti yox, əbədidir!

İsmayıl İsmayılov

UNEK Əmək Bazarının Monitorinqi Mərkəzinin rəhbəri, “Menecement” kafedrasının dosenti,

İqtisad elmi üzrə fəlsəfə doktoru 

635x100

Şərhlər

Aborigen 2022-06-16 13:18:43

Çox sağ ol , Cəlal bəy!!!

Son yazılar