Sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev Ali Məhkəməyə şikayətini geri götürüb.
Məlumatı “Media forum” saytına vəkil Əfqan Məmmədov verib.
Vəkil qeyd edib ki, noyabrın 12-də Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə sabiq nazirin şikayəti üzrə proses keçirilib. Nicat Quliyevi məhkəməyə gətirməyiblər: “Proses başlayanda hakim bildirdi ki, Nicat Quliyev Ali Məhkəməyə ərizə ilə müraciət edib. Sabiq nazir ərizədə yazıb ki, şikayətini yenidən işləmək, müəyyən əlavə və düzəlişlər etmək, bəzi məqamları yenidən yazmaq üçün geri götürür. Hakim müraciəti təmin etdi və sabiq nazirin kassasiya şikayətinin geri qaytarılmasına qərar verdi”.
Əfqan Məmmədov bildirib ki, yaxın günlərdə sabiq nazirlə görüşdə kassasiya şikayətini yenidən hazırlayacaqlar.
Nicat Quliyevi 2013-cü il avqustun 7-də MTN həbs edib. Abşeron Rayon Məhkəməsinin hökmü ilə sabiq nazir 3 il müddətinə azadlıqdan məhrum olunub. O, qanunsuz olaraq odlu silah saxlamada təqsirli bilinib. Sumqayıt Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Nicat Quliyev 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.


Şərhlər