Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlu noyabrın 8-də partiyanın mərkəzi qərargahında tərəfdarları ilə görüş keçirib.
Görüşdə nitq söyləyən Qubad İbadoğlu deyib ki, Mərkəzi Nəzarət Təftiş Komissiyasına müraciətinə verilən rəylə razı deyil: “Rəydə yazılanlar göstərir ki, araşdırma aparılmayıb, verdiyimiz faktlar öyrənilməyib. Təəssüf ki, ədalətli seçki olmadı. Bir neçə rayonda seçkidən əvvəl qurultay nümayəndələrinin seçimində ciddi nöqsanlar olub, bu nöqsanlar da seçkinin nəticəsinə ciddi təsir edib”.
Sabiq namizəd həmçinin qeyd edib ki, müzakirə edilən məsələlərdən biri fraksiya məsələsidir: “Bununla bağlı ciddi müzakirə gedir. Mən özüm də beynəlxalq təcrübə ilə tanış oldum. Normal ölkələrdə belə faktlar var. Almaniyada, Fransada və sair ölkələrdə fraksiyalar var. Ancaq bu fraksiyalar hansısa qrupun mövqeyini müdafiə etmir, ideoloji yönümlüdür, ideoloji əsaslara söykənir. Fraksiyanın pis nümunəsini Xalq Cəbhəsi Partiyasında görmüşük. Biz Müsavatın belə olmasını istəmirik”.
Başqanlığı iddialılardan olmuş Səxavət Əlisoy çıxışında fraksiya ideyasının tərəfdarı olduğunu bildirib. Müsavatçılar Rüfət Əliyev, Sədaqət Paşayeva, Xəyyam Məmmədli və başqaları da çıxışlarında fraksiya yaradılmasını təklif ediblər.
Müsavat Partiyasının sentyabrın 27-də keçirilən qurultayında yeni başqan seçilib. Arif Hacılı 228 səslə başqan seçkisində qalib gəlib, Qubad İbadoğlu 200, Tural Abbaslı 19 səs toplayıb. 27 sentyabr qurultayında Mərkəzi Nəzarət Təftiş Komissiyasına və Məclisə də bəzi üzvlər seçilib. Bir qrup müsavatçı seçkilərdə pozuntular olduğunu iddia edir, nəticələri tanımır.
Oktyabrın 30-da Müsavat Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyası Qubad İbadoğlunun şikayətinə rəy verib. Qurultaya hazırlıq, seçki kampaniyası zamanı, seçki prosesi dövründə pozuntuların olmadığı qənaətinə gələn Mərkəzi Nəzarət Təftiş Komissiyası qeyd edib ki, çatışmazlıqlar qurultayın nəticələrinin legitimliyinə və demokratikliyinə təsir göstərməyib.
27 sentyabr qurultayında namizədliyini Qubad İbadoğlunun xeyrinə geri götürmüş Səxavət Əlisoy noyabrın 11-də “Media forum” saytının suallarını cavablandırıb. O deyib ki, noyabrın 8-də işçi qrup yaradıblar: “İşçi qrup kollegial sədrlik formatında qurulub. Hazırda sədrlik Qubad İbadoğluna həvalə edilib. Növbəti iclas noyabrın 15-nə planlaşdırılır”.
“Fraksiya haqqında sənəd hazırlanacaqmı” sualını Səxavət Əlisoy belə cavablandırıb: “Bəli, hazırlanacaq. Bəzi şəxslər fraksiyanın Müsavat Partiyasının nizamnaməsinə uyğun olmadığını bildirirlər. Amma fraksiya yaradılması Müsavat Partiyasının nizamnaməsinə zidd deyil. Dekabrın 8-də toplantı keçirməyi planlaşdırırıq. Hesab edirəm ki, həmin gün fraksiya yaradılması haqqında qərar qəbul olunacaq”.


Şərhlər