Menu

Moskvada Qarabağ ermənilərinə saxta sənədlərin verilməsi araşdırılır

07.11.2014, 12:25
Moskvada Qarabağ ermənilərinə saxta sənədlərin verilməsi araşdırılır

Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiya paytaxtı Moskvada Qarabağ ermənilərinə saxta sənədlərin verilməsi ilə bağlı məsələni araşdırır.

“Yeni Musavat” qəzeti məlumat yayıb ki, separatçı bölgənin sakinləri Rusiyanın rəsmi qurumlarından “Dağlıq Qarabağ dövləti” adına asanca kimlik sənədi – sürücülük vəsiqəsi ala bilirlər. Qəzet “Vesti.az”a istinadən yazır ki, Moskvada cəmi 800 dollara “Dağlıq Qarabağ vətəndaşlığı” haqda “pasport” almaq olar. Materialda şəkli verilən, Arzanqulyan Emil Benyaminoviçin adına verilmiş rus və ingilis dillərində olan sürücülük vəsiqəsində doğulduğu ölkə qrafasında “Dağlıq Qarabağ” ifadəsi yazılıb.

Aparılan araşdırmaya görə, həmin şəxs 1973-cü il iyulun 27-də Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni rayonunda doğulub. Hazırda Moskvada yaşayır və “Ekoqaz” MMC-nin baş direktoru vəzifəsində çalışır. Arzanqulyanın qatı separatçı və anti-Azərbaycançı kimi tanındığı, sosial şəbəkələrdə vaxtaşırı azərbaycanlıları təhqir etdiyi deyilir.

O da məlum olub ki, Rusiya qanunlarına görə, yeni sürücülük vəsiqəsi yalnız pasport və ya onu əvəzləyən hüquqi sənəd əsasında verilir. Arzanqulyanın pasportunda doğum yeri kimi Dağlıq Qarabağ göstərildiyinə görə sürücülük vəsiqəsinə də eyni məlumatlar köçürülüb.

Xarici İşlər Nazirliyindən “Media forum” saytına bildirilib ki, məsələ ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyi ilə birgə araşdırma aparılır və nəticəsi ictimaiyyətə açıqlanacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol