Menu

“Erməni cəmiyyəti Prezident İlham Əliyevin bu fikrindən möhkəm yapışsın...” - Millət vəkili

15.08.2022, 12:44
“Erməni cəmiyyəti Prezident İlham Əliyevin bu fikrindən möhkəm yapışsın...” - Millət vəkili

"Ermənistan dövlətinin və cəmiyyətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müəyyən olunan "yol xəritəsi" ilə barışmaqdan başqa çarəsi yoxdur. Bu yol ən ədalətli yoldur, ermənilərin xülya ilə yaşamaqdan qurtarmaq, reallığa qayıtmaq, inkişaf, sabitlik və sülh yoludur".

"AzPolitika.info" xəbər verir ki, bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov özünün "Feysbuk" səhifəsində yazıb.

"Ali Baş Komandan konkret olaraq Xankəndi və ətraf bölgədə yaşayan ermənilərin gələcəyi ilə bağlı fikirlərini bildirdi ki, Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilərin hansısa xüsusi imtiyazı olmayacaq", - deyən millət vəkili, ölkə başçısının dövlət televiziyasına müsahibəsində səsləndirdiyi fikirlərdən iqtibas gətirib: “Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də hansısa xüsusi imtiyazı. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə”.

S.Qurbanov qeyd edir ki, “Qisas” əməliyatından sonra, 44 günlük müharibənin nəticəsindən yaxşı dərs almayan erməni toplumu onların ənənəvi xəyalları ilə mövcud reallıqlar arasında olduqca ciddi fərqlərin olduğunu anlamağa başlayıblar: "Erməni toplumu anlamağa başlayıb ki, Azərbaycan Prezidenti dediyi hər bir sözün ağasıdır və dediklərini də tam şəkildə reallaşdırmaq qabiliyyətinə malikdir. Yəni İlham Əliyev hər hansı məsələ barədə qərar veribsə, onun qarşısını heç bir qüvvə ala bilməz. İlham Əliyev özü bu haqda belə deyir: "Ermənistan bir daha gördü ki, bizi heç kim və heç nə dayandıra bilməz. Nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə də hansısa telefon zəngi... Bunu Azərbaycan xalqı yaxşı bilir. İkinci Qarabağ müharibəsi də bunu göstərib. Əminəm ki, Ermənistan tərəfi də bunu bilir. Sadəcə olaraq, hərdən bunu unudurlar. Ona görə də belə faciəvi hadisələr baş verir…"

Qarabağda yaşayan ermənilərin bizim vətəndaşlarımız olduğunu deyən millət vəkili əlavə edir ki, nə qədər onlar bunu tez dərk etsələr, o qədər də hamımız üçün yaxşı olar. Prezidentin bu barədə mesajını diqqətlə oxumalı, dinləməlidirlər: “Qarabağda yaşayan ermənilər açıq-aydın gördülər ki, Ermənistan hakimiyyəti onların problemlərini həll etmək iqtidarında deyil... Onlar düzgün addım atmalı, başa düşməlidirlər ki, gələcəkləri ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir”.

Sadiq Qurbanov sonda erməni cəmiyyətinə tövsiyə də verib: "Onlar Azərbaycan Prezidentinin: "Mən demişəm ki, onların hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək. Mən nəyi deyirəmsə, onu da həmişə icra edirəm” fikrindən möhkəm yapışsınlar, yoxsa gec olacaq".

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol