ERMƏNİ POSTUNU ƏLƏ KEÇİRƏN ŞƏHİD – 22 yaşlı cəsur döyüşçünün baba evindən REPORTAJ

Bu gün ana tərəfdən Gürcüstan əsilli II Qarabağ müharibəsi şəhidi Səlimxan Bayramovun doğum günüdür. O, 13 iyul 1998-ci il tarixində Sumqayıt şəhərində anadan olub. 2020-ci ilin oktyabrın 19-da Xocavənd rayonu uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunub.

Şəhidin doğum günündə Azərbaycanın Gürcüstandakı səfirliyinin I katibi Ramel Lətifov və hərbi attaşe aparatının nümayəndəsi, polkovnik Kamil Əfəndiyev şəhidin dayısı, Tbilisi sakini Mahmud Rüstəmovun ailəsinə baş çəkiblər. Ziyarətdə “Report”un yerli bürosunun əməkdaşları da iştirak edib.

Gülbacı Rüstəmova nəvəsinin ömür və döyüş yolundan bəhs edib.

Erməni postunu əsgər yoldaşları ilə alan şəhid

Nənəsi Səlimxanın ailənin ən əzizi və sevimlisi olduğunu bildirib: “O, Gürcüstan Texniki Universitetini bitirib. Ali məktəbdə təhsil aldığı illərdə bizimlə yaşayırdı. Tbilisini yaxşı tanıyırdı. Gürcüstanı çox sevirdi. Tbilisidə də ev almağı arzulayırdı. Vətənə çox bağlı idi. Müharibəyə yollananda hərbi xidmətinin başa çatmasına bir gün qalmışdı. Telefonla danışanda ondan xahiş edirdim ehtiyatlı olsun, özünü qorusun. Cavabında deyirdi ki, narahat olmayaq, öndə gedir və döyüş yoldaşları ilə Vətəni işğalçılardan təmizləyir. O, düşməni torpaqlarımızdan qovmaq üçün sona qədər döyüşmək əzmində idi. Əsgər yoldaşları ilə birgə erməni postunu da ələ keçirmişdi. Həmin posta doğma şəhəri Sumqayıt adını vermişdilər... Səlimxan nişanlı idi, noyabrda toyunu edəcəkdik...”.

Babası nəvəsinin şəhid olduğu gün vəfat edib

Söhbət zamanı məlum olur ki, S.Bayramovun ana babası onun şəhid olmasının birinci ildönümü günündə - 2021-ci ilin oktyabrın 19-da vəfat edib. G.Rüstəmova yoldaşının sağlamlıq durumundan şikayət etmədiyini, S.Bayramovun şəhidlik zirvəsinə ucalmasından sonra ürəyinin dözmədiyini bildirib.

Nənəsi danışır ki, Səlimxan həsrətlə gözlənilən övlad olub: “Qızım ailə qurandan 5 il sonra Səlimxanı dünyaya gətirib. Yoldaşım əhd etmişdi ki, qızının övladı olsun, hər il nəvəsinin doğum gününü böyük təmtəraqla qeyd edəcək. Əhdinə sadiq qalan yoldaşım hər il iyulun 13-nü toy-bayram edirdi”.

Dayısı ötən il şəhidin doğum günündə Qardabaninin Qaracalar kəndində inşa etdirdiyi bulağın açıldığını xatırladıb. Onun sözlərinə görə, S.Bayramovun doğulduğu və şəhid olduğu gün xatirəsi kənd sakinlərinin də iştirakı ilə bulaq başında anılır: “Səlimxan Sumqayıtda dəfn olunub. Məzarını ziyarət etmək imkanımız tez-tez olmur. Xatirəsini anmaq üçün bulağı ziyarət edirik, ruhuna dualar oxuyuruq. Bu gün də Qaracalara gedib bulağı ziyarət edəcəyik”.

“O, yuxularımıza tez-tez gəlir”

Gülbacı xanım nəvəsinin tez-tez anası Rəhilə Rüstəmovanın yuxularına gəldiyini deyir: “Anası nəsə bir sıxıntı keçirən dövrdə Səlimxan yuxusuna gəlir. Yuxuda anasına deyir ki, narahat olma, hər şey yaxşı olacaq, mən sənin yanındayam. Yuxuda oğlunu görəndən sonra anası sanki sıxıntılardan azad olur, ona narahatlıq verən məsələlər həllini tapır”.

Mahmud müəllim də qızının Səlimxanı yuxuda görməsindən danışır. Onun sözlərinə görə, ali məktəbə hazırlaşan qızı iki il ardıcıl olaraq qəbul imtahanlarında tələb olunan balı toplamadığına görə tələbə adını qazanmır: “Qızım imtahanlara yaxşı hazırlaşmasına baxmyaraq, universitetə qəbul ola bilmirdi. Bir gün yuxusunda görür ki, Səlimxan onun əlindən tutub məzunu olduğu Gürcüstan Texniki Universitetini göstərir və deyir ki, “sən bu ali məktəbdə təhsil alacaqsan”. Qızım bu yuxudan sonra hazırlaşmadan məhz bu universitetə, Səlimxanın təhsil aldığı fakültəyə qəbul olur. İndi qızım artıq II kurs tələbəsidir, bibisi oğlunun yolunu davam etdirdiyini deyir”.

Şəhidin yaşadılan adı

Gülbacı xanımın sözlərinə görə, şəhidin qardaşı dünyaya gələn oğluna Səlimxanın adını qoyub: “Uşaq hazırda beşaylıqdır. Qızım Rəhilə nəvəsinə çox bağlanıb, təskinlik tapıb. Qızım deyir ki, sanki Səlimxanı yenidən boya-başa çatdırır, körpəni əlindən yerə qoymur”.

Şəhid ailəsinə qayğı, döyüşçünün xatirəsinə ehtiram

R.Lətifov səfir Faiq Quliyevin adından Rüstəmovlar ailəsinə başsağlığı sözlərini çatdıraraq şəhidlərin əziz xatirəsinin daim böyük ehtiramla və hörmətlə yad edildiyini bildirib. Onun sözlərinə görə, S.Bayramov kimi qəhrəman və igid şəhidlərimizin sayəsində Azərbaycan 30 ilə yaxın davam edən işğala son qoyub.

Diplomat səfirliyin Gürcüstan əsilli şəhidlərimizin tanıdılması və xatirələrinin əbədiləşdirilməsi istiqamətindəki fəaliyyətindən söz açıb, tanıtım layihəsinin həyata keçirildiyini, sənədli filmin lentə alındığını xatırladıb.

Diqqətə çatdırılıb ki, səfirliyin təşəbbüsü ilə şəhidlər haqqında “Ölümsüzlər” adlı kitab çapa hazırlanır və nəşrin payız aylarında şəhidlərin yaxınlarının iştirakı ilə təqdimatının keçirilməsi nəzərdə tutulur.

K.Əfəndiyev də öz növbəsində şəhidin ailə üzvlərinə hərbi attaşe aparatı adından başsağlığı verib, Vətən uğrunda canlarından keçənlərin hər zaman dərin hörmət və minnətdarlıq duyğusu ilə xatırlandığını deyib.

Şəhidin yaxınları S.Bayramovun xatirəsinə ehtirama görə təşəkkür ediblər, Azərbaycan dövləti, səfirlik tərəfindən diqqət və qayğı ilə əhatə olunmalarından razılıq hisslərini ifadə ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar