RƏQİB–TƏRƏFDAŞLARIN TEHRAN SAMMİTİ

Ayşən Aslan-Məmmədli,

Bakı Dövlət Universitetinin müəllimi

Astana formatında Türkiyə, İran və Rusiya liderlərinin bugünlərdə keçirilən Tehran sammitini əhəmiyyətinə görə vacib beynəlxalq hadisələrdən hesab etmək olar. Məhz bu səbəbdən də təsadüfi deyil ki, sammit beynəlxalq media və siyasi təhlilçilərin böyük diqqətini cəlb etmişdir.

Əvvəla onu qeyd etmək istərdim ki, Astana formatı 2017–ci ildə yaradılıb və məqsəd, Suriya münaqişəsinin nizamlanmasında hər üç ölkənin, Türkiyə, İran və Rusiyanın səylərini birləşdirmək və yaxud, koordinasiya etməkdən ibarətdir. Onu da əlavə etmək istərdim ki, uzun zamandır Astana formatında təmsil olunan üç ölkə liderinin görüşü olmurdu və bu baxımdan, Tehran sammiti həm də dövlət başçılarının üçlü danışıqlarına imkan verdi. Tehran sammitinin əsas müzakirə mövzusu təbii ki, Suriyada vəziyyət olmuşdur, bununla belə, liderlər həm də dünyada və regionda baş verən hadisələri də müzakirə etmişlər.

Sammitin yekunu olaraq bəyan olunan açıqlamada Suriyada münaqişənin yalnız dinc yollarla nizamlanması, hər hansı birtərəfli addımlardan çəkinmənin vacibliyi, eyni zamanda, terrorun bütün növləri ilə birgə mübarizə aparılacağı qeyd olunurdu. Beləliklə, açıqlamadan da göründüyü kimi, Rusiya və İran liderləri Türkiyənin Suriyanın şimalında yeni hərbi əməliyyatlar aparacağı ilə bağlı planlarını yaxın perspektivdə təxirə salmağa nail olublar. Həm Rusiya, həm də İran təhlükəsizlik qayğıları səbəbindən Türkiyənin Suriyanın şimalında gözlənilən hərbi əməliyyat planlarından ciddi narahatlıq keçirirdi və Tehran sammiti, ölkə başçılarının bu narahatlıqlarını indiki mərhələdə aradan qaldırır.

Buna baxmayaraq, onu da nəzərə almaq lazımdır ki, Suriyada və bölgədə hadisələrin inkişafı əldə olunan bu razılaşmanı aradan qaldıra bilər. Türkiyə Prezidenti cənab Ərdoğan da sammitdən sonra verdiyi açıqlamada ölkəsinin Suriyanın şimalında hərbi əməliyyatlar aparmaq planlarının hələ gündəliklərində olduğunu bildirdi. Bəyanatda, həmçinin, Türkiyənin Suriyadan qaynaqlanan terrorla bağlı qayğılarının Rusiya və İran tərəfindən bölüşüldüyü də ifadə olunub. Tehran sammitinin əsas nəticəsi ondan ibarətdir ki, tərəflər Suriya münaqişəsinin nizamlanması prosesində koordinasiyalı fəaliyyətlərini davam etdirəcəklər və bununla da kənar güc mərkəzlərinin regiona müdaxiləsini məhdudlaşdıracaqlar.

Yeri gəlmişkən, o da qeyd olunmaıdır ki, Astana formatı Suriyada vəziyyətin bir qədər sabitləşməsində ciddi rol oynamışdır və bunun da əsas səbəbi təbii ki, regionda ciddi maraqları və təsir imkanları olar hər üç dövlətin siyasətlərini tarazlaşdırmaq istəyi olmuşdur.

Əvvəldə də qeyd etdiyimiz kimi, Tehran sammitində digər vacib regional və qlobal məsələlər də müzakirə olunmuşdur və üç ölkə rəsmilərinin veridyi açıqlamalardan da məlum olur ki, tərəflər arasında müzakirə heç də asan keçməyib. Məsələn, sammitin davam etdiyi müddətdə İranın ali dini lideri Xamneinin İran – Ermənistan sərhəddinin bağlanması ehtimalı ilə bağlı tviti gündəmin əsas müzakirə olunan mövzularından oldu. Xatırladım ki, həmin tvitində Xamneyi İran – Ermənistan sərhəddinin bağlanmasının İran tərəfindən qəbul edilməyəcəyini, bu yolun minillərdi istifadə edildiyini bəyan etmişdir. Bu qeydi ilə əslində cənab Xamnei dolayısı ilə ölkəsinin Zəngəzur dəhlizinin açılmasına qarşı olduğunu ifadə edib. İranın İkinci Qarabağ Müharibəsindən sonra Cənubi Qafqazda formalaşan reallıqlardan narahat olduğu məlum idi, sadəcə olaraq, Xamneinin bu açıqlaması Tehranın hələ də ciddi “narahatlıqlarının” qaldığını sübut etdi. Zəngəzur dəhlizi məsələsində Ermənistana əsas dəstəyin İran tərəfindən verildiyini nəzərə alsaq, Tehran sammitinin nəticələri bu dəstəyin hələ davam edəcəyi qənaətinə gəlməyimizə əsas verir.

Məlumat üçün qeyd edim ki, Ermənistan 10 noyabr 2020–ci il üçtərəfli bəyanatı ilə Zəngəzur dəhlizinin açılmasına razılıq versə də, hələ də bu öhdəliyini həyata keçirməkdən imtina edir. Ermənistanın belə qeyri-konstruktiv və pozucu mövqedə qalmasında isə görünən odur ki, İran az rol oynamır...

635x100

Şərhlər

dadaşyev 2022-07-29 00:55:17

Xanım qızımız yazılarında əsl diplomat kimi çox ehtiyatla,incə və səliqəli yanaşır qlobal məsələlərə.Azərbaycanı xarici ölkələrdə konsul kimi,səfir kimi ləyaqətlə təmsil edə bilər deyə düşünürəm.BDU bunun imkanlarını açmağa yetməz.Uğurlar sizə.Hörmətlə:yoldaş dadaşyev.

Son yazılar