Menu

“Əməkhaqqı və sosial xərclər artırılacaq” - Neft-qaz gəlirlərindəki artım nə vəd edir?

19.09.2022, 19:09
“Əməkhaqqı və sosial xərclər artırılacaq” - Neft-qaz gəlirlərindəki artım nə vəd edir?

Energetika nazirliyindən verilən məlumata görə, cari ilin 8 ayında Azərbaycanda hasil edilmiş 21, 8 milyon ton neftin 17, 6 milyon tonu ixrac edilib. 

Ötən ilin eyni dövrü ilə müqayisədə 9, 7 faiz artımla hasil edilmiş 30, 6 milyard kubmetr qazın isə 14, 4 milyard kubmetri ixrac olunub. Beləliklə, cari ilin 8 ayında Azərbaycanın neft və qaz ixracından əldə etdiyi gəlir 24, 3 milyard manat olub. Qeyd edək ki, ötən ilin eyni dövründə müvafiq göstərici 11, 3 milyard manat idi. Ötən illə müqayisədə 2022-ci ildə Azərbaycanın neft gəlirləri 61, 5 faiz, qaz ixracından əldə etdiyi gəlirlər isə 340 faiz artıb.

Bəs bu artım ölkə iqtisadiyyatına və əhalinin gəlirlərinə necə təsir edəcək?

Bu mövzuyla bağlı iqtisadçı-ekspert Xalid Kərimli “AzPolitika.info”-ya şərhində bildirib ki, enerji qiymətlərinin yüksək olması ilk növbədə Neft Fondunun gəlirlərini artırır: “Ötən il neftin qiyməti 50 dollar olarkən, dövlətin icmal büdcəsində 7 milyard manat kəsr olacağı gözlənilirdi. Ancaq hazıki qiymətlətlərlə Neft Fondunun gəlirlərində artım olacağı proqnozlaşdırılır. Neft Fondu öz ehtiyatlarını səhmlər və istiqrazlara qoyub. Bu səhmlərin və istiqrazların dəyəri aşağı düşdüyü üçün, Neft Fondunda kəskin artımlar baş vermir. Eyni zamanda neft və qazdan gələn valyuta birbaşa büdcəyə daxil olmur. Bu vəsait ilk nöbədə Neft Fonduna toplanılır. Təbii ki, neft-qaz gəlirləri yüksək olduğu zaman, neft şirkətlərinin büdcəyə ödədiyi mənfəət vergisi artır və bu, dövlət büdcəsinə müsbət təsir edir”.

Ekspert xatırladır ki, cari ildə büdcə dəyişikliyinin olması neft-qaz qiymətlərinin dəyişməsi ilə əlaqədar idi: “Bildiyimiz kimi, bu il büdcə xərcləri əlavə olaraq 3 milyard manata qədər artırıldı. Ancaq bu artımı insanlar birbaşa həyatlarında hiss etmədilər. Bu vəsait əsasən, Qarabağın bərpasına, ordu xərclərinə, təhlükəsizliklə bağlı məsələlərə yönəldildi”.

“Hazırda neft sektorundan gələn gəlir 53 faizdir. Büdcənin sosial xərclərinə nəzər saldıqda isə bunun 68 faiz olduğunu görmək olar. Bu o demekdir ki, hökumət növbəti il üçün əməkhaqqı və sosial xərcləri artırmaq niyyətindədir. Neft gəlirləri hökumətin stabilləşdirici fondudur. Bu fonda toplanan vəsait həm də gələcək nəsilər üçün saxlanılır. Hökumət bu gəlirləri dərhal mövcud durum üçün bölüşdürmür və bir qədər ehtiyatlı davranır. Nəzərə almaq lazımdır ki, gələn il neftin qiymətinin düşəcəyi gözlənilir. Ona görə də bu dəyişikliklər və artımlar tədricən gedir”,-deyə ekspert bildirib.

“AzPolitika.info”

Şərhlər

zaur 2022-09-20 09:07:06

Bu kimi ekspertlər sadəcə görüntü və təbliğ üçün danışırlar.Fikir verin bunu sözlərinə!! Deyir ki, bu gəlirlər dövlət büdcəsinə müsbət təsir edir.Demir ki, ciddi təsir göstərir))

Pensiyaçı 2022-09-19 18:47:04

Bu yazıya inanmaq oalr ? 3 ildir büdcədə neft gəliri 50 dollar qəbul edilir.Dollar yüksəlir,amma xalqa heç nə çatmayıb.Bu hökumət xalqın güzəranını düşünür? Əsla yox.Nrft,qaz gəlirlərinin millətə faydasını jiss edən sadə vətəndaş varmı?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol