SAHİBKARLARA DÖVLƏT QAYĞISI

Mürvət Həsənli,

Azərbaycan Quş əti, Yumurta İtehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri

Azərbaycanda ərzaq təhlükəsizliyinin təminatına töhfə vermək üçün nə edirik?

Qlobal enerjidaşıyıcıları bazarındakı mövcud şərtlər dünyada alternativ enerji mənbələrinə keçidin bir neçə dəfə sürətlənməsinə səbəb olmaqdadır. Dünya ölkələri enerji təminatında ağırlığı bərpa olunan mənbələrə salmaq üçün investisiyaları sürətlə artırırlar. Bu tendensiya iqtisadiyyatında resurs gəlirləri mühüm rol oynayan ölkələr üçün daha böyük çağırışlar yaradır: belə ölkələr həm öz enerji təminatlarında bərpa olunan mənbələrin payını artırmalı, həm də ənənəvi enerjidaşıyılarından əldə etdikləri gəlirləri digər mənbələrlə əvəzləməyi təmin etməlidilər. Bu baxımdan, Azərbaycanda həyata keçirilən tədbirlər diqqəti cəlb edir.

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu iqtisadi siyasət Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi üçün əlverişli şərtlər formalaşdırıb. Artıq iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı üçün atılan addımlar bəhrəsini verməkdədir. Bu ilin altı ayında iqtisadiyyatımız 6,2 faiz, o cümlədən qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye sahəsində 11,5 faiz artıb.

Cənab Prezidentin tapşırığı ilə hazırlanan və tərəfindən iyulun 22-də təsdiqlənən “2022‒2026-cı illərdə sosialiqtisadi inkişaf Strategiyası”nda da qeyd olunduğu kimi, Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2022‒2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsinə daxil olur. Bu strateji dövrdə yeni nəsil struktur və institusional islahatlar vasitəsilə iqtisadi artımın müasir və dayanıqlı mənbələrinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın innovasiya yönümünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi, ölkə iqtisadiyyatının qlobal dəyər zəncirinə səmərəli inteqrasiya yolu ilə Azərbaycan dövləti öz qüdrətini daha da artırmaqla, yüksək rifah cəmiyyətinin qurulması istiqamətində yeni hədəfləri gerçəkləşdirmək əzmindədir.

Cənab Prezidentin təsdiq etdiyi strategiyanın reallaşması ilə 2026-cı ilin sonuna ölkə iqtisadiyyatının simasında böyük dəyişikliklərə səbəb olacaq, iqtisadi artım tamamilə yeni keyfiyyət amilləri bazasında formalaşacaq, xüsusilə prioritet sahələrdə artım templəri sürətlənəcək, iqtisadiyyatın və məşğulluğun dayanıqlığı daha da güclənəcək. Strategiyada vurğulanır ki, özəl sektorun, o cümlədən mikro, kiçik və orta sahibkarlığın inkişafı yeni və daha səmərəli stimullar və inkişaf mühiti hesabına sürətlənəcək, özəl və xarici investorların ölkə iqtisadiyyatında fəallığı artacaq, qeyri-xammal ixracı genişlənəcək. Beləliklə, Azərbaycan dövləti yaxın və ortamüddətli dövrdə xüsusilə qeyri-neft sektorunda sahibkarlığın inkişafını prioritetlər sırasında saxlamaqla, neftdənkənar sahələrin iqtisadiyyatda payının artırılmasına nail olacaq. Bu prosesdə Azərbaycanın quşçuluq təsərrüfatlarının özünəməxsus rolu var: həm qeyri-neft sektorunun inkişafı, həm də ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması baxımından...

