ABŞ-ın Müharibə Təhqiqat İnstitutu(ISW) Ukrayna Ordusunun Xarkov istiqamətindəki əks-hücum əməliyyatları barədə məlumat yayıb.
“AzPolitika.info” xəbər verir ki, institutun mütəxəssisləri Ukrayna Silahlı Qüvvələrinin Xarkov Vilayətində, İzyum şəhərinin şimal istiqamətində ən azı 20 kilometr irəlilədiyini qeydə alıblar: “Ukrayna qüvvələri 6-7 sentyabr tarixlərində Rusiyanın nəzarətində olan ərazilərin azı 20 kilometr dərinliyinə qədər irəliləyiblər və İzyum şəhərinin şimalında, Kupyansk istiqamətində 400 kvadrat kilometrə qədər ərazini qaytarıblar. Geolokasiyadan görünür ki, Ukrayna qüvvələri eləcə də şimal-şərq istiqamətində Balakleya, Verbovka, Yakovenkovo və Voloxovski Yar şossesi və Şevçenko istiqamətində irəliləyib”.
Bununla yanaşı, ISW qeyd edir ki, Rusiya mənbələri sözügedən bölgədə işğal olunmuş ərazilərin kifayət qədər dərinliklərində Ukraynanın Kəşfiyyat Diversiya Qruplarının aktiv fəaliyyət göstərdiklərini bildirirlər.
Xatırladaq ki, Prezident Volodimir Zelenski də ötən gün “Xarkov cəbhəsindən xoş xəbərlər olduğunu” bəyan edib, lakin azad edilən yaşayış məntəqələrinin adlarını açıqlamayıb.
Ukraynalı tanınmış hərbi bloqer Yuri Butusov isə bu günlərdə Xarkov və Xerson ətrafında baş verən hücum əməliyatlarından sonra Rusiya təbliğatında kəskin dəyişikliklərə diqqət ayırıb.

Onun sözlərinə görə, Ukraynaya qarşı təcavüzü fəal şəkildə təbliğ edən və bir milyon abunəçisi olan Kremlyönlü "teleqram" kanalı "Readovka" Ukrayna Silahlı Qüvvələrinin hücum əməliyyatının xəritəsini dərc edib: "Bu xəritədə Ukrayna qoşunlarının sentyabrın 6-da eyni vaxtda dörd zərbə endirdiyini göstərir. Amma iki gün əvvəl bütün rus təbliğatçıları “panika yoxdur” yazırdılar.
Təbii ki, biz Ukrayna tərəfdən heç bir məlumat verməyəcəyik və düşmənimizdən gələn bu cür vahimə xəbərlərinə inanmaq çətindir. Amma belə xəritələrə görə, Putinin və Rusiya Silahlı Qüvvələrinin Qərb Hərbi Dairəsinin İzyum bölgəsində cəmləşmiş əsas qüvvələri üçün çox pis xəbərlər var.
Ruslar Prişib kəndini Ukrayna qoşunlarının cəmləşməsi üçün başlanğıc nöqtəsi kimi göstərirlər. Xəritəyə əsasən Ukrayna qoşunları Prişib bölgəsində rus ordusunun müdafiəsini yarıb, Voloxov Yar mühüm yol qovşağını, Semenovkanı azad edib və iki gündən sonra Şevçenkovo kəndinə yaxınlaşıb.
Bu, çox yüksək irəliləyiş göstəricisidir, xüsusən nəzərə alsaq ki, qoşunlar bu yolu dislokasiya olunmuş döyüş birləşmələri ilə keçməli, bərbad ərazidə müdafiə olunan düşmənlə döyüşə girməlidir. Yəni, birbaşa irəli getmək mümkün deyil. Xəritəyə əsasən Ukrayna qoşunları bu istiqamətdə 30 kilometrdən çox məsafəni qət ediblər. Relyef və yollar boyunca təhlükəsizlik manevrləri edildiyini nəzərə alsaq Şevçenkodakı hissələr də irəliləyərək 45 km-dən çox irəli gediblər.
Xəritəyə görə, Şevçenkovo kəndi Rusiya Silahlı Qüvvələrinin İzyum bölgəsindəki bütün hərəkətləri üçün əlaqə nöqtəsidir. Çünki ərazidə bütün əməliyyatlara nəzarəti təmin edən əsas rabitə qovşağı orada yerləşir. Kupyanska çıxış İzyum yaxınlığındakı rus qoşun qrupunun tam mühasirəyə alınması demək olacaq. Şevçenkovonun azad edilməsi İzyum qrupunun məğlubiyyəti, əməliyyat mühasirəsi və rus bölmələrinin sürətlə qaçmağa məcbur edilməsi deməkdir".
Bolqer əlavə edir ki, əgər bütün Rusiya KİV-lərində təkrarlanan bu xəritə real vəziyyəti əks etdirirsə, deməli ukraynalı hərbçilər tank, artilleriya qurğularında dəfələrlə üstün olan düşmənin müdafiəsini yarıb keçib: "Beləliklə əsgərlərimiz heyrətamiz dözümlülük və döyüş effektivliyi nümayiş etdiriblər".
Butosovun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin qəfil hücumu nəticəsində ruslar böyük itkilər verirlər: "Yalnız sentyabrın 7-də internetdə yayılan foto və videoda 40-dan çox rus əsgərinin əsir düşdüyü qeydə alınıb, onlar tamamilə ruhdan düşüb, canlarını xilas etmək üçün təslim olublar. Ukraynalılar əsirlərlə nəzakətli davranır, hamını lentə alır, həyatlarını xilas edəcəklərinə və mübadilə edəcəklərinə söz verirlər".
“AzPolitika.info”

Şərhlər