İngiltərənin ən xarizmatik Baş nazirlərindən biri olan Boris Consonu onun kabinetində Xarici İşlər naziri postunu tutan Elizabet Trassın əvəzləyəcəyi gözlənilir.
“AzPolitika.info” xəbər verir ki, Qərb mətbuatında yer alan təhlillər və sorğuların nəticələri Böyük Britaniyanın yeni Baş nazirinin məhz Trass olacağına dair qənaət yaradır.
Hətta bunu Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasının və hökumətin başçısı postu uğrunda Trassla mübarizə aparan Rişi Sunak da SKY News-un efirində etiraf edib. Trassın yeganə rəqibi bildirib ki, özünü bu mübarizədə autsayder hesab edir: “Mən hər şey edəcəm ki, hər bir səsi qazanım. Ancaq şübhə etməyin ki, mən autsayderəm”.
Xatırladaq ki, Trass və Sunak həlledici seçkiyə qatılmaq üçün bir neçə mərhələdən keçiblər. Belə ki, Baş nazir və Mühafizəkarlar Partiyasının lideri postu uğrunda ilk olaraq parlamentdəki partiya mənsubları olan deputatlar arasında bir neçə turda səsvermələr keçirilib. Həmin səsvermələrdə digər namizədlər sıradan çıxdıqdan sonra sona Sunak və Trass qalıb.
Parlamentdəki son səsvermədə Sunak Trassdan daha çox səs toplayıb. Lakin həlledici səsvermə deputatlar yox, ümumilikdə Mühafizəkarlar Partiyasının 200 minə yaxın təmsilçisi arasında keçiriləcək. Partiyada isə Trass Sunak üzərində üstünlüyə malikdir. Son olaraq, tanınmış YouGov sorğu şirkətinin keçirdiyi səsvermənin nəticəsinə görə, Mühafizəkarlar Partiyası üzvlərinin azı 60 faizi Trassa səs verəcək. Onu da qeyd edək ki, poçt vasitəsilə keçiriləcək səsvermənin rəsmi nəticələri sentyabrın 5-də açıqlanacaq.
“AzPolitika.info”


Şərhlər