Menu

Qazaxıstan nefti BTC ilə daşınacaq - Rusiyanın hədəsi ölkəni alternativ marşrutlara yöndəldir

12.08.2022, 20:18
Qazaxıstan nefti BTC ilə daşınacaq - Rusiyanın hədəsi ölkəni alternativ marşrutlara yöndəldir

"Sentyabrdan başlayaraq Qazaxıstan xam neftinin bir hissəsini Azərbaycanın ən böyük kəməri vasitəsilə satacaq". 

"AzPolitika.info" xəbər verir ki, bu haqda “Reuters” agentliyi məsələdən agah olan üç mənbəyə istinadla xəbər yayıb. Mənbələr bildirir ki, avqustun sonunda yekun kontraktın imzalanacağı, bir ay sonra BTC ilə neftin daşınacağı gözlənir.

Qeyd olunur ki, Qazaxıstanın "Kazmunaygaz" (KMG) dövlət neft şirkəti Azərbaycanın SOCAR neft şirkəti ilə öncədən müzakirələr aparıb. Bakı-Ceyhan kəmərilə ilə 1.5 milyon ton Qazaxıstan neftinin daşınması nəzərdə tutulur. Bu isə günə 30 min barreldən çox deməkdir. CPC kəməriylə günə 1.3- 1.4 milyon barrel neft daşınır.

İki mənbə "Reuters"ə deyib ki, Azərbaycandan Gürcüstanın Supsa Qara dəniz limanına gedən kəmərlə 2023-cü ildən ilə əlavə 3.5 milyon ton Qazaxıstan nefti daşına bilər. Beləliklə, BTC ilə birlikdə günə 100 min barel, yəni CPC-nin nəql etdiyi həcmin 8 faizi qədər neftin daşınacağı gözlənir. “Reuters” xəbərlə bağlı KMG və SOCAR-dan açıqlama ala bilməyib.

Agentlik yazır ki, Azərbaycana bel bağlamaqla Qazaxıstan Rusiya ərazisindən yan keçməklə neftini nəql edə bilər. Ötən ay BP Azərbaycan şirkəti Bakı-Supsa kəməri ilə daşınan nefti də BTC-yə yönəldəcəyini deyib.

BTC marşrutu Qazaxıstan üçün nə deməkdir? Bu halda neft Aktau limanından kiçik tankerlərlə Bakıya daşınmalıdır.

Mənbələr bildirir ki, "Chevron" şitkətilə birgə müəssisə olan "Tengizchevroil" (TCO) isə kəmər və dəmiryolu danışıqları üzrə ayrıca danışıqlar aparır. TCO da BTC-dən istifadə edə bilər, ancaq bu halda neftin nəqlinin başlaması altı ay çəkə bilər. Şirkət xəbərə şərh verməyib.

Sürətli razılaşmanın əldə olunmasına neftin keyfiyyəti də təsir göstərir. Qazaxıstanın CPC "Blend" nefti yüngül, kükürdlü neftdir, Azərbaycanın daha asan emal edilən neftindən xeyli ucuz satılır.

Xatırladaq ki, ötən ay Rusiya Qazaxıstan neftinin daşındığı marşrutu bağlamaqla hədələyəndən sonra ölkə alternativ axtarmağa başlayıb. Qazaxıstandan neft ixracı dünyada təchizatın 1 faizindən də çoxunu, yaxud günə təxminən 1.4 milyon barrel təşkil edir. 20 ildir bu ölkə nefti CPC kəməriylə Rusiyanın Novorossiysk limanına, oradan dünya bazarına çıxır. İyulda Rusiya məhkəməsi CPC-ni bağlamaqla təhdid edib.

“Reuters” yazır ki, Qazaxıstan hökumətinin üz tutduğu alternativlərin heç biri CPC kimi praktik deyil. Bu da enerji bazarında gələcək təlatümlər riskini artırır.

Rusiya fevralın sonunda Ukraynanı işğal etməyə başlayandan dünyada neftin qiyməti son 14 ildə ən yüksək həddə çatıb, iyulda 100 dollardan yuxarı səviyyədə qalıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol