Menu

Ukrayna Putinin “taxıl yalanı”nı ifşa edib – Əslində Afrikaya neçə gəmi yola salınıb?

08.09.2022, 14:20
Ukrayna Putinin “taxıl yalanı”nı ifşa edib – Əslində Afrikaya neçə gəmi yola salınıb?

“Bu marşrut üzrə taxıl və digər ərzaq məhsullarının daşınmasının məhdudlaşdırılması üzərində düşünmək lazımdır. Mən mütləq bu mövzu ilə bağlı Türkiyə Prezidenti Ərdoğanla məsləhətləşəcəm...”

Bunu Vladimir Putin ötən gün Vladivostokda keçirilən iqtisadi forumdakı çıxışında bildirmişdi. Söhbət Ukraynanın Qara dəniz limanlarından taxıl və digər ərzaqların daşınmasına dair 22 iyul tarixində əldə olunmuş “taxıl razılaşması”ndan gedir. Putinin bu razılaşmanı məhdudlaşdırmaq istədiyi görünür və Kreml sahibinin əsas bəhanəsi də budur ki, guya Ukraynadan çıxarılan taxılın böyük hissəsi kasıb Afrika və Asiya ölkələrinə deyil, Qərb dövlətlərinə daşınır: “Vasitəçi ölkə olan Türkiyəni çıxsaq, praktiki olaraq, Ukraynadan çıxarılan taxılın hamısı inkişaf etməkdə olan, kasıb ölkələrə yox, Avropa İttifaqı ölkələrinə daşınıb”. Onun dediyinə görə, indiyə qədər bu marşrut üzrə Ukraynadan ərzaq daşıyan 87 yük gəmisindən yalnız ikisi kasıb ölkələrə yönəlib.

“AzPolitika.info” xəbər verir ki, Ukryna tərəfi Putinin bu iddialarını yalanlayıb. Ukraynanın İnfrastruktur Nazirliyi Putinin çıxışına cavab olaraq bildirib ki, iyulun 22-dən indiyə qədər Ukraynadan çıxarılan taxıl və digər ərzaq məhsullarının böyük hissəsi Asiya və Afrika ölkələrinə yola salınıb: “Təkcə Afrikanı nəzərə alsaq, Misirə 8, Sudana 3, Keniya, Əlcəzair, Somali, Cibuti və Liviyanın hərəsinə 1 gəmi göndərilib”. Göründüyü kimi, söhbət Puityinin dediyi kimi 2 yox, 16 gəmidən gedir.

Məlumatda qeyd olunur ki, BMT-nin proqramı əsasında daha iki gəmidə 60 min ton taxıl Yəmən və Efiopiyaya yola salınıb və əlavə olaraq, 198 min ton taxılın da digər kasıb ölkələrə göndərilməsi üçün alışı həyata keçirilib. 

Ukrayna, Türkiyə, BMT və Rusiya arasında bağlanan “taxıl sazişi”ndə Ukrayna taxılının məhz Afrika ölkələrinə daşınmalı olduğuna dair heç bir tələb nəzərdə tutulmur. Ancaq buna baxmayaraq, Ukrayna tərəfi məhz kasıb ölkələrin ərzaq təminatına üstünlük verir. O da əlavə olunur ki, indiyə qədər ümumilikdə cəmi 32 gəmi Avropaya göndərildiyi halda, 54 gəmi Asiya ölkələrinə, 16 gəmi isə Afrikaya yola salınıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol