Menu

Avropa İttifaqından Rusiyaya qarşı yeni sanksiyalar

11.11.2014, 21:33

putin sanksiya rusiyaAvropa İttifaqının xarici işlər nazirləri şurası gələn həftə Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi və Ukraynaya yeni dəstək paketinin verilməsini müzakirə edəcəklər.

Bu haqda noyabrın 11-də Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Mogerini (Federica Mogherini) bildirib.

"Gələn həftənin bazar ertəsi nazirlər Brüsseldə bu məsələləri müzakirə edəcəklər, ancaq əsas müzakirə mövzusu sanksiyaların genişləndirilməsi deyil, Ukraynaya bu çətin zamanda necə dəstək verməmiz olacaq", - Federika Mogerini Berlində keçirilən mətbuat konfransında bildirib.

Qeyd edək ki, son həftə ərzində son həftələr ərzində Rusiya yönümlü separatçı qüvvələr Ukraynanın şərqində yenidən fəal hərbi əməliyyatlara başlayıblar. Rəsmi Kiyev separatçıların Rusiya tərəfindən dəstəklənməsinə dair yeni sübutların olduğunu bildirib.

Rusiya isə öz növbəsində münaqişə tərəfi olmadığını və Ukraynaya silah və ordu göndərmədiyini iddia edir.

"Ümid edirəm ki, iki-üç ay öncəki hiddətli döyüşlər və gündəlik qurbanlar vəziyyətinə geri dönməyəcəyik", - Almaniyanın xarici işlər naziri Frank Ştaynmayer (Frank Steinmeier) bildirib.

Avropa Xarici Fəaliyyət Xidmətindən (EEAS) "eunews.az"a bildiriblər ki, münaqişələrin yenidən başlaması ehtimalını azaltmaq üçün Aİ sanksiyaları genişləndirməyə hazırlaşır və bununla bağlı artıq təkliflər layihəsi üzv dövlətlərə göndərilib.

Həmçinin, Federika Mogerini sanksiyalarla bağlı bildirib ki, "Rusiya iqtisadiyyatı xeyli zərər alıb".

Almaniyanın kansleri Angela Merkel bir az öncə keçirdiyi mətbuat konfransında bildirib ki, "İqtisadi sanksiyaların genişlənməsi ehtimalı azdır. Hal hazırda biz üzümüzə gələn qış haqda və Ukraynadakı humanitar vəziyyəti düşünməliyik və həqiqi atəşkəsin əldə olunmasına çalışmalıyıq".

Kansler Merkel həmçinin deyib ki, Avropa İttifaqı Minskdə imzalanan atəşkəs müqaviləsinə riayət olunmamasından narazıdır. O, həmçinin deyib ki, nazirlərin müzakirə üçün toplantısından öncə Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Petro Poroşenko ilə telefon danışıqları aparacaq.

"Reuters" xəbər verir ki, yeni sanksiyalar Ukraynanın cənub-şərqində yeni təyin olunmuş məmurlara toxunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol