Nəqliyyat eksperti: “Mövcud yolu bölüb ödənişli etmək düzgün yanaşma olmaz”
Bu günlərdə Azərbaycanda ödənişli avtomobil yollarının tətbiq dairəsinin genişləndirilməsi gündəmə gəlib. Bölgələrdə bu istiqamətdə müəyyən təcrübə formalaşsa da, indi paytaxt Bakıda da ödənişli hərəkət zonalarının yaradılması məsələsi müzakirə olunur.
Məlumata görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda ödənişli hərəkət zonalarının yaradılması layihəsi üzrə texniki məsləhət xidməti alır. Bu məqsədlə İspaniyanın “IDOM Consulting, Engineering & Architecture S.A.A.” şirkəti ilə 307 min manat dəyərində müqavilə imzalanıb.
Bəs maraqlıdır, söhbət yeni magistral yolların ödənişli olmasından, yoxsa şəhərin müəyyən hissələrinə avtomobillə giriş üçün ödəniş tətbiq edilməsindən gedir?
Nəqliyyat eksperti Raqif Raufoglu "AzPolitika"ya açıqlamasında bildirib ki, Bakıda ödənişli yolların tətbiqi ilə bağlı müzakirələrin aparıldığı məlum olsa da, burada əsas məsələ sistemin necə qurulacağıdır.

Ekspertin fikrincə, mövcud yolu bölərək onun bir hissəsini ödənişli etmək düzgün yanaşma olmaz: "Ödənişli yolların əsas prinsipi odur ki, sürücünün alternativi normal standartlara cavab verirsə, ödənişli yol olur. Ödənişli yolda sürət fərqi, həmçinin yol daha az tıxaclı ola bilər. Dünyada belə nümunələr var”.
“Əgər əlavə yol çəkiləcəksə, hardansa alternativ yol salınacaq. Məqsəd ödənişli yolla əlavə alternativ verməkdirsə, dünyada belə təcrübələr var və bu model işləyə bilər. İndi bizim üçün maraqlı olan bunun hansı ərazilərdə nəzərdə tutulması və necə həyata keçiriləcəyidir”, – ekspert qeyd edib.
Qeyd edək ki, Azərbaycanda ödənişli avtomobil yolu təcrübəsi artıq mövcuddur. Bakı-Quba-Rusiya sərhədi istiqamətində inşa edilən yeni magistral ödənişli yol kimi fəaliyyət göstərir.
İri şəhərlədrdə ödənişli yol sistemi necə işləyir?
Məsələn, Londonda şəhər mərkəzinə daxil olan avtomobillər üçün “Congestion Charge” sistemi tətbiq edilir. Bu ildən ödəniş gün ərzində 18 funt sterlinq təşkil edir. Sistem müəyyən saatlarda fəaliyyət göstərir və məqsədlərindən biri şəhərin mərkəzində avtomobil sıxlığını idarə etməkdir.
Sinqapurda isə daha fərqli və texnoloji model tətbiq edilir. Burada Elektron Yol Qiymətləndirməsi – ERP sistemi fəaliyyət göstərir. Sürücü müəyyən yollardan, xüsusilə sıxlığın yüksək olduğu vaxtlarda keçdikdə elektron sistem vasitəsilə ödəniş edir. Tariflər yolun vəziyyətindən və günün saatından asılı olaraq dəyişir.
Milandakı “Area C” sistemi də maraqlı nümunələrdəndir. Şəhərin mərkəzində müəyyən edilmiş əraziyə giriş elektron kameralar vasitəsilə nəzarətdə saxlanılır və icazəli nəqliyyat vasitələri üçün ödəniş tətbiq edilir. Sistem iş günlərində müəyyən saatlarda fəaliyyət göstərir.
Qeyd edək ki, Bakıda hələlik konkret olaraq hansı bir sistemin tətbiq ediləcəyi məlum deyil.
E. Bəyməmmədli
"AzPolitika.info"

Şərhlər