Daxili İşlər Nazirliyi (DİN) yanında İctimai Şura (İŞ) iyul ayında Xətai və Qaradağ rayon polis idarələrinin Müvəqqəti saxlama yerlərində monitorinqlər keçirib.
Qurumdan "AzPolitika.info"-ya verilən məlumata görə, İctimai Şuranın “Polis orqanlarında müvəqqəti saxlama yerləri üzrə” monitorinq qrupunun əlaqələndiricisi Araz Nurməmmədov, üzvləri Xalid Kazımov, Elçin Salmanov iyulun 5-də Qaradağ Rayon Polis İdarəsinin və 15 iyulda Xətai Rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerində monitorinq həyata keçiriblər.
Qeyd olunur ki, monitorinqlərin keçirilməsində məqsəd saxlanılma şəraitinin, qanunvericiliyə müvafiq şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub. "Daha sonra sözügedən polis idarələrinin rəhbərliyi ilə monitorinqin nəticələri barədə müzakirələr aparılıb, çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq tövsiyyələr verilib. Monitorinqin nəticələrinə dair müvafiq rəy DİN yanında İŞ sədrinə təqdim edilib", -deyə Şurada verilən məlumatda bildirilir.
Qeyd edək ki, DİN yanında İŞ-in “Polis orqanlarında müvəqqəti saxlama yerləri üzrə” monitorinq qrupunun Fəaliyyət Planını təsdiq edilib. Fəaliyyət planına uyğun olaraq, Monitorinq qrupu tərəfindən Bakı şəhərinin 11 rayonunun polis idarələrində, Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində və Abşeron rayonu Polis İdarəsində yerləşən müvəqqəti saxlama yerləri üzrə monitorinqlər həyata keçirilməsi nəzərdə tutulub. Hər bir monitorinq üzrə və monitorinq prosesinin yekununda İŞ tərəfindən Daxili İşlər Nazirliyinə müvafiq rəylər, hesabat və tövsiyyələr təqdim ediləcək. DİN rəhbərliyi ilə nəticələrin müzakirə olunması da planlaşdırılıb.
"AzPolitika.info"


Şərhlər