Menu

Blinken Azərbaycan və Ermənistan XİN başçılarını görüşdürəcək – “Bu İrəvan üçün son şans ola bilər...”

19.09.2022, 17:27
Blinken Azərbaycan və Ermənistan XİN başçılarını görüşdürəcək – “Bu İrəvan üçün son şans ola bilər...”

ABŞ-ın Nyu-York şəhərində Azərbaycan, Ermənistan və ABŞ xarici siyasət idarələrinin rəhbərləri Ceyhun Bayramov, Ararat Mirzoyan və Entoni Blinken arasında üçtərəfli görüş baş tutacaq.

"AzPolitika.info" xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatı şərh edən politoloq Fərhad Məmmədov bildirib ki, sentyabrın sonuna 11 gün qaldığından bu fürsətdən istifadə etməmək qəribə olardı: "Qeyd edim ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov da BMT Baş Assambleyasında olacaq. ABŞ Dövlət Departamentinin rəhbəri Blinken bütün günü aktivdir. Görüşün olacağını yalnız Ermənistan Xarici İşlər Nazirliyi təsdiqləyib. Azərbaycan tərəfdən bu barədə heç bir məlumat verilməyib. Brüsseldən sonra sülh müqaviləsinin mətni üzrə danışıqların Bakının təklif etdiyi beş prinsip əsasında aparılacağı aydın idi. Paşinyan da buna eyham vurub. Bununla belə, Ermənistanın mövqeyi dəyişkənliyi ilə seçilir. ABŞ-ın mövqeyi ilə bağlı eşitdiyimiz hər şey ATƏT-in mövcud olmayan Minsk Qrupunun həmsədrinin müharibədən əvvəlki, köhnəlmiş bəyanatlarını xatırladır".

Ekspert əlavə edir ki, son eskalasiyanın nəticələri Azərbaycanın ABŞ istiqamətində də mövqelərini gücləndirib: “"Əgər Paşinyana kömək etmək istəyirsinizsə, onu sülh müqaviləsi imzalamağa inandırın!” Bunu ona rus və fransız dillərində izah etdilər, indi növbə Amerika ingiliscəsindədir. O da ola bilər ki, ABŞ-ın son bəyanatlarından başgicəllənməsi keçirən Ermənistan rəhbərliyi “status” mövzusunu yenidən gündəmə gətirsin və ya Azərbaycanın nəzarət altına alınan ərazilərdən çıxması üçün şərtlər irəli sürsün. Bu, danışıqların pozulmasına səbəb ola bilər. İrəvanın yumşaq desək, qeyri-konstruktiv mövqeyi, daha doğrusu, dəyişkənliyi, razılaşmalara əməl etməməsi nəticəsində proseslər dayandı və konstruktiv müzakirə potensialı itirildi. Əgər indi də Ermənistan normallaşma prosesini pozmaq üçün himayədarlarının dəstəyini alarsa, o zaman Azərbaycanın başqa yolu qalmayacaq".

F.Məmmədov vurğulayır ki, Ermənistan rəhbərliyinin xarici siyasətdə son “akrobatik hərəkətləri” regiondakı rəqiblər arasında açıq münaqişəyə səbəb ola bilər. "Azərbaycanın məqsədi toqquşan maraqları Ermənistanın öz daxilində lokallaşdırmaq və problemləri qaydalar çərçivəsində və öz gündəliyi əsasında həll etməkdir", - politoloq qeyd edib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol