Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir.
APA-nın xəbərinə görə, seçki məntəqələri yerli vaxtla saat 07.00-da açılıb, saat 20.00-da bağlanacaq.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də artıq paytaxtda Məktəblilər Sarayında yerləşən seçki məntəqəsində səs verib.
Qazaxıstan Mərkəzi Seçki Komissiyası yerli vaxtla saat 10.00-a seçici fəallığının 23,37 faiz olduğunu açıqlayıb.
Qeyd edək ki, hazırkı dövlət başçısı Kasım-Jomart Tokayev də daxil olmaqla, prezident kürsüsü uğrunda 6 namizəd mübarizə aparır.
Qazaxıstanlılar altı namizəd arasından seçim etməli olacaqlar: hazırkı prezident Qasım-Jomart Tokayevlə (namizədliyi ictimai-siyasi qüvvələrin xalq koalisiyası tərəfindən irəli sürülüb), Nurlan Auesbaev (müxalif Milli Sosial Demokrat Partiyasından (OSDP) namizəd), Meyram Kajıken (Qazaxıstanın "Amanat" Həmkarlar İttifaqları Birliyi), Jiquli Dayrabayev ("Aul" Xalq Demokratik Vətənpərvər Partiyasından), Karakat Abden (Sosial İşçilər Alyansından), Saltanat Tursınbekov ("Kazak anaları - desturqe jol" İctimai Birliyindən) arasından.
Yenilənmiş Konstitusiyaya əsasən, ölkə prezidenti Qazaxıstanın vətəndaşları tərəfindən ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir. Bu halda qalib yalnız bir dəfə seçilə bilər.
Seçki qanunvericiliyində seçkilərin baş tutmuş hesab edilib-edilməməsinin göstəricisi kimi seçicilərin səsvermədə iştirakının faiz-kəmiyyət minimumu nəzərdə tutulmur. 2019-cu ildə keçirilən əvvəlki prezident seçkilərində seçici fəallığı 77,4 faiz olub.
Səsvermədə iştirak etmiş seçicilərin 50 faizindən çoxunun səsini toplayan namizəd seçilmiş dövlət başçısı sayılır. Namizədlərdən heç biri lazımi sayda səs toplamasa, ən çox səs toplamış iki namizədin iştirak edəcəyi ikinci səsvermə keçirilir.
Seçkilərdə xarici dövlətlərdən və beynəlxalq təşkilatlardan 640-dan çox müşahidəçi akkreditə olunub.
Qazaxıstanın əhalisi 19,6 milyon nəfərdən çoxdur. Eyni zamanda 11 milyon 950 min 485 nəfərin səsvermə hüququ var. Mərkəzi Seçki Komissiyası “ehtiyat nəzərə alınmaqla” 12 milyon 69 min 990 bülletenin istehsalına qərar verib.


Şərhlər