Menu

Bin Laden-i kim öldürüb? - Mübahisə

07.11.2014, 17:14
Bin Laden-i kim öldürüb? - Mübahisə

ABŞ-da dəniz piyadaları arasında mübahisə düşüb ki, Osama Bin Ladeni kim öldürüb?

“Dəniz suitiləri” xüsusi təyinatlı dəstəsinin veteranı 38 yaşlı O’Neill “Washington Post” qəzetinə müsahibəsində deyir ki, 3 il qabaq Bin Ladenə ölümcül gülləni məhz o vurub.

Onun dediyi həmin dəstənin keçmiş üzvü Matt Bissonnette-nin 2012-ci ildə çıxan kitabında yazdıqlarına ziddir. Qəzet xatırladır ki, Bin Ladeni 2011-ci ildə Pakistanın Abbotabad şəhərində, onun evinə hücum zamanı öldürüblər.

O’Neill deyir ki, o və adı çəkilməyən başqa bir döyüşçü Bin Ladenin villasının 4-cü mərtəbəsinə qalxıblar və birdən görüblər ki, bin Laden otaqlardan birindən başını çıxarıb, boylanır. O’Neillin yanındakı döyüşçü güllə atıb, ancaq güllə dəyməyib. Bundan sonra O’Neill otağa girib və Bin Ladeni başından vurub və öldürüb.

O’Neillin versiyası Bissonnettenin “Çətin gün” kitabında yazdığı ilə düz gəlmir. O yazırdı ki, döyüşçülərin arasından Bin Ladenə güllə atıb, vuran odur.

Bissonnette O’Neillin versiyasını şərh etmək istəməyib. Noyabrın 6-da o, NBC televiziyasına müsahibəsində deyib ki, “2 müxtəlif adam 2 müxtəlif səbəbə görə 2 müxtəlif əhvalat danışır. O nə deyibsə, deyib. Mən bunu şərh etmək istəmirəm”.

Pentaqon O’Neillin dediklərini nə təsdiq , nə də təkzib edir. Ancaq komandanlıq dəstənin bütün üzvlərinə məktub göndərib ki, sirri saxlamaq zəruridir və əməliyyatın detallarını açmaq olmaz.

Bəs başqaları nə deyir? “Dəniz suitiləri” dəstəsinin bəzi digər üzvləri deyirlər ki,hava qaranlıq idi, onlar üzbəüz dayanıb, atəş açırdılar. Ona görə Bin Ladeni kimin gülləsinin öldürdüyünü demək çətindir.

Bin Ladeni öldürəndən sonra və əmin olanda ki, o doğrudan da ölüb, onun meyitini helikopterə qoyub, dənizə apardılar və burda suya atdılar. /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol