"Qarşıma çıxan əsgərlərin alnından öpdüm” - Yaralı halda yenidən döyüş meydanına qayıdan qazi + FOTO

“Düşmən 12 sentyabrda genişmiqyaslı təxribat törətməyə cəhd etdi. Bütün dünya bunun şahidi oldu. İgid oğullarımız onların başını əzib, layiqli cavablarını verdilər”. Bu sözləri Oxu.Az-a açıqlamasında Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmət etmiş Vətən müharibəsi qazisi Rəfail Nuriyev deyib.

Onun sözlərinə görə, son təxribatlar zamanı o, döyüşlərin getdiyi bölgəyə yollanıb:

“Bu yaxınlarda cəbhə bölgəsində oldum. Qarşıma çıxan əsgərlərin alnından öpürdüm. Demək istədiyim odur ki, Azərbaycan xalqı Azərbaycan əsgərinin yanındadır. Hər zaman mətin, mərd, şücaətli olublar. Düşünəndə ki, biz zəfər çalmış, qalib ordunun əsgəriyik, o zaman başqa sözə ehtiyac qalmır. Onlar özləri ilə fəxr etməlidirlər”.

Vətən müharibəsi qazisi hər il faciələrimizi yad etməyin, olanları təkrar yaşamağın ona çox pis təsir etdiyini deyib:

“Ona görə də hərbçi olmaq qərarına gəldim. 44 günlük Vətən müharibəsində Azərbaycan elə bir qələbə çaldı ki, bütün dünya bu zəfəri qısqanmağa başladı. Bizim əsgərlərimiz başa düşürlər ki, onlar güclü və qüdrətlidirlər. Azərbaycan əsgəri cəsur, şücaətli əsgərdir. Çünki bu qəhrəmanlıq irsi olaraq gəlib. Onlar Babəkin, Cavanşirin, Koroğlunun varisləridir. Birləşmiş xalq belə də olmalıdır”.

Qazi deyir ki, döyüşdə yaralansan belə, irəli getməyi düşünürsən:

“Biz bir millətik. Hərə bir yerdən gəlib, bir olur. Təlimlər keçib, tər tökürük. Bunun nəticəsi olaraq döyüşə atılırıq ki, torpaqlarımızı işğaldan azad edək. Yaralı olsan da, döyüşmək istəyirsən. Vətən müharibəsində hər kəs zəfəri öz gözləri ilə görmək istəyirdi. Heç kəs tibb məntəqəsində vaxtını keçirmək istəmirdi. Hamı ilk yardımdan sonra yenidən döyüşə qatılırdı”.

Qeyd edək ki, Vətən müharibəsi qazisi Rəfail Nuriyev döyüşə Murov yüksəkliyindən başlayıb, Şuşaya qədər torpaqların azad edilməsində iştirak edib. Noyabrın 9-da Şuşada yaralanıb, kəllə-beyin travması alıb. Bel nahiyəsindən qəlpələr çıxarılıb. Noyabrın 10-da qələbə xəbərini eşidən kimi, döyüş yoldaşlarının yanına qayıdıb. Kəlbəcər, Şuşa, Laçın, Cəbrayıl, Xocavənd, Laçının işğaldan azad olunmasında iştirak etdiyi üçün medallarla təltif olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar