Menu

“ÖRNƏK” - "Bu cür mətnlər dərsliklərə salınmalıdır"

18.09.2022, 11:17
“ÖRNƏK” - "Bu cür mətnlər dərsliklərə salınmalıdır"

Millət vəkili Etibar Əliyev Dahi Üzeyir Hacıbəylinin anadan olmasının 137-ci ili ilə bağlı paylaşım edib. Həmin paylaşımı təqdim edirik:

Bu gün dahi Azərbaycan bəstəkarı, musiqişünas, publisist, dramaturq, pedaqoq, ictimai xadim, SSRİ Xalq artisti Üzeyir Hacıbəyovun anadan olmasından 137 il ötür.

Üzeyir bəyə sual verirlər: "Leyli və Məcnun necə yaranmışdır? Üzeyir bəyin cavabı belə olur: "Mən opera üzərində 1907-ci ildən işləməyə başlamışam. Lakin məndə bu ideya xeyli əvvəl, təxminən 1897-1898-ci illərdə mən 13 yaşlı uşaq ikən doğma şəhərim Şuşada həvəskar aktyorların ifasında "Məcnun Leylinin məzarı üstündə" səhnəsini gördükdən sonra yaranmışdır."

Böyük Üzeyir bəyin Aram Xaçaturyanla bağlı əhvalatı: "Mərkəzi Komitədən tapşırıq gəldi ki, bəstəkar Aram Xaçaturyanın əsəri dinlənilsin və bədii şura tərəfindən qəbul edilib təsdiq edilsin." Professor-müəllim heyəti toplaşıb Xaçaturyanın simfoniyasına qulaq asıblar. Sonra adəti üzrə Üzeyir bəyin otağında müzakirələr başlayır. Hamı toplaşır. Divar boyu düzülmüş stullarda əyləşirlər. Xaçaturyanı baş tərəfdə oturdurlar.

Üzeyir bəy: "Belə, yoldaşlar! Əgər Çaykovskinin simfoniyasının ifası zamanı trombon bir çərək pauza qədər geciksə, bunu zalda oturan hər bir dinləyici dərhal hiss edər. Xaçaturyanın bu simfoniyasında isə trombonun nəinki gecikdiyini, ümumiyyətlə çalğıya başladı, ya başlamadı, bunu tamaşaçı yox, heç müəllif özü də hiss etməz..."

Otağı bürüyən sükutu Xaçaturyanın addım səsləri pozub. O, yekə portfelini götürüb, heç nə demədən otaqdan çıxıb. Bu, onun Azərbaycandan axırıncı gedişi olub...

DAHİ ÜZEYİR BƏY İSTEDADI NECƏ TAPIRDI

Böyük bəstəkar, pedaqoq, Xalq artisti Cövdət Hacıyev: "Üzeyir Hacıbəyovla ilk görüşüm 1926-cı ildə oldu. Valideynlərim mənə musuqi təhsili verməyi və hər hansı bir musiqi alətində çalmağı öyrənməyimi istəyirdilər. Anam məni Lermontov küçəsində yerləşən musiqi məktəbinə apardı; o illərdə bu məktəbdə həm də konservatoriya yerləşirdi. Məktəbə daxil olduqda anam direktorun qapısını döydü. Qapını Üzeyir Hacıbəyovun özü açdı, gülümsəyərək bizi içəriyə dəvət etdi. O, anamın xahişini dinləyərək dedi:

- Çox yaxşı ki, Siz gəlmisiniz, Deməli, bu uşaq musiqiçi olmaq istəyir? Nə edək, bu çox böyük və gözəl arzudur. Hansı alətdə çalmaq istəyirsən? - deyə Üzeyir bəy mənə tərəf döndü. Özümü itirərək anama sarı döndüm. 

Üzeyir bəy bunu hiss edərək dedi:

- O, skripkada çalacaq. Mən də nə vaxtlarsa skripkada çalırdım, sonra musiqi yazmağa başladım və bəstəkar oldum. Sən də bəstəkar olacaqsan, bunun üçünsə çoxlu məşğul olmaq, əziyyət çəkmək lazımdır...

Üzeyir bəyin çağırışı ilə kabinetə hündürboylu bir adam daxil oldu. Bu professor S. Bretanski idi.

- Semyon Leontoviç, budur, gələcəyin bəstəkarı, ona hər bir şeyi öyrədin...

Beləliklə, mən musiqi məktəbinə qəbul olundum.

P.S. Bu cür mətnlər dərsliklərə salınmalıdır. Örnək, Örnək, yenə də Örnək...

Üzeyir Hacıbəyovun tələbələri: Əfrasiyab Bədəlbəyli, Səid Rüstəmov, Asəf Zeynallı, Şəmsi Bədəlbəyli, Niyazi, Cövdət Hacıyev, Tofiq Quliyev, Qara Qarayev, Cahangir Cahangirov, Fikrət Əmirov, Şəfiqə Axundova.

Şərhlər

Fizuli 2022-09-18 16:28:42

Əlaaa!

Vetendaş 2022-09-18 15:15:09

Salam, Üzeyir bəyin bədnam qonşularımız haqqında da yazısı var. Üzeyir bəy 20 ci yüz illikdə Azərbaycanın tək dahi şəxsiyyəti olan insandır.!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol