"Nüvə silahına sahib olan dövlətlərin bunu bəyan etməsi mütləqdir" - Ukrayna Prezident Ofisi

“Nüvə silahından istifadə etməmək üçün digər ölkələr Rusiyaya xəbərdarlıq etməlidirlər”.

Bunu “Report”un Şərqi Avropa bürosuna müsahibəsində Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak deyib.

O, bildirib ki, Rusiya Federasiyası üçün nota şəklində yazılmalıdır ki, nüvə silahından istənilən istifadə cəhdi sivilizasiyaya hücum cəhdi kimi qiymətləndiriləcək və qarşılığında nüvə silahı tətbiq olunacaq: “Rusiya bunu başa düşməlidir. Səfərbərlik fonunda Rusiya vətəndaşları anlayacaqlar ki, milyonlarla rusiyalı nüvə müharibəsi nəticəsində ölə bilər. Nüvə silahına sahib olan dövlətlərin bunu bəyan etməsi mütləqdir. Bunu təkrar qeyd etmək istərdim ki, bu, Ukraynanın problemi deyil. Rusiya ümumi nüvə təhlükəsizliyi çərçivəsini qırmaq istəyir. Heç bir referendum yoxdur, işğal edilmiş Ukrayna torpaqları var və biz bu əraziləri azad edirik. Əgər Rusiya nüvə silahı haqqında danışmağa başlayarsa, onunla “oynamaq” lazım deyil. Ona izah olunmalıdır ki, nüvə müqaviləsi var və buna əsasən bütün nüvə ölkələri tərəfindən əks nüvə hücumu tətbiq ediləcək”.

Podolyakın sözlərinə görə, Ukrayna üçün prinsipial məsələ ərazilərinin işğaldan azad edilməsidir. Rusiya bu müharibədə dəhşətli itkilər verir: "Bu itkiləri səfərbərlik vasitəsilə kompensasiya etmək istəyirlər. "Qismən" sözünə fikir vermək lazım deyil. Əslində, “qismən” sözü sərəncamda qeyd olunmayıb. Bununla faktiki olaraq Rusiya öz müharibə ssenarisinin yerinə yetirilməsinin mümkün olmadığını etiraf edib və öz-özünü genişmiqyaslı müharibəyə cəlb edib. Nəhayət, müharibə, bu müharibənin 210, 211-ci günü hər bir Rusiya vətəndaşının evinə daxil olub. Rusiya böyük səfərbərlik tədbirləri həyata keçirir, çünki onun ordusu qalmayıb".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar