Menu

Ölkəni bir-birinə qatan “avtoş”un atasından daha bir açıqlama

13.11.2014, 10:45
Ölkəni bir-birinə qatan “avtoş”un atasından daha bir açıqlama

Ramiz Hüseynov: “Rauf Hafiz Məmmədovun yox, mənim oğlumdur”; 90 MP 090 nömrəsinə BDYP-dən də açıqlama gəldi

“Avtoş”luq foto və videosu yayılan Rauf adlı gənclə bağlı ötən sayımızda material dərc etmişdik. Həmin məlumatda bu nömrəli maşının sabinin iş adamı Hafiz Məmmədovun oğlu olduğu göstərilib. Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev 90 MP 090 nömrə nişanı ilə bağlı müəmmaya aydınlıq gətirib.

K.Əliyev musavat.com saytına deyib: “Həqiqətən də həmin maşın Hüseynov Ramizin oğlu Raufun olub. Həmin uşaq 4-5 ay əvvəl əsgərliyə gedəndə maşını satıblar. Az 90 MP 090 nömrə nişanı da DYP-yə təhvil verilib. Faktiki olaraq bu gün həmin nömrə heç bir maşının üstündə deyil. Maşın uçotdan çıxarılıb və nömrə təhvil verilib. Ona görə də yollardakı YPX maşınlarındakı bort-kompüterlərdə 90 MP 090 nömrəsini vuranda belə bir nömrənin qeydiyyatda olmadığı məlum olur. Belə də olmalıdır. Çünki nömrə hazırda heç bir maşının üstündə deyil”.

K.Əliyev eyni nömrə nişanın bir neçə maşının üstündə olması məsələsinə də aydınlıq gətirdi: “Nömrə qanuni şəkildə bir maşının üstündən digərinin üstünə bağlanıb. Maşını satanda nömrəni yeni aldığı maşının üstünə keçirib”.

K.Əliyev deyib ki, həmin fotolar sosial şəbəkələrdə yayılandan sonra məsələ ilə bağlı araşdırma aparıblar: “Qanunsuzluq qeydə alınmayıb”.

Adı “avtoş”luqda hallanan Rauf adlı gəncin atası Ramiz Hüseynov da redaksiyamızla əlaqə saxlayıb. Deyib ki, sosial şəbəkələrdə fotoları yayılan gənc onun oğludur: “Mən Hafiz Məmmədovla üz-üzə gəlsəm, onu tanımaram. Qəzetdə isə yazılır ki, guya Rauf onun oğludur. Rauf mənim oğlumdur və 5 ay əvvəl hərbi xidmətə gedib. Onun etdiyi hərəkətə görə mən xalqdan üzr istəmişəm. Bu məsələyə qayıdılması bir ata kimi mənə xoş deyil”.

R.Hüseynov onun hüquq-mühafizə orqanlarında çalışması ilə bağlı məlumatların doğru olmadığını bildirib: “Vaxtilə “Baksovet” sistemində işləmişəm. Sonradan bizneslə məşğul olmuşam”.

R.Hüseynov övladının belə bir səhvə yol verdiyi üçün təəssüf hissi keçirdiyini vurğulayıb.

Yada salaq ki, məlum foto və videolarda maşınlara eyni nömrə nişanının – Az 90 MP 090 bağlandığı diqqəti çəkmişdi. Dövlət Yol Polisi İdarəsindən isə bildirmişdilər ki, belə bir nömrə nişanı ümumiyyətlə qeydiyyatda deyil. Bu isə nömrənin saxta olduğunu deməyə əsas vermişdi.

Xatırladaq ki, bir müddət əvvəl Bakının Mərdəkan qəsəbəsində bahalı maşını ilə avtoşluq edərək gündəmə gələn Rauf adlı gənclə bağlı yeni məlumat yayılmışdı. Məlumatda iddia olunurdu ki, həmin şəxs əslində “Hafka” kimi tanınan neft maqnatı Hafiz Məmmədovun oğludur. Sadəcə, bu detalın gizlədilməsi üçün Ramiz Hüseynov adlı şəxsin adından açıqlama yayılıb. Bu həmin gəncdir ki, Az 90 MP 090 nömrə nişanını bir neçə bahalı avtomobilin üstünə vurub və bahalı maşınlarını qarşısında yarıçılpaq xanımların fotolarını çəkməklə sosial şəbəkələrdə yaymışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol