HƏRBİ TOQQUŞMANI LABÜD EDƏN SƏBƏBLƏR – Ermənistan oyundan çıxır...

Avqustun 3-də Azərbaycan Silahlı Qüvvələrinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində həyata keçirdiyi "Qisas" antiterror əməliyyatı labüd idi.

Son aylarda Ermənistan siyasi rəhbərliyinin, habelə bölgədəki separatçı-cinayətkar qruplaşmanın, onun hamisi Rusiyanın davranışları nəticə etibarilə hərbi gərginliyi kuliminasiya həddinə yaxınlaşdırdı. Burada bir neçə məqamı xüsusi vurğulamaq lazımdır:

Birincisi, 44 günlük müharibədən keçən 19 ay ərzində danışıqların heç bir nəticə verməməsi, 10 noyabr üçtərəfli bəyanatının icrasına bəslənilən ümidverici gözləntilərin puça çıxması;

İkincisi, separatçı cinayətkar qruplaşmanın Rusiyanın dəstəyi ilə 10 noyabrda formalaşan müvəqqəti "təmas xəttini " möhkəmləndirilmiş cəbhə xəttinə çevirmək və bölgəni hərbiləşdirmək cəhdləri;

Üçüncüsü, Azərbaycanın kommunikasiyaların açılması istiqamətində həyata keçirdiyi layihələrə qarşı tərəfdən hər hansı reaksiyanın verilməməsi (Laçın dəhlizinə alternativ yolun Ermənistan tərəfindən olan hissəsinin çəkilməməsi, daxili yolların açılmaması və s.).

Prezident İlham Əliyev iyulun 16-da hökumətin iclasında bildirdi ki, erməni silahlı qüvvələrinin iyunun sonuna qədər Azərbaycan ərazilərini tərk edəcəyinə dair Rusiya hərbi dairələrindən verilən vəd yerinə yetirlməyib. Bu da rəsmi Bakıya güc tətbiqi yolunu seçməkdən başqa çıxış yolu qoymur.

Həmin gün Tiflisdə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin vasitəçisiz görüşü təşkil olundu. Bu görüşdə problemin sülh və danışıqlar yolu ilə həllinə dair bəyanatlar təkrarlandı, amma Azərbaycan təmsilçisi bildirdi ki, bölgənin silahsızlaşdırılması rəsmi Bakı üçün prioritet məsələdir. 

Ermənistandan qarşılıq olaraq verilən açıqlamada bildirildi ki, Qarabağ bölgəsinə çağırışçıların göndərilməsi dayandırılıb və sentyabradək oradakı hərbçilərin çıxarılmasına başlanacaq. Amma qalan silahlı dəstələr "Qarabağın müdafiəsi ordusudur".

Görünür, Ermənistanın siyasi rəhbərliyi bu bəyanatı lazımınca qiymətləndirmədi. Amma ABŞ və Avropa İttifaqı vəziyyətin ciddiliyini anladı və hər iki tərəflə təmasa keçdi. Nəticədə, iyunun 19-da ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns İrəvana, ardınca Rusiya FTX-nın başçısı Nikolay Patruşev İrəvana və Bakıya gəldi. Bu müzakirələrin detalları ictimaiyyətə bəlli olmasa da, tərəflərin bölgədə yaranmış hərbi-siyasi vəziyyəti müzakirə etməsi şübhəsizdir.

Azərbaycan rəhbərliyi erməni silahlılarının çıxarılması ilə bağlı qəti mövqeyini bu həftə tərəflərə telefon açan ABŞ Dövlət katibinin müavini Kaaren Donfridə də çatdırdı.

Rusiya Prezidenti Vladmir Putin, ardınca Müdafiə naziri Sergey Şoyqu toqquşmalardan bir gün əvvəl erməni həmkarları ilə telefon danışığı apardı və daha sonra Azərbaycan və Rusiya Müdafiə nazirləri də rabitə vasitəsi ilə bölgədə yaranmış situasiyanı müzakirə etdilər. Kremldən verilən rəsmi açıqlamada bildirilirdi ki, Putin Paşinyanla 10 noyabr bəyanatının praktik icrasını müzakirə edib. 

Beləliklə, gərgin diplomatik-siyasi müzakirələrə rəğmən Laçında - Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidən açılan atəşlə Azərbaycan əsgərinin şəhid edilməsi partlayış effekti verdi və Bakı düşməni cəzalandırmaq qərarına gəldi.

Əməliyyat və ilkin nəticələr

Bir sutka ərzində havadan pilotsuz döyüş aparatları və yerdə kiçik çaplı silahlar vasitəsi ilə aparılan əməliyyat zamanı qanunsuz erməni silahlı dəstələrinin 2 hərbçisi öldürülüb, daha 19 nəfər yaralanıb. Son məlumatlara görə, 4 yaralının vəziyyəti ağır, 1 nəfərin vəziyyəti isə son dərəcə ağır qiymətləndirilir.

Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan Ordusu Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəklikləri nəzarətə götürüb.

"Hazırda bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür. Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib", - deyə məlumnatda qeyd olunur.

Reaksiyalar

Ermənistanın Baş naziri N.Paşinyan avqustun 4-də hökumətin iclasında Azərbaycanı Qarabağda erməni silahlı qüvvələrinin olması ilə manipulyasiya etməkdə ittiham edib. 

“Rəsmi olaraq qeyd etməliyəm ki, Dağlıq Qarabağda heç bir erməni hərbçi yoxdur”, - Paşinyan bildirib.

Paşinyan növbəti dəfə yalan iddialarla çıxış edərək deyib ki, Azərbaycanın vəziyyəti kəskinləşdirməkdə bircə məqsədi var: 2020-ci il 10 noyabr üçtərəfli atəşkəs bəyanatını ləğv etmək, “fiksasiya olunmuş reallıqların” – "dağlıq Qarabağ", "təmas xətti", Laçın dəhlizinin möhkəmləndirilməsindən qaçmaq. O, Azərbaycanın indiki mübarizəsinin bu üç instituta qarşı yönəldiyini vurğulayıb.

Ermənistan XİN-n bəyanatı da Paşinyanın çıxışından fərqlənməyib: “Azərbaycan 10 noyabr üçtərəfli razılaşmasını pozur. Beynəlxalq ictimaiyyəti Azərbaycanın aqressiv hərəkətlərini dayandırmaq üçün tədbirlər görməyə, bundan ötrü gərəkən mexanizmləri işə salmağa çağırırıq”.

Azərbaycan XİN isə Ermənistanın ittihamlarını rədd edib, qarşı tərəfin üçtərəfli bəyanatı pozmaqda ittiham etməsini “riyakarlıq” adlandırıb. Nazirlik həmin bəyanatda erməni silahlı dəstələrinin Azərbaycan ərazisindən çıxarılmasının nəzərdə tutulduğunu, Qarabağda son yaşananları məhz qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərində mövcudluğu və təxribatlara əl atması ilə izah edib.

Avqustun 4-də Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirədə Qarabağda vəziyyətin kəskinləşməsini müzakirə edib. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib: Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsi ilə bağlı vəziyyət müzakirə olunub. Üçtərəfli sazişin bütün müddəalarının təcili həyata keçirilməsinin zəruriliyi vurğulanıb”.

Rusiya Müdafiə Nazirliyi də növbəti dəfə saxtakarlıq edərək iddia edib ki, guya atəşkəsi Azərbaycan pozub. Ardınca da bildirib ki,  “sülhməramlı kontingent vəziyyətin sabitləşməsindən ötrü Azərbaycan və Ermənistan təmsilçiləri ilə birlikdə tədbirlər görür”.

ABŞ: "Birləşmiş Ştatlar Qarabağda döyüşlərin qızışması, itkilər barədə xəbərlərdən narahatdır, baş verənləri diqqətlə izləyir". Dövlət Departamentinin sözçüsü Ned Prays avqustun 3-də yazılı bəyanatında gərginliyin azaldılması, gələcək eskalasiyanın önlənməsi üçün təcili addımlar atmağa çağırıb.

Avropa İttifaqının Xarici siyasət rəhbəri Jozep Borrel də döyüşləri dərhal dayandırmağa çağırıb.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas da ənənəvi bəyanla çıxış edərək, Qarabağda insan tələfatına səbəb olan silahlı toqquşmalardan narahatığını ifadə edib: "Münaqişə tərəflərini güc tətbiq etməkdən çəkinməyə və mövcud fikir ayrılıqlarını aradan qaldırmaq üçün müstəsna olaraq diplomatik üsullardan istifadə etməyə çağırıq".

