Menu

Bayden Trampın tərəfdarları ilə bağlı xalqa müraciət etdi – “Demokratiyamıza təhlükə var”

03.11.2022, 13:27
Bayden Trampın tərəfdarları ilə bağlı xalqa müraciət etdi – “Demokratiyamıza təhlükə var”

Azadlıq radiosu xəbər verir ki, ABŞ Prezidenti Co Bayden noyabrın 2-də gecə çıxışında ölkəsində demokratiyanın təhlükədə olmasıyla bağlı xəbərdarlıq edib. O, amerikalıları gələn həftə Konqresə aralıq seçkilərdə yalanlara, zorakılığa, təhlükəli “ultra MAGA” seçki pozucularına qarşı dayanmağa çağırıb. Prezidentin sözlərinə görə, sonuncular 2020-ci il seçkilərini poza bilməyiblər, indi buna nail olmağa çalışırlar.

“The Associated Press” agentliyi Prezidentin son həftələr Amerika iqtisadiyyatı və inflyasiya haqda inandırıcı çıxışlar etdiyini, dünən isə daha qaranlıq və təcili mesaj səsləndirdiyini yazıb. Prezident elan edib ki, ölkənin idarəçilik sistemi keçmiş Prezident Donald Trampın seçkini inkar edən yalanları, onların ilhamlandırdığı zorakılığın təhdidi altındadır. Bayden “ultra MAGA” respublikaçılarını xüsusi qeyd edib, onları Respublikaçılar partiyasında azlıq, amma “hərəkətverici qüvvə” adlandırıb. “MAGA” Trampın “Make America Great Again” (Amerikanı yenidən böyük edək) devizinə işarədir.

Bayden ötən cümə günü Nümayəndələr Palatasının Spikeri Nensi Pelosinin həyat yoldaşına hücuma toxunaraq deyib ki, Trampın oğurlanmış seçki haqda saxta iddiaları son iki ildə siyasi zorakılığın təhlükəli yüksəlişi və seçicilərin qorxudulmasını alovlandırıb.

“Bu ölkədə siyasi zorakılıqla barışan və sadəcə sakit dayanan adamların sayı təhlükəli şəkildə artır. İliyimizə qədər bilirik ki, demokratiyaya risk var, amma onu da bilirik ki, demokratiyamızı qorumaq gücümüz daxilindədir”, – Bayden vurğulayıb.

Prezident 2020-ci il prezident seçkisinin nəticələrini rədd edən, indi də qarşıdan gələn aralıq seçkinin nəticələrini qəbul etməyəcəyini deyən yüzlərlə namizədlə bağlı deyib: “Bu aparıcı qüvvə 2020-ci ildə seçicilərin hüquqlarını, seçki sisteminin özünü poza bilmədilər, indi buna nail olmağa çalışırlar”.

“Bu, Amerikada xaosa aparan yoldur. Bu, görünməmiş hadisədir, qanunsuzdur, qeyri-amerikandır”, – Bayden vurğulayıb.

Tramp 2020-ci il prezident seçkisinin nəticəsini qəbul etməyərək tərəfdarlarını onu müdafiə etməyə çağırmışdı. 2021-ci il yanvarın 6-da Konqres seçkinin nəticələrinə baxan zaman Kapitoliyə basqın edilib, nəticədə beş nəfər həlak olub. Bir neçə gün öncə isə Nensi Pelosini qaçırmağa çalışan bir kişi onun həyat yoldaşı Pol Pelosiyə onların San Fransiskodakı evində ciddi xəsarət yetirib.

Seçki günü öncəsi qorxutma və qısnama fonunda hazırda seçki işçiləri işə gedib-getməməyi sual edirlər. Erkən səsvermə başladığı bir vaxtda azı beş nəfərə işçilərin qısnanması ilə bağlı ittihamlar irəli sürülüb.

“AP” Arizonada seçki qutularını bəzən silahlı, yaxud ballistik jilet geyinmiş adamların göz qoyması haqda xəbərlər gəldiyini, bunun seçicilərin qorxudulması sarıdan narahatlıq yaratdığını yazır. Ölkə boyunca seçki rəsmiləri səsvermə məntəqələrində mümkün qarşıdurmalara hazırlaşırlar.

Bəzi respublikaçılar Baydeni tənqid edib. Palatada azlığın lideri, respublikaçılar qalib gələcəyi halda spiker olacaq Kevin Makkarti tvitində yazıb ki, “Prezident Bayden Amerikanın birləşməyə ehtiyacı olduğu bir vaxtda bölücülüyə çalışır, diqqəti yayındırır. Çünki o, yaşam xərclərini artırmış öz siyasəti haqda danışa bilməz. Amerika xalqı buna inanmır”.

ABŞ-da Konqresə aralıq seçki noyabrın 8-də başa çatır. Artıq 27 milyondan çox amerikalının səs verdiyi bildirilir.

“AP” bir çox amerikalının ölkədə demokratiyanın vəziyyətinə bədbin yanaşdığını yazır. Oktyabrda Associated Press-NORC İctimai İşlər üzrə Tədqiqat Mərkəzinin apardığı sorğuya görə, yetkin yaşlıların 9 faizi demokratiyanın həddən artıq, yaxud çox yaxşı işlədiyini, 52 faizi isə yaxşı işləmədiyini deyib. 

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol