“Mənim ədalətə inamım yalnız biz müharibədə qalib gələndən sonra yarandı”.
"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 25-də “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda deyib.
Dövlət başçısı bildirib ki, müxtəlif ölkələrin ərazi bütövlüyünə selektiv yanaşma var: “Biz özümüz ərazi bütövlüyümüzün pozulmasından əziyyət çəkmişik. Ona görə də ərazi bütövlüyü beynəlxalq hüququn başlıca prinsipidir. Sizə deyə bilərəm ki, işğal dövründə biz hər zaman müəyyən mənada, yumşaq desək, məyus olurduq ki, postsovet məkanında münaqişələrə fərqli münasibət var. Gürcüstan və Moldovada münaqişə ilə bağlı, hətta Ukraynadan əvvəl, bu ölkələrin ərazi bütövlüyünə dəstək tamamilə açıq şəkildə ifadə olunurdu. Azərbaycana gəlincə, biz heç vaxt vasitəçilərdən belə açıq yanaşma və ya bəyanat eşitməmişik.
Onların yanaşması belə idi ki, siz razılaşmalısınız. İctimaiyyət qarşısında yanaşma bu idi. Bizim bəzən qapalı danışıqlar zamanı aldığımız mesajlar ondan ibarət idi ki, bu, reallıqdır və hər bir ölkə öz reallığını nəzərə almalıdır.
Biz BMT Təhlükəsizlik Şurasının qətnamələri barədə soruşanda isə heç bir cavab yox idi, ərazi bütövlüyü barədə heç bir cavab yox idi, Helsinki yekun aktı barədə heç bir cavab yox idi. Biz dedik ki, yaxşı, bu, reallıqdırsa, onda biz bu reallığı dəyişəcəyik və biz reallığı dəyişdirmək üçün özümüzü hazırlamağa başladıq. Bu, belə baş verdi”.


Şərhlər