Nəticələr:

Birincisi, Azərbaycan Rusiyanın müvəqqəti nəzarət etdiyi ərazilərdə erməni silahlı birləşmələrinin yenidən möhkəmlənməsinə imkan verməyəcəyini əməli şəkildə nümayiş etdirdi. Qarşıdakı həftlərdə bu məsələ bütün müzakirələrdə əsas prioritet olacaq. Eləcə də Soçidə Rusiya və Türkiyə liderlərinin görüşündə (5 avqust) də erməni silahlıların Qarabağdan çıxarılması Ərdoğan tərəfindən qaldırılacaq. Bölgənin silahsızlaşdırılması istiqamətində davamlı real addımlar atılmasa, Azərbaycan Ordusunun əməliyyatları davam edəcək. Bu barədə Müdafiə Nazirliyinin bəyanatında aydın şəkildə yazılıb. Nəticəsizliyin davam etdiyi şəraitdə diplomatik təmaslar da dayandırılacaq.

İkincisi, rəsmi Bakının Laçın dəhlizinə alternativ yolun Ermənistan tərəfindən çəkilməli olan hissəsində işlərin başlanması barədə tələbi qəbul edilib. İrəvan daha əvvəlki bəyanatlarda bu işin gələn ilin noyabrına qədər başa çatdırılacağı barədə açıqlama versə də, dünən Ermənistan XİN apreldə yolun hazır olacağını açıqlayıb.

Üçüncüsü, Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə əhəmiyyətli yüksəkliklərə nəzarəti təmin etməklə və düşmənə effektiv zərbə vurmaqla yüksək döyüş hazırlığını bir daha nümayiş etdirib. Ermənistan və Qarabağdakı separatçı qanunsuz silahlı dəstələrin bu gücün qarşısında aciz olduğu da rəsmən etiraf olunub.

Dördüncüsü, Rusiya və KTMT-nin, eləcə və Qərbin reaksiyası situasiyaya adekvat oldu. Bu münasibət rəsmi Bakını qismən qane edir, amma əsas gözlənti qanunsuz silahlı birləşmələrin Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı Ermənistana təzyiqlərin gücləndirilməsindən ibarətdir. Habelə İrəvan Qarabağda qalan və ona dəxli olmadığını iddia etdiyi hərbi qruplaşmaya bütün yardımları dayandırması barədə öhdəlik götürməlidir. 

Gözləntilər və perspektiv

Azərbaycanın qanunsuz silahlı birləşmələrə hərbi zərbələr vurmaqdan çəkinməməsi 10 noyabr bəyanatının icrasına yol açmalıdır. İlk növbədə daxili nəqliyyat yolları açılmalı, Laçın dəhlizi bağlanmalı, ətrafda yaşayan ermənilərin köçürülməsi təmin olunmalıdır. Bu halda böyük sülh sazişinin imzalanması, regional kommunikasiyaların açılması, reinteqrasiya prosesinə start verilməsi və prosesə beynəlxalq birliyin cəlb edilməsi növbəti mərhələdir. Toqquşmalara verilən reaksiyalardan görünür ki, Qərb proqresi eskalasiyadan qaçmaqda bu istiqamətdə irəliləməkdə görür.

Bəs, regionda silahlı qüvvələrlə təmsil olunan Rusiya nə istəyir?

Əsas düyün nöqtəsi Moskvanın maraqlarıdır və getdikcə məsələnin Bakı-Moskva, eləcə də Türkiyə-Rusiya müstəvisinə çıxması labüddür. Çünki hadisələr göstərdi ki, Ermənistan artıq oyundan çıxmaq üzərdir...

E.Rüstəmli

"AzPolitika.info"

635x100

Şərhlər

B.Qarabağlı 2022-08-05 16:33:46

Cənab MÜƏLLİF çox dərin düşünüb, SƏBƏBləri araması və NƏTİCƏləri (qanlı qarşıdurmanı) təhlil cəhdi hədsiz zəruri işdir! Ancaq, bu Siyasi partiyaların, bütün Hüquq orqanlarımızın birbaşa vəzifə borcladır!? Sadə vətəndaş kimi ümumi bir halı-hərəkətsizliyimizi qeyd etmək məcburiyyətindəyəm. Niyə, bir ildə biz bütün kənd və rayonlarımızın idarəsinə sahiblənə bilmədik? Erməni və rusməramların işığı, istisi, çörəyi bizlərdən qidalanmadı? Bunu 10.11.20 razılaşması nəzərdə tutmurdusa, onu tərtib edənlər cavab versinlər-azadlığa və sülhə çıxış necə ola bilərdi?

Son yazılar