Quşçuluq məhsulları istehsalının artırılması bizim qarşımızda duran əsas vəzifədir. Biznesini genişləndirməklə qazancını artırmaq hər bir sahibkarın fəaliyyətinin ana xəttini təşkil edir. Bu, biznesin əsas qanunudur. Digər tərəfdən, dövlətimizin ərzaq təhlükəsizliyinə töhfə vermək, əhalimizin keyfiyyətli yerli məhsullarla tam təminatına nail olmaq kimi vətəndaş öhdəliyimiz də var. Son aylarda quşçuluq müəssisələrinin üzləşdiyi bir sıra çətinliklərin aradan qaldırılması istiqamətində fəaliyyətlərimizin aktivləşməsi məhz bu öhdəliklərin, vəzifələrimizin layiqincə həyata keçirilməsinə xidmət edir.

Böyük minnətdarlıq hissi ilə qeyd etməliyəm ki, biz sahibkarlara şəxsən Cənab Prezident tərəfindən təmin edilən hərtərəfli qayğı sayəsində qaldırdığımız bütün məsələlərin müsbət həllinə nail ola bilmişik. Bu məsələləri qısa da olsa qeyd etməyə gərək var. Uzun müddət ərzində quş əti istehsalçıları ölkədə fəaliyyət göstərən iri ticarət şəbəkələrindən satılan malın dəyərini vaxtında ala bilmirdi. Bəzən yüz minlərlə manat şəbəkələr tərəfindən aylarla yubadılırdı ki, bu da quş əti istehsalçılarının öz fəaliyyətlərini normal planlaşdırmasına, yem və xidmətlərə görə ödənişlərini vaxtında həyata keçirmələrinə imkan vermirdi. Problemin həlli məqsədilə müvafiq dövlət qurumların etdiyimiz müraciətlərə dərhal reaksiya verildi və qısa müddətdə quş əti istehsalçılarının ticarət şəbəkələrində yığılıb qalan bir neçə yüz min manat vəsaitinin ödənişi təmin edildi.

Digər bir məsələ: Məlumdur ki, quşçuluk sektoru da, heyvandarlığın digər sahələri kimi, yem təchizatında böyük ölçüdə idxaldan asılıdır. Hesablamalarımıza əsasən Azərbaycan quşçuluq sektorunda ətçilik üzrə illik soya şrotu(sıxılmış cecə) istehlakı 100 min tona yaxın, qarğıdalı istehlakı 188-190 min ton, buğda istehlakı 70-80 min tondur. Bu həcmdə yemlə Azərbaycanın illik tələbatı olan140 min ton toyuq əti istehsalını təmin etmək olur.

Ukraynada başlanan müharibə dünyada quşçuluqda istifadə olunan yem məhsullarının – qarğıdalı, soya, günəbaxanın qiymətinin kəskin bahalaşmasına səbəb oldu. Bu isə bizim xərclərimizi artırmaqla quş əti və yumurtanın qiymətinin yüksəlməsinə gətirib çıxarır.

Azərbaycan soya şrotu və soya paxlasını adətən Argentina, Braziliya və Ukraynadan alır. Qiymət baxımından ən əlverişlisi Argentina və Ukraynadır. Rəsmi statistikadan da aydın görünür ki, Azərbaycanın heyvandarlıq və quşçuluq sektorları bu iki ölkədən alınan soya məhsullarından ciddi şəkildə asılıdır. Məsələn, 2022-ci ilin yanvar ayında Azərbaycana 3796,41 ton Soya yağının ekstraksiyası nəticəsində alınan cecələr və digər bərk tullantılar, 4247,33 ton digər soya paxlaları idxal edilib. Birinci məhsulun 2082,06 tonu Argentinadan,1714,35 tonu Ukraynadan, ikinci məhsulun hamısı Ukraynadan alınıb. 2021-ci il ərzində Azərbaycan 21 milyon 202,62 min dollar dəyərində 32 min 955,04 ton soya paxlaları, 54 milyon 703,86 min dollar dəyərində 94 min 261,27 ton soya şrotu( Soya yağının ekstraksiyası nəticəsində alınan cecələr və digər bərk tullantılar), 10 milyon 560,29 min dollar dəyərində 38 min 909,33 ton günəbaxan cecesi(Günəbaxan yağının ekstraksiyası nəticəsində alınan cecələr və digər bərk tullantılar) idxal edib. Bu məhsulların mühüm hissəsi quşçuluq təsərrüfatlarının əsas yem xammalıdır. Onların bahalaşmasının daxili bazarda quşçuluq məhsullarının istehsalındakı xərclərə təsirini azaltmaq üçün biz dövlətimizə müraciət etdik ki, bu məhsulların idxalından ƏDV tutulması dayandırılsın.

Prezident İlham Əliyevin iyulun 1-də imzaladığı “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə” Fərmanla soya və soya şrotu, günəbaxan cecesinin idxalı Əlavə Dəyər Vergisindən azad olundu.

Qeyd edim ki, qlobal soya bazarında yaz və payız dövrü dünyanın müxtəlif ərazilərində yığım mövsümü olduğuna görə qiymətlərdə müəyyən ucuzlaşma qeydə alınır. Bu baxımdan, Cənab Prezidentin imzaladığı Fərman biz istehsalçılara zəruri yem ehtiyatını təmin etmək üçün geniş fürsət yaradır. Bu, eyni zamanda ölkəmizdə əhalinin qida rasionunda mühüm yer tutan quş əti və yumurtanın istehsal dəyərinin artmasının qarşısını almaqla dövlətimizin ərzaq təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcək.

Azərbaycanın ərzaq təhlükəsizliyinin təminatına yönələn daha bir addım buğda və arpanın ixracının qadağan olunmasıdır. Aprel-may aylarında biz arpanın xırdalanaraq kəpək adı ilə kütləvi ixracını qeydə aldıq və bunu müvafiq dövlət qurumlarının diqqətinə çatdırdıq. Bununla bağlı müraciətimizdən az sonra arpa ixracının qarşısı alındı.

Qeyd etdiyim bu məqamlar bir daha göstərir ki, Azərbaycan Prezidentinin dəstəyi və qayğısı nəticəsində biz sahibkarlar hərtərəfli inkişaf imkanı əldə etmişik. Cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən iqtisadi siyasət ölkəmizdə azad sahibkarlığın daha da inkişafının əsas hərəkətverici qüvvəsidir. Bu qüvvənin sayəsində biz tezliklə Azərbaycanın bütün növ strateji ərzaq məhsulları, o cümlədən quş əti ilə tam təminatına nail olacağıq...

635x100

Şərhlər

Həqiqət 2022-08-30 12:08:57

MAFİYALARLA ƏLAQƏLİ.MONOPOLİSTLƏRƏ İŞLƏYƏN XIRDA ALVERÇİLƏRDİR.oNLARA DA HƏM VERGİDƏ.HƏM GÖMRÜKDƏ RAZILAŞDIRILMIŞ GÜZƏŞTLƏR EDİLİR.MÖVCUD KOMMERSİYA QANUN QAYDALARINA RİAYƏT ETMƏYƏ MƏCBUR OLAN YENİ FƏALİYYƏTƏ BAŞLAMAQ İSTƏYƏNLƏR İSƏ QISA ZAMANDA MÜFLİS OLURLAR.BU AZƏRBAYCAN REALLIĞIDIR.DÖVLƏT BU SAHƏNİ MAFİOZLARA BAĞIŞLAYIB.ŞƏRTLƏRİI İSƏ ....ÖZLƏRİNƏ BƏLLİDİR. İSƏ ... HAMI ÜÇÜN MÜNASİB DEYİL.ƏSL SAHİBKARLAR YA ÖLKƏNİ TƏRK EDİB,YA DA FƏALİYYƏTLƏRİNİ ÇOXDAN DAYANDIRIBLAR.İNDİ ORTAYA ÇIXARDILAN "SAHİBKARLAR"

Son yazılar