AMEA-nın ARXİVİ TALANIR? – MTN-nin keçmiş əməkdaşından ŞOK İDDİA (Yenilənib)

AMEA-nın nadir arxivinin talanması ilə bağlı məlumat yayılıb. Yenipress.az xəbər verir ki, bu barədə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq mətbuat katibi, tanınmış jurnalist Araz Qurbanov məlumat yayıb.

O, olduqca maraqlı bir tarixi xatırladıb: “1996-cı ildə Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində Azərbaycan Milli Elmlər Akademiyasının fondundan nadir kitabların oğurlanması və ölkədən çıxarılması cəhdinin qarşısı alınmışdı. Müəyyən edilmişdi ki, Ukrayna vətəndaşı, etnik Krım tatarı olan “alim” Bakıya gələrək, Akademiyanın kitabxanasında “elmi araşdırmalar” aparmağa başlamışdır. Kitabxana işçilərinin etibarını qazandıqdan sonra onların məsuliyyətsizliyindən yararlanaraq, burada saxlanılan XVIII-XIX əsrlərə aid xeyli sayda unikal (bəzilərinin yalnız Bakı nüsxəsi qalmışdır) kitabın fonddan çıxarılmasına nail olmuşdur. Oğru ifşa edilmiş, yaşadığı mənzildən həmin nadir kitablar götürülmüşdü. “Alim” bu cinayəti Ukraynadakı erməni iş adamının sifarişi ilə pul müqabilində törətdiyini etiraf etmişdi. Qeyd edim ki, həmin kitablar Şimali və Cənubi Qafqazda, Rusiyanın cənubunda, Ukraynada yaşayan türk xalqlarının, o cümlədən Azərbaycan türklərinin qədim tarixinə, etnogenezinə, etnoqrafiyasına aid idi. Məsələn, karalar (karaylar, karaimlər) haqqında olan kitabda (XIX əsr) bir fikir indiki kimi yadımdadır: “Karaimlərin dili, folkloru, adətləri ən çox Azərbaycan tatarlarının (türklərinin) dili və mədəniyyətinə yaxındır…

A.Qurbanov bu hadisəni xatırlatmağının səbəbini açıqlayıb. Bildirib ki, erməni yalanlarının ifşası, Azərbaycan tarixinin obyektiv öyrənilməsi üçün tutarlı faktları, sənədləri, kitabları az qala gündüz çıraqla axtarırıq:

“Tədqiqatçılar yaxşı bilir: kitabxanalarda, arxivlərdə bir çox əsərin, sənədin adları, inventar nömrəsi olduğu halda, özü artıq yoxdur. Bəzən isə həmin əsərin Bakı nüsxələrinin səsi başqa ölkələrdən çıxır. Görünür, hələ də irsimizə lazım olan qədər sahib çıxa bilmirik…”

Onun sözlərinə görə, AMEA-nın ləğv ediləcəyi haqda söz-söhbət yayıldıqdan sonra arzuolunmaz bir proses başlayıb: Belə ki, Akademiyanın ləğv olunmasını ehtimal edən bəzi üzdəniraq alimlər sanki dövlətə ziyan vurmaq üçün nadir və qədim sənəd və kitabları, görkəmli elm xadimlərinə aid əlyazmaları, fotoşəkilləri, eksponatları gizli şəkildə AMEA-dan çıxarmağa, mənimsəməyə, mənzillərə daşımağa başlamışlar”.

A.Qurbanov bunun qarşısını almağa çağırış edib.

***

"Bu gün bəzi xəbər saytlarında yayılan “AMEA-nın arxivi talanır” başlıqlı yazıda AMEA əməkdaşlarının fürsətdən istifadə edib nadir arxiv materiallarını, əlyazmaları və nadir çap nüsxələrini talaması və öz mənzillərinə daşıması ilə bağlı məlumat həqiqəti əks etdirmir, ağ yalandır”.

Bu barədə "AzPolitika.info"-ya a Azərbaycan Milli Elmlər Akademiyasından bildirilib.

“AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan xalqının tarixi, ədəbiyyatı, qədim mədəniyyəti bağlı qədim əlyazmalar, milli keçmişimizi özündə yaşadan unikal tarixi-arxeoqrafik sənədlər, XIX-XX əsrlərdə yaşamış görkəmli elm və mədəniyyət xadimlərinin şəxsi arxivi, əski çap kitabları və nadir mətbuat nümunələri xüsusi həssaslıqla qorunur. Son illərdə institutun fondlarında mühafizə olunan materialların, qədim əlyazmaların oxucu ilə təmasını minimuma endirmək üçün əlyazma abidələrinin elektronlaşdırılması işi yüksək səviyyədə təşkil olunub. Fondlarda mühafizə olunan materialların yarıdan çoxu artıq elektronlaşdırılıb və oxuculara elektron qaydada təqdim olunur. Yalnız institut rəhbərliyinin icazəsi və bu işə cavabdeh olan əməkdaşların birbaşa nəzarəti altında əlyazma abidələri və arxiv sənədləri istifadə üçün oxuculara institutun oxu zalında təqdim oluna bilir. İstifadə prosesi isə nəzarət altında həyata keçirilir.

İldə iki dəfə institutun fondlarında mühafizə olunan bütün materiallar, arxiv sənədləri və nadir çap nüsxələri invertarizasiya olunaraq bir-bir tutuşdurulduqdan sonra fond saxlancları dizenfeksiya edilir.

Hazırda da Əlyazmalar İnstitutunun saxlanclarında qorunan bütün materiallar dizenfeksiya edilərək qapadılmışdır. Əlyazmalar İnstitutunun saxlanclarından heç bir sənəd və ya əlyazma nüsxəsinin, əski çap kitabının və nadir mətbuat nümunələrinin çıxarılması qeyri-mümkündür. Çünki materiallar xüsusi qaydada mühafizə altında qorunmaqdadır və mühafizə polisi qorunmanı dünya standartlarına cavab verən şəkildə həyata keçirir”, - akademiyadan məlumat verilib.

Hüseyn Cavidin Ev Muzeyindən də “Report”a verilən məlumata görə, bəzi xəbər saytlarında AMEA arxivlərindəki əsli materialların, o cümlədən görkəmli şəxsiyyətlərə aid əlyazmaların, fotoşəkillərin, eksponatların bəzi şəxslər tərəfindən gizli şəkildə AMEA-dan çıxarılması, mənimsənilməsi, mənzillərə daşınması ilə bağlı əsassız iddialar səsləndirilib:  “Ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış, 20-ildən artıq müddətdə AMEA-nın tabeliyində olmuş, ədəbi-bədii, tarixi eksponatların qorunduğu müəssisələrdən biri də görkəmli Azərbaycan şairi Hüseyn Cavidin ev-muzeyidir.

Bu günlərdə Prezident İlham Əliyevin məlum fərmanı ilə Mədəniyyət Nazirliyinin tabeliyinə verilmiş Hüseyn Cavidin ev-muzeyində Cavidlər ailəsinin həyat və yaradıcılığı ilə bağlı 11000 eksponat göz bəbəyi kimi, xüsusi qaydada qorunur, tədqiqatçılara və ziyarətçilərə yalnız muzey əməkdaşlarının nəzarəti altında təqdim olunur.

Muzeyin otaqlarına, o cümlədən ekspozisiya-sərgi məkanına, arxivinə 24/7 rejimində videokameralar vasitəsilə nəzarət olunur, avtomatik çəkiliş aparılaraq yaddaşda saxlanılır, həmin görüntülər gündəlik təftiş edilir. Bütün arxiv-muzey qaydaları çərçivəsində pasportlaşdırılmış və qeydiyyata alınmış eksponatların hansısa formada muzeydən çıxarılmasına yol verilmir, bina Daxili İşlər Nazirliyinin Mühafizə xidmətinin əməkdaşları tərəfindən xüsusi şəkildə qorunur.

Muzey Hüseyn Cavid irsini, onun həyat və yaradıcılığı ilə bağlı materialları uzun illərdir ki məsuliyyətlə mühafizə edir, bundan sonra da bu şərəfli işi davam etdirəcəkdir. Cavidsevərlərin bundan qətiyyən şübhəsi olmasın!”.

635x100

Şərhlər

Mühəndis 2022-07-30 16:55:07

Məgər, belə mühüm yerlərə MTN (DTX, XKX, PA ) özü nəzarət etmirmi

aqil 2022-07-30 14:42:38

Bir xeyli qabaq zavod və fabriklərdə nahar zamanı- hərə əlinə bir otvyorka bir kəlbətin götürüb qonşu sexlərdə naqil və avadanlıqları söküb daşıyırdıq. Çünki yenidənqurma və özəlləşdirmə başlamışdı. İndi növbə deyəsən Akademiyaların və elm ocaqlarınındır. Yavaş- yavaş deyəsən orta əsrlərə yaxınlaşırıq.

Roma 2022-07-30 14:27:03

Görəsən bu nə qədər çətin iş imiş??? Kitabların və digər sənədlərin siyahısı yəqin ki, əvvəldən uçota alınıb və təsnifatlaşdırılıb, bir vətənpərvər insana bu iş tapşırılsa elə bir problemi olmaz...Əlbəttə Nizaminin məqbərəsinin təmirini (sovet dönəmindən söhbət gedir) ermənilərə həvalə edəndə nə desən olar...eləcə də kitabxana...

Son yazılar