ABŞ-də yaşayan tanınmış azərbaycanlı siyasi təhlilçi Ramiz Yunus “AzPolitika.info”ya müsahibəsində Konqresin Ukraynaya hərbi yardım ayrılması barədə qərarının cəbhədəki duruma, o cümlədən Qəbin regiondakı siyasətinə mümkün təsirlərini şərh edib. Ekspert Prezident İlham Əliyevin Rusiyaya səfəri, rus sülhməramlılarının Qarabağdan çıxması, Bakı və İrəvan arasında sərhədlərin dəqiqləşdirilməsi prosesi barədə fikirlərini açıqlayıb.
Müsahibəni təqdim edirk:
- Ramiz bəy, ilk növbədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Ukraynaya 61 milyard dollar yardım haqqında qanun layihəsini şərh etməyinizi xahiş edirəm. Burada iki mühüm məsələ var: Ağ Ev 45 gün ərzində Ukrayna hədəfləri barədə Konqresə müffəssəl məlumat verməlidir. Həmçinin dondurulmuş Rusiya aktivlərinin müsadirə olunaraq Ukraynaya verilməsi də qanun şəklində təsdiqləndi. Bu yenilikləri necə qiymətləndirirsiz?
- Gözlənildiyi kimi, ilk növbədə, Ukrayna və İsrailə maliyyə yardımı ayrılması ilə bağlı aylarla davam edən siyasi şou, hansı ki, prezident seçkiləri kampaniyasının başlaması ilə həm respublikaçılar, həm də demokratlar üçün spekulyativ xarakter daşıyırdı, məntiqi sonluğa çatdı. Ən vacibi odur ki, bu, amerikalıların sevdiyi “happy end” - xoşbəxt sonluq oldu. Hamı razı qaldı - həm demokratlar, həm respublikaçılar, həm də təbii ki, ukraynalılar. Bundan əlavə, 45 gün ərzində Dövlət Departamenti və Pentaqon Rusiya - Ukrayna müharibəsində ABŞ-nin strateji hədəfini dəqiqləşdirməlidirlər, bununla bağlı mühüm qərar qəbul edilib. Bütün bunlar açıq şəkildə göstərir ki, yaxın gələcəkdə cəbhədəki təşəbbüs hazırda heç bir tərəfin ciddi üstünlüyə malik olmadığı statik vəziyyətdən Ukraynanın xeyrinə dəyişməyə başlaya bilər. Amma bu, ləng proses olacaq, çünki Ağ Ev 2024-cü ilin sonuna qədər, yəni ABŞ-də prezident seçkiləri başa çatana qədər eskalasiyanı istəmir.
- Nümayəndələr Palatasının qərarını ABŞ daxili rəqabətdə Baydenin siyasi qələbəsi adlandırmaq olarmı? Ümumilikdə bu qərarın Ukrayna üçün siyasi, diplomatik, hərbi əhəmiyyətini necə dəyərləndirirsiz? Avropa İttifaqının Ukrayna ilə bağlı qərarlarına necə təsir göstərə bilər?
- Hesab edirəm ki, demokratlar və respublikaçılar arasında 6 aylıq qarşıdurma 1-1 hesabı ilə başa çatdı, çünki hər iki tərəf həm müsbət, həm də mənfi nəticələr aldı. Bu, əsl kompromis idi. Əminliklə demək olar ki, Ukrayna, gec də olsa, qalib gəldi. Bütün bunlar, təbii ki, 2023-cü ilin yayından müşahidə etdiyimiz Avropa İttifaqı və NATO-nun Ukraynaya dəstəyinin daha da gücləndirilməsinə müsbət təkan verəcək. Hansı ki, həmin vaxtdan Avropa özünüqoruma instinktindən və ABŞ-də seçki kampaniyasının başlanmasından tez hərəkətə gəldi, həm özünü, həm də Ukraynaya köməyi gücləndirməyə başladı.
- Media yazır ki, Baydenin imzasından sonra yardımlar bu həftədən etibarən göndəriləcək. Onlara 300 kilometrdəki hədəfləri vura bilən АTACMS raketləri də daxildir. Ukrayna cəbhədə strateji üstünlüyü ələ keçirə bilərmi? Ukrayna cəmiyyətində necə əks-səda doğurub bu qərar?
- Qəbul edilmiş qanun, təbii ki, Ukraynanın imkanlarını əhəmiyyətli dərəcədə artıra biləcək uzun mənzilli ATACMS raketlərinin ayrılması zərurətini açıq şəkildə göstərir. Amma unutmaq olmaz ki, qanun ABŞ Prezidentinə raketlərin nə qədər və nə vaxt veriləcəyinə özü qərar vermək səlahiyyəti verir. Bu, bir tərəfdən Ukraynanın qələbəsi konsepsiyası, digər tərəfdən ABŞ Prezidentinin vəziyyəti gərginləşdirməmək imkanıdır. Düşünürəm ki, biz tez-tez bu mövzuda oxşar fərziyyələri hər iki partiyanın nümayəndələrindən eşidəcəyik. Ukraynanın özünə gəldikdə isə, təbii ki, Konqresin yardımla bağlı çoxdan gözlənilən müsbət qərar qəbul etməsi Ukrayna cəmiyyətində sevinc və ümid fırtınası yaratdı.
- Ramiz bəy, Ukrayna ilə bağlı qərarlar ümumilikdə Qərbin regiondakı siyasətinə necə təsir göstərə bilər? O cümlədən, Cənubi Qafqaz regionunda nələr gözləyirsiz? Ermənistanda, Gürcüstanda daxili vəziyyət gərgin olaraq qalır, nə gözləyirsiz bu istiqamətdə?
- Rusiyanın Ukraynaya qarşı təcavüzü Sovet İttifaqının dağılmasından sonra bütün dondurulmuş, həll olunmamış problemlərin “irinli çibanını”, nəhayət, partladan əsas amil oldu. Artıq heç kim birqütblü dünyada yaşamaq istəmir. Dünya yenidən format ediləcək və o cümlədən Cənubi Qafqaz regionunda vəziyyətin necə olacağı bu müharibənin nəticəsindən çox asılıdır. İndiki şəraitdə məsafəni saxlamaq və mümkün qədər bərabər məsafədə olmaq çox vacibdir ki, bunu Azərbaycan bacarıqla nümayiş etdirir.
- Rusiya sülhməramlıların Qarabağdan vaxtından əvvəl çıxarılması ilə bağlı Rusiya və Azərbaycan liderləri qərar qəbul edib və hazırda icra olunur. Bu tezşləşmə nə ilə bağlıdır?
- Bu gün hamı başa düşməyə başlayıb ki, Azərbaycan öz oyununu çox bacarıqla oynayır. 44 günlük müharibənin lap sonunda qoşunlarımız Xankəndini və digər kəndləri tuta bilərdi, amma geri çəkilərək “Rusiya sülhməramlıları” adlandırılan qüvvələrin bölgəyə gəlməsinə razılıq verdi. Onlara icazə verməyə də bilərdik, bildiyimiz kimi, onlar bir yerə gəldilərsə, sadəcə getmirlər. Amma gördüyümüz kimi, rəsmi Bakı bu oyunda çoxhərəkətli kombinasiyanı əla üslubda oynadı, şahmatçıların dediyi kimi, tempi müntəzəm olaraq artırdı və nəticədə bu gün “rus sülhməramlıları” Qarabağı tərk edirlər. Şekspirin Otelloda dediyi kimi: “Mavr öz işini gördü, Mavr gedə bilər”.
- Bu gün (Dünən. Müsahibə bir gün əvvəl götürülüb - red.) Prezident İlham Əliyev Moskvada Putinlə görüşəcək, bu görüşdən nə gözləyirsiz? Rusiya-Azərbaycan münasibətlərində dəyişikliklər mümkündürmü?
- Düşünürəm ki, bu səfər Azərbaycan və Rusiya liderləri arasında indiyə qədər olmuş bütün digər görüşlərin və təmasların davamı olacaq. Onun nəticəsidir ki, bu illər ərzində Bakı və Moskva iki ölkə arasında qarşılıqlı faydalı əlaqələr qura biliblər. Bu yerdə qeyd etməyi çox vacib hesab edirəm ki, Prezidentin həm Moskvaya, həm də digər ölkələrə səfərlərini qiymətləndirərkən Azərbaycan vətəndaşları üçün ən vacib meyar onların səmərəliliyinı və liderlər arasında yaxşı şəxsi münasibətlərə əsaslanmaq olmalıdır. Rusiyanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tanınması sadəcə parlaq nəticədir. Dünyanın müxtəlif paytaxtlarında bu haqda nə düşünəcəkləri ilə bağlı narahat olmayaq. Azərbaycan Brüssel, Paris, Vaşinqton və Moskvadan bərabər məsafəlilik siyasətini davam etdirməli və bu mərkəzlərlə münasibətlərə sırf bizim dövrümüzün milli maraqları prizmasından baxmalıdır.
- Ermənistanla Azərbaycan sərhədlərin delmitasiyasına qərar verib, artıq Paşinyan bildirib ki, həmin ərazidəki Rusiya sərhədçiləri çıxmalı, onları Ermənistan hərbçiləri əvəzləməlidir. Bu prosesin sürətli gedəcəyinə, yaxın zamanlarda sülh müqaviləsinin imzalanacağına inanırsızmı? Ermənistanda daxili qüvvələr razılaşmanı poza bilərmi?
- Bütün bunlar çox məntiqlidir. Ermənistanda və onun cəmiyyətində yavaş-yavaş başa düşülür ki, başqa “dayıya” arxalanaraq Azərbaycana təzyiq etmək faydasızdır, istər Rusiya, istərsə də Avropa və ABŞ-yə. Biz özümüz razılığa gəlməliyik və “Rusiya sülhməramlıları” adlandırılan qüvvələrin geri çəkilməsi bu prosesə əlavə təkan verəcək.
- Peskov bildirib ki, Putin Paşinyanla bütün məsələləri yaxın zamanlarda müzakirə etməyə hazırdır. Rusiyanın yaxın zamanlarda Ermənistandan da çıxması mümkündürmü?
- Rusiya-Ukrayna cəbhəsindəki vəziyyət Moskvaya bu imkanı vermədiyi üçün Rusiya hələ də Ermənistanla ciddi məşğul olmayıb. Ona görə də Paşinyan öz hərəkətlərində çox ehtiyatlıdır. Danışmaq başqa, hərəkət etmək başqa şeydir. Düşünürəm ki, Paşinyan bunu başa düşür və Moskvaya çox sataşmayacaq. Sadəcə olaraq, həm Moskvadan, həm də onunla qarşıdurmada olan Qərbdən istifadə etmək Paşinyan üçün sərfəlidir. Bəs o, Azərbaycan və Türkiyə ilə sülh müqaviləsi olmadan uzun müddət müxtəlif kreslolarda otura biləcəkmi? Tələsmək lazımdır, əks halda bu siyasi “şpaqat” onun üçün siyasi “gemoroya” çevrilə bilər.
Elçin Rüstəmli
“AzPolitika.info”

Şərhlər
Hələ bilmək olmaz sülh məramlılar çıxacaqlar. Bəlkə də bir oyundur
Ramiz bəyin müsahibələrini, şərhlərini dinləyirəm və onun dedikləri ilə tam razılaşıram və onun Vətənpərvərliyini dəyərləndirirəm. Belə bir qənaətə gəlirəm ki, o çox hazırcavab, bir neçə dildə sərbəst danışan, ümumiyyətlə savadlı bir ziyalıdır və istərdim ki, o bir diplomat kimi Xarici İşlər Nazirliyində çalışaydı...