Menu

“Buça, Mariupol, indi isə, İzyum...” - İşğaldan azad edilən şəhərdə kütləvi məzarlıq aşkar edildi

16.09.2022, 12:23
“Buça, Mariupol, indi isə, İzyum...” - İşğaldan azad edilən şəhərdə kütləvi məzarlıq aşkar edildi

Sentyabrın 15-də Ukraynanın şimal-şərqi Xarkov vilayətindəki İzyum şəhərində təzə kütləvi məzarlıq aşkarlanıb.

"AzPolitika.info" xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi gecə müraciətində artıq gərəkən prosedur işlərinin başlandığını deyib.

“Buça, Mariupol, indi isə, təəssüf ki, İzyum”, – deyə Zelenski daha öncə Rusiya əsgərləri geri çəkiləndən sonra kütləvi məzarlıqlar və hərbi cinayət izləri aşkarlanmış şəhərlərin adlarını sadalayıb. “Rusiya hər yerdə arxasınca ölüm buraxır və buna görə məsuliyyət daşımalıdır”, – o vurğulayıb. Zelenski neçə meyitin aşkarlandığını deməyib, sentyabrın 16-da əlavə informasiyanın veriləcəyini bildirib.

Ukraynanın Müdafiə Nazirliyi isə ərazidə azı 440 meyit tapıldığını açıqlayıb. “Rusiyalılardan azad ediləndən sonra İzyumda kütləvi məzarlıqlar tapılır. İndilik 440 işarələnməmiş məzar görünür”, – nazirlik tvitində yazıb.
Xatırladaq ki, minlərlə rusiyalı əsgər İzyumdan ötən həftə çıxıb. Xarkov vilayətindəki bu şəhərdən logistika qovşağı kimi istifadə olunurdu. Əsgərlər böyük miqdarda sursat və avadanlıq qoyub gedib.

Xüsusi şəraitdə itkin düşənlər üzrə komissar Oleq Kotenko isə daha öncə kütləvi məzarlıqda ilkin olaraq 20-25 cəsədin tapıldığını, bunun Ukrayna əsgərləri üçün kütləvi məzarlıq olduğunu deyib.

Xarkov vilayəti üzrə baş polis müstəntiqi Sergey Bolvinovun sözlərinə görə, bəziləri artilleriya atəşindən, bəziləri hava zərbələrindən ölüb.

Zelenski sentyabrın 14-də İzyuma gedib, işğaldan azad olunmuş şəhərdə Ukrayna bayrağı qaldırılıb.


"